Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin zəngin irsi, ideyaları gənc nəsil tərəfindən dərindən öyrənilir | |
Tarixdə elə şəxsiyyətlər var ki, təkcə adının çəkilməsi ilə bütün ömür yolu, fəaliyyyəti göz önündə canlanır. Və yaşından, peşəsindən asılı olmayaraq hər bir kəs onun haqqında ürək sözlərini demək istəyir, onu xoş xatirələrlə anır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, əbədiyaşar lider Heydər Əliyev də xalqımızın yaddaşında silinməz izlər qoyan belə nadir şəxsiyyətlərdəndir. Bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qorunub saxlanılmasını təmin edən məhz ulu öndər Heydər Əliyev olmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi də məhz IX-XI sinif şagirdlərinin Ulu Öndərə olan hörmət və ehtiramlarını özlərinə məxsus bir tərzdə, ədəbi-bədii dillə ifadə etmələrinə imkan yaradır. Artıq bir ənənəyə çevrilən, miqyasına görə ən böyük tədbirlərdən biri hesab olunan bu müsabiqəyə yeniyetmələrimiz dahi şəxsiyyətlə bağlı hazırladıqları təqdimatlarla qatılırlar.
Mayın 4-də Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin “Fairmont Baku” otelində keçirilən mükafatlandırılma mərasimi bu dəfə də özünün möhtəşəmliyi ilə yaddaqalan oldu.
Mərasimdə öncə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himni səsləndirildi.
“Azərbaycanın gələcəyinin çox etibarlı əllərdə olduğunu görürük”
Tədbirdə iştirak edən Baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti indiki dünyanın ən dinamik gənc dövlətlərindən biri olmaqla yanaşı, eyni zamanda əmin-amanlığın və vətəndaş təhlükəsizliyinin təmin olunduğu azsaylı ölkələrdən biridir. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev gəncləri çox sevirdi və özünün müəyyənləşdirdiyi gənclərlə bağlı siyasətində onların inkişafına, təhsilinə və digər mühüm məsələlərə diqqət və qayğı göstərirdi: “Dahi şəxsiyyət Azərbaycan gəncliyinə hər zaman xüsusi həssaslıqla yanaşıb. Sevindiricidir ki, ölkəmizdə Ulu Öndərin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onların yüksək bilik və bacarıqlara yiyələnməsi ilə bağlı arzu və istəkləri həyata keçir. Onun görmək istədiyi savadlı, istedadlı, ləyaqətli yeniyetmələr, gənclər formalaşır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə Heydər Əliyevin bütün ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın gələcəyinin çox etibarlı əllərdə olduğunu görürük”. Baş nazirin müavini bildirdi ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın 30 il işğal altında olan Qarabağ torpaqlarının azad edilməsi son illərdə yetişən gənclərimizin fədakarlığının və qəhrəmanlığının bilavasitə ifadəsidir.
Artıq bir ənənəyə çevrilən “Ən yaxşı təqdimat” müsabiqəsini yüksək qiymətləndirən Əli Əhmədov müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini dedi.
Baş nazirin müavini müsabiqənin təşkilində əməyi olan bütün təhsil işçilərinə təşəkkürünü bildirərək qalib şagirdlərə uğurlar arzuladı.
Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib
“1970-ci illərdə Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib”. Bununla bağlı bir sıra statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdıran təhsil naziri Emin Əmrullayev məhz Azərbaycanın bir çox yaşayış məntəqələrində, bölgələrimizdə ümumi təhsil müəssisələrinin açılmasında, təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsində Ümummilli Liderin müstəsna rolundan söz açdı. Məlumat üçün bildirdi ki, ötən əsrin 70-ci illərində bu rəqəm 765 olub və 70-ci illərin sonuna qədər 2117-yə çatıb. Hazırda Azərbaycanda 4400 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Azərbaycan təhsilinin və elminin son 50 ildəki istiqamətinin dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayan təhsil naziri bir sıra məqamlara toxundu: “Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövrdə 5 yeni ali təhsil müəssisəsi açılmış, Azərbaycanda ali təhsillilərin sayı 70 mindən 100 minə qədər artmışdır. Və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da bu siyasət davam edərək ali təhsilin əlçatanlığı istiqamətində əsaslı işlər görülmüşdür. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu siyasətin davamı olaraq hazırda Azərbaycanda 200 mindən artıq gənc təhsilin müxtəlif pillələrində təhsil alır”.
Azərbaycan gənclərinin xaricdə təhsil almaq ənənəsinin əsasının da məhz ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə qoyulduğunu söyləyən nazir ötən əsrin 70-ci illərindən başlayaraq bu istiqamətdə mühüm addımların atıldığını qeyd etdi. Bildirildi ki, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilib: “Təhsil alaraq geri dönən azərbaycanlı gənclər milli kadrlar kimi ötən əsrin 70-80-ci illərində ölkəmizin sosial-iqtisadi, elmi-mədəni inkişafını təmin ediblər. Həmin məzunlar Azərbaycan müstəqillik əldə etdikdən sonra elm və təhsil, siyasət, iqtisadiyyat, bütövlükdə cəmiyyətimizin ən müxtəlif sahələrində uğurla çalışaraq ölkəmizin ümumi inkişafına töhfələr veriblər. Dövlət başçısı İlham Əliyev tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi də çoxlu sayda Azərbaycan gəncinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almasına geniş imkanlar yaratdı. Gənclərimiz təhsilin müxtəlif pillələri üzrə dünyanın tanınmış universitetlərində təhsil alıb, geri dönərək ölkəmizin siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edirlər”.
Nazir Emin Əmrullayev Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın da bugünün şagirdləri, sabahın isə tələbəsi olacaq gənclərimiz üçün dünyanın ən yaxşı universitetlərində və proqramlarında təhsil alması baxımından növbəti dəfə gözəl bir fürsət olduğunu qeyd etdi. Nazir Ulu Öndərin təhsilimizə, elmimizə diqqət və qayğısının onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Hazırda Azərbaycanın Qarabağ Zəfərinin ölkə təhsilində, xüsusilə Azərbaycan məktəbləri, təhsil işçiləri, şagirdlər üçün fərqli imkanlar yaratdığını dedi: “Azərbaycan məktəbi bu gün Zəfər çalmış xalqın məktəbidir. Və hər bir müəllimimiz, şagirdimiz, vətəndaşımız bu Zəfərdən qürur duyur. Bu gün Azərbaycan təhsilinin qarşısında çox ümdə məsələlər durur. Hazırda Şuşada, Ağdamda məktəblər tikilir. O cümlədən Cəbrayılda, Suqovuşanda, çox yaxın zaman ərzində Zəngilanda Azərbaycan məktəbləri şagirdlərimizin istifadəsinə veriləcək, orada zəng səsləri eşidiləcək. Və mən əminəm ki, biz həmin məktəblərdə Azərbaycanın gələcəyi üçün faydalı ola biləcək insanların yetişdirilməsinə töhfəmizi verə biləcəyik”.
Çıxışının sonunda təhsil naziri Emin Əmrullayev müsabiqənin qaliblərini təbrik edərək onlara ən xoş arzularını çatdırdı.
Ömrünü xalqına həsr edən əvəzolunmaz şəxsiyyət
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ömrünü, taleyini, bütün varlığını xalqına həsr edən əvəzolunmaz şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolu, misilsiz xidmətləri haqqında danışdı. Qeyd olundu ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada siyasi cəhətdən ən stabil dövlətlərdən biridir, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilib.
Milli Məclisin deputatı Ulu Öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu işin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən də diqqətdə saxlanıldığını dedi.
S.Möhbalıyev müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq təmsil etdiyi qurum tərəfindən onların pulla mükafatlandırılacağını bildirdi.
Şagirdlərin həyatında uğurlu bir başlanğıc
Mərasimdə I yerə layiq görülmüş Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin hazırladığı təqdimat iştirakçılar tərəfindən maraqla qarşılandı.
Musiqili bədii hissə ilə davam edən mərasimdə, nəhayət, gözlənilən an gəlib çatdı. Qaliblər mükafatlandırılmaq üçün səhnəyə dəvət olundu. Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edildi. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olundu.
Müsabiqənin həyəcan və gərginliyini geridə qoyan, qalibiyyət sevincini yaşayan gənclərimiz üçün həmin anlar bəlkə də gələcək həyat yollarının müəyyənləşdirilməsində ən uğurlu bir başlanğıcdır...
Samirə KƏRİMOVA
|
|
06.05.2022 | 09:17 | |
|
|
|