“Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda IV Respublika elmi konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda IV Respublika elmi konfransı keçirilib.

 

Əvvəlcə Naxçıvanın ali təhsil müəssisələri haqqında videoçarx nümayiş olunub.

 

Plenar iclasda institutun rektoru Azad Novruzov qeyd edib ki, doktorantların və gənc tədqiqatçıların IV Respublika elmi konfransı gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək, apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədini daşıyır. Ölkəmizdə gerçəkləşdirilən elm və təhsil islahatlarının mərkəzində elmi əsaslandırmaların dayandığını söyləyən rektor aparılacaq müzakirələrin, məqalə və tezislərin elmimizin inkişafına müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib.

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycanda təhsil sahəsində aparılan uğurlu islahatlar və dövlət qayğısı təhsilin inkişafına xidmət edir. Ali təhsil müəssisələrindəki əlverişli şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında inkişafda olan kadr potensialı dövrün tələblərinə operativ cavab vermək imkanı yaradır.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov onlayn formatda çıxış edib, konfransın ali təhsil müəssisələrində təhsil alan gənc tədqiqatçılar üçün əhəmiyyətli olduğunu vurğulayıb.

 

Müzakirələrdə Gəncə Dövlət Universitetinin dissertantı Çinarə Səfərova “Türkiyənin Qafqazda çoxtərəfli regional əməkdaşlığa baxışı”, Naxçıvan Dövlət Universitetinin magistrantı Təbrizə Bağırova “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə” və Naxçıvan Müəllimlər İnstitutunun magistrantı Eltac Qurbanov “Tədqiqat əsaslı təhsilin pedaqoji-psixoloji məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfrans öz işini 17 bölmə iclasında davam etdirib. Ümumilikdə 20-yə yaxın təhsil və elm müəssisəsindən 227 nəfər doktorant və  magistrantın məruzəsi dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

 

 



29.04.2022 | 19:04