“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin zona mərhələsinə yekun vurulub | |
Məktəblilər arasında keçirilən “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin zona mərhələsinə yekun vurulub.
Festival-müsabiqə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) 11-17 yaş arası istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilib.
Festival-müsabiqənin ilkin mərhələsində rayon (şəhər) təhsil şöbələri (idarələri) tərəfindən yaradılmış münsiflər heyətinin iştirakı ilə cari ilin aprel ayında təhsil müəssisələrindən festival-müsabiqəyə qatılmış şagirdlərin seçimi aparılıb, 1-ci yerlərin qalibləri zona mərhələsində iştirak etmək hüququ qazanıb.
Sumqayıt, Lənkəran, Quba, Salyan, Gəncə, Mingəçevir, Şəki, Füzuli və Bakı zonaları üzrə aprelin 25-də festival-müsabiqənin zona mərhələsi baş tutub. Festival-müsabiqənin zona mərhələsində iştirak edən 1500 məktəblinin çıxışına və işlərinə baxış keçirilib, 400-ə yaxın iştirakçı final mərhələsinə vəsiqə qazanıb.
Zona mərhələsində I yerlərin qalibi olmuş iştirakçılar 6-12 may 2022-ci il tarixlərində nominasiyalar üzrə Bakıda keçiriləcək final mərhələsində iştirak edəcək.
Qeyd edək ki, festival-müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil edilib. Festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Həmçinin, təhsilalanları vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblərin asudə vaxtlarını təmin etmək də məqsədlər sırasındadır.
|
|
05.05.2022 | 16:42 | |
|
|
|