Sevimli müəllimim

1973-cü ilə qədər hazırkı Azərbaycan Dillər Universiteti M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu  adlanırdı. O zaman rus dili də bu institutda  bir fakültə kimi fəaliyyət göstərirdi. 1973-cü ilin birinci yarımilində institut iki ali məktəbə ayrıldı: SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu  və M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (hazırda Bakı Slavyan Universiteti). Mən ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım və elə həmin ilin yayında ali təhsilimi başa vurub Sabirabad rayonuna təyinat aldım. İnstitutun adı dəyişilsə də, diplomumuza əvvəlki adı yazıldı: M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu. O vaxtdan illər keçib, fəqət ali məktəb illərinin xoş və unudulmaz xatirələri heç zaman məni tərk etməyib. Tələbə yoldaşlarım (Rafiq Salahov, Mirzə Cəfərzadə, Nadir Babayev, Dünyamin Yunusov, Kazım Əzimov, Akif Qasımov, Cavanşir Şibliyev, Muxtar Şiriyev, Sabir Həmidov, Azər Mustafayev və b.), müəllimlərim  (professorlar Mirzəağa Quluzadə, Şərif Haqverdiyev, İsmixan Rəhimov, L.Y.Barsuk, Vilayət Əliyev, Zeynal Tağızadə, Fikrət Seyidov, Qəzənfər Paşayev, dosentlər Paşa Əliyev, Minirə Qarayeva,  Leyla Rəhimova, Sima xanım, Xavər xanım və b.) daim anılır.

 

Müəllimlərimin sırasında, pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovun həm bir xeyirxah insan, həm də  istedadlı alim və pedaqoq  kimi xüsusi yeri vardı və sonralar onunla ünsiyyətimiz, əlaqələrimiz, əməkdaşlığımız genişləndi.

 

Professor Bəşir Əhmədov bizə Azərbaycan dilinin  tədrisi metodikasından mühazirələr oxuyurdu. 35-36 yaşlarında dissertasiya müdafiə edib elmlər doktoru alimlik dərəcəsi, professor elmi adı almışdı.

 

B.A.Əhmədov Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Azərbaycan  Respublikasının Təhsil İnstitutu) aspirantı olmuş, AMEA-nın müxbir üzvü, professor Ə.Dəmirçizadənin elmi  rəhbərliyi  ilə “V sinifdə Azərbaycan dili fonetikasının tədrisi” mövzusunda namizədlik (1961), professor Ə.Abdullayevin elmi məsləhətçiliyi ilə  “Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi” mövzusunda  doktorluq dissertasiyalarını (1961)  müdafiə etmişdi.

 

Bizə mühazirə oxuyan professorların əksəriyyəti yaşlı adamlar idilər. Hətta dosentlərin bir çoxu da müəyyən yaş həddinə çatmışdılar. Bəşir müəllim isə onlardan fərqli olaraq cavan və enerjili idi, mühazirələrini bəziləri kimi saralmış vərəqlərdən demir, canlı və son dərəcə maraqlı qururdu. Mühazirənin gedişində tələbələrin diqqətinin yayınmasına, onların yorulmasına imkan vermirdi. Nəzərdən keçirilən mövzuya aid suallarla auditoriyaya müraciət edir, eyni zamanda tələbə oğlan və qızların da sual vermələrinə çalışırdı.

 

Bəşir müəllim auditoriyada mənəvi və psixoloji iqlimin saf və  səmərəli olması üçün, yeri gəldikcə, haşiyə çıxır, zarafatlarından da qalmazdı.  Odur ki, tələbə-müəllim münasibətləri uğurlu qurulurdu, gənclər professorun simasında bir hamini, dostu, həmfikri, yaxın məsləhətçini görür, bəzi müəllimlərdən fərqli olaraq ondan çəkinmirdilər.

 

Bəşir müəllimin imtahanları da qorxusuz-hürküsüz keçir, tələbələr həvəslə imtahanlara hazırlaşır, müstəqillik, yüksək bilik nümayiş etdirirdilər. Təmənnasızlığın, obyektivliyin olması tələbələrin biliklərinin düzgün qiymətləndirilməsinə imkan verirdi. Bəşir Əhmədov tələbələrin, xüsusən mənim sevimli müəllimim idi.

 

Professor Azərbaycan dilinin tədrisi metodikası sahəsində çalışırdı. Namizədlik və doktorluq dissertasiyalarını bu ixtisas üzrə müdafiə etmişdi. Əsərləri, məqalələri Azərbaycan dilinin tədrisi metodikasına aid idi. Lakin Bəşir müəllim ümumi pedaqogika, didaktika, məktəbşünaslıq, məktəb və pedaqoji fikir tarixinə dair də bir çox əsərlərin müəllifi idi. Pedaqogikanın qanunlarına və prinsiplərinə dair kitabı vardı, 1983-cü ildə “Pedaqogikadan mühazirə konspektləri” dərs vəsaitini nəşr etdirmişdi. Pedaqogikanın aktual məsələləri ilə əlaqədar dövri mətbuatda, qəzet və jurnallarda müntəzəm çıxışlar edirdi. Heç də təsadüfi deyildir ki, Bəşir müəllim bir müddət APİ-də (hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində) pedaqogika kafedrasının müdiri vəzifəsində işləmişdi. Sonradan isə, Bakı Slavyan Universitetində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının (ömrünün sonuna kimi) müdiri oldu. 

 

Professor Bəşir Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə dissertasiya şuralarının, Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun, AMEA-nın Terminologiya Komitəsinin, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Şurası Rəyasət Heyətinin, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının  üzvü idi. 

 

O, 33 monoqrafiyanın, dərslik və dərs vəsaitinin,  650-dən artıq elmi məqalənin müəllifi idi. 

 

Bəşir Əhmədovun əsərlərində fonetikanın, eyni zamanda sadə cümlənin tədrisi, Azərbaycan dili təliminin qanunları, prinsip və metodları, rabitəli nitq vərdişlərini inkişaf etdirməyin səmərəli yolları, Azərbaycan dili dərslikləri ilə işləməyə dair metodik göstərişlər, nitq inkişafında ayrı-ayrı fənlərin rolu və s. məsələlər işıqlandırılmışdır.

 

Professorun bəzi əsərlərini (monoqrafiya, dərslik və dərs vəsaitlərini) diqqət mərkəzinə gətirək: “İbtidai məktəbdə ana dilinin tədrisi təcrübəsindən” (T.Kərimov və b. ilə), “Beşinci sinifdə Azərbaycan dili fonetikasının tədrisinə dair”, “Azərbaycan dili”: Rus məktəblərinin 5-ci sinfi üçün dərslik (Y.Əfəndiyevlə), “V-VIII sinif şagirdlərinin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları haqqında”,  “Sadə cümlənin tədrisi prosesində nitq inkişafı üzrə aparılan işlər”,  “Azərbaycan dili tədrisi” I hissə və II hissə (həmmüəlliflərlə), “Ana dili dərslərində şagirdlərin nitqini inkişaf etdirmək yolları (V-VIII siniflər)”, “Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları”, “V sinifdə Azərbaycan dili dərsləri. Dərsliklə işləməyə dair metodik göstərişlər”,  “Azərbaycan dili: Rus məktəblərinin V sinfi üçün dərslik” (A.Abdullayevlə), “Azərbaycan dili. V-VI siniflər üçün dərslik (A.Axundovla), “Pedaqogikanın qanunları və prinsipləri” (A.Hacıyevlə), “Türk dili: VI sinif üçün dərslik” (A.Axundovla), “Türk dili. V sinif üçün dərslik (Ə.Əfəndizadə ilə), “Azərbaycan dilinin qısa etimoloji lüğəti”, “Etimoloji mülahizələr”.

 

“Pedaqogika” dərsliyi sonuncu dəfə 1964-cü ildə professor Mərdan Muradxanovun həmmüəllifliyi və elmi redaktorluğu ilə nəşr olunmuşdu. İllər keçirdi. Lakin yeni “Pedaqogika” dərsliyinə tələbat artırdı. Dərsliyin təkrar nəşri də diqqətdən kənarda qalırdı. Tələbə və müəllimlər dərslik sarıdan çətinlik çəkirdilər. Dərslik dəfələrlə, illərlə istifadədə olduğundan bir çox nüsxələri sıradan çıxmışdı. Az qismi istifadəyə yararlı idi. O zamanlar surətçıxardan avadanlıqlar da yox idi ki, onlardan faydalanmaq mümkün olsun. Həm də onda nəşr işi indiki kimi asan deyildi. Bir neçə nəşriyyat vardı.  Kitablar, dərsliklər yazılandan sonra bir çox distansiyalardan keçirilirdi. Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarədən, Mətbuat Nazirliyindən, Mərkəzi Komitənin mətbuat bölməsindən keçəndən sonra nəşriyyatın planına salınır və hələ bundan sonra illərlə nəşri yubanırdı. Bəzən adamın zəhməti hədərə gedir, yazdığın ortada  qalırdı. Bir çoxları bu çətinlik səbəbindən yaxın gəlmək istəmirdi.

 

Belə bir vaxtda professor Bəşir Əhmədov qələmə sarıldı. Dərsliyin nəşri uzansa da, 1983-cü ildə, bundan əvvəlki dərslikdən təxminən 20 il sonra “Pedaqogikadan mühazirə konspektləri” meydana gəldi və duyulan ehtiyacı ödədi. Sonradan “Pedaqogika” dərslikləri müxtəlif alimlərin müəllifliyi ilə işıq üzü gördü: (Y.R.Talıbov, Ə.Ə.Ağayev, İ.N.İsayev və A.İ.Eminov (1993-cü ildə), N.M.Kazımov və Ə.Ş.Həşimov (1996), A.N.Abbasov və H.Ə.Əlizadə (2000),  N.Kazımov (2002), Ə.X.Paşayev və F.A.Rüstəmov (2002), L.N.Qasımova və R.M.Mahmudova (2003), A.M.Həsənov və Ə.Ə.Ağayev (2007), A.N.Abbasov (2010), F.B.Sadıqov (2009), H.H.Əhmədov (2006), F.N.İbrahimov və R.L.Hüseynzadə (2013), M.A.İsmixanov (2006)).

 

Bəşir müəllim həm pedaqoji, həm də elmi kadrların yetişdirilməsində yorulmadan çalışıb, böyük zəhmət çəkib. İstər Azərbaycan dilinin tədrisi metodikası, istərsə də ümumi pedaqogika sahəsində  onlarla aspirant və dissertanta elmi rəhbərlik edib. Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə neçə-neçə iddiaçının müdafiəsində rəsmi opponent kimi çıxış edib. Bir çox dissertasiya şuralarının üzvü olub.

 

Pedaqoji ictimaiyyət pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovu həmişə görkəmli pedaqoq, istedadlı alim, sözün həqiqi mənasında gözəl, xeyirxah və qayğıkeş  insan kimi yad edir.

 

Mən müxtəlif elmi məclislərdə, müşavirə və konfranslarda, dissertasiya şuralarının iclaslarında professor Bəşir Əhmədovun çıxışlarını dinləmiş və valeh olmuşam. Öz fikri, öz  sözü vardı. Məntiqi və tənqidi təfəkkürü təkmil idi. Tənqiddən inciməz, özü də tənqid etməyi xoşlardı, lakin bunu qərəzli etməzdi. Görəndə ki, sözləri müsahibinin xətrinə dəyib, bəzən zarafata salar, vəziyyətin gərginləşməsinə imkan verməzdi.

 

Bəşir müəllim ilk pedaqoji fəaliyyətə Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri) kəndlərində başlayıb. Əli Bayramlı mənim dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım, orta təhsil aldığım və ali məktəbə qəbul olunana qədər ilk əmək fəaliyyətinə başladığım (“İşıq” qəzeti redaksiyasında) doğma şəhərimdir. Bəşir müəllim Əli Bayramlıda müəllim işləyərkən mən ya rayon mərkəzindəki məktəbdə təhsil alırmışam, yaşım az olub. Yaxud da hələ heç məktəbə getməyirəmmiş. Hansı illərdə burada işlədiyini dəqiq bilmirəm. Sonra o, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda öz fəaliyyətini davam etdirib. Mən də Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi kimi işləyəndən sonra bu instituta gəlib çıxmışam. Kiçik elmi işçi kimi. Bəşir müəllim daha bu institutda işləmirdi. Professor institutumuzun elmi katibi olub, indi mən (onun yetirməsi) institutun elmi katibiyəm.

 

Bəşir müəllim ömrünün son illərində bizim institutda pedaqoji elmlər üzrə fəaliyyət göstərən (2006-2008) dissertasiya şurasının üzvü idi. Şuranın iclaslarında öz sözünü deyər, gənc tədqiqatçılara öz köməyini göstərərdi.

 

Professor Bəşir Əhmədov deyəndə, Səməd Vurğunun aşağıdakı sözləri yadıma düşür: “Ölüm sevinməsin qoy...”. Bəşir müəllim hazırda aramızda olmasa da, yenə hörmət və böyük məhəbbətlə xatırlanır. Bu da təsadüfi deyildir. O, öz xoşniyyətli əməllərinə, pedaqogika elmindəki əhəmiyyətli roluna, xeyirxahlığına görə yaddaşlarda qalıb. Anadan olmasının 90 illiyi ərəfəsində sevimli müəllimimi anır, ona “Allah rəhmət eləsin!” deyirəm.   

 

Akif ABBASOV,

Azərbaycan Respublikası Təhsil  İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

 



06.05.2022 | 17:26