Məktəb iqlimi

XX əsrin ikinci yarısında sosial elmlərin inkişafı idarəçilik və təşkilat sahəsinə müsbət yöndə təsir göstərdi. Bunun nəticəsi olaraq 1950-ci ildə yeni bir termin olan “təşkilat iqlimi” ifadəsi ortaya atıldı. “Təşkilat iqlimi” (Örgüt İklimi və ya Organizational Climate) termini ilk dəfə 1960-cı ildə George Strens tərəfindən bir  elmi tədqiqatda istifadə edildi. Bununla bağlı sonrakı illərdə aparılan akademik araşdırmaların əksəriyyəti təşkilat iqlimi anlayışının daha dəqiq müəyyənləşdirilməsi və ölçülməsi istiqamətində oldu. Zaman keçdikcə bu termin sosial elmlər sahəsi üzrə  ən zəngin tarixə sahib olan anlayışa çevrildi.

 

İqlim anlayışının istifadə edilməsinə səbəb iqlimin təşkilatın şəxsə və onun şəxsiyyətinə təsirini görməyə imkan verməsidir. “İqlim” sözü yunan mənşəli olub, sadəcə “istilik” və “təzyiq” mənasını daşımır, eyni zamanda psixoloji anlamı da vardır. Buna görədir ki, təşkilat iqlimi bir müəssisənin ortaq psixoloji güclərinin inikasıdır. Bir müəssisənin iqlimindən bəhs olunarkən “mühit”, “atmosfer” və “ab-hava” kimi sözlərdən istifadə edildiyini müşahidə edirik. Bu sözlərin hər birinə fərqli mənalar verildiyindən iqlim terminini sözügedən anlayışlardan ayırmaq çətinləşir. Ancaq R.Tagiuri fərd və cəmiyyət davranışlarını təsvir etmək üçün iqlim termininin istifadə olunmasının daha doğru olacağı fikrini müdafiə edib. R.Sterns, iqlimin insanların şəxsiyyəti kimi təşkilata xas bir özəllik olduğu analogiyasını etmişdir. Təsadüfi deyildir ki, insan kapitalı ilə bağlı dünya iqtisadçılarının lideri olaraq bilinən G.Backer 1963-cü ildə təşkilat iqliminə dair araşdırma aparmaq ehtiyacı duyub. Backer tədqiqatın yekununda maraqlı bir faktla üzləşir.

 

Şagird sayı az olan təhsil müəssisələrinin məktəb iqlimi daha səmimi olduğundan təhsilalanlar daha məsuliyyətli olmağa cəhd edir, bu da özü-özlüyündə şagirdlərin məktəb həyatında daha fəal olmasına gətirib çıxarır. Şagird sayı çox olan məktəblərdə isə bunun əksi müşahidə edilir.

 

Təşkilat iqlimi müəssisədə yaradılan bir mühitə qarşı paydaşların (stakeholder) rəftar və davranışlarının əks olunmasıdır. Bu anlayış zamanla təhsil müəssisələri içərisində “məktəb iqlimi” kimi adlandırılmağa başlanılib. Bir məktəbin iqlimi o məktəbi digərlərindən ayıran xüsusiyyətlərin məcmusudur. Məktəb iqlimi o təhsil müəssisəsində yaradılan mühitin məktəb kollektivi, şagirdlər və valideynlər tərəfindən necə qavranıldığını əks etdirir. Qısası,  məktəb iqlimi məktəbdə hiss edilən psixoloji atmosfer olaraq qəbul edilə bilər.

 

Aparılan tədqiqatlar məktəb iqliminin ölçülməsinin və yönləndirilməsinin çox çətin olduğunu göstərir. Bu sahədə aparılan beynəlxalq akademik araşdırmalar göstərir ki, məktəb iqlimi təhsil hədəflərinin reallaşdırılması baxımından vacib bir faktordur. Müəssisənin məqsədi, quruluşu, vəzifələri, onun rəhbərliyi, işci heyəti və maddi-texniki bazası həmin müəssisənin iqlimini təşkil edən əsas amillərdir. Məktəb iqlimi cəmiyyətin məktəbdən gözləntilərini layiqincə və müvəffəqiyyətlə yerinə yetirməsində təsiredici amildir.

 

Qeyd edək ki, məktəb iqlimi açıq və qapalı olmaqla iki növə ayrılır. Məktəb iqliminin bu iki növü haqqında ilk dəfə Amerikada Halpin və Croft tərəfindən aparılan bir araşdırmanın nəticəsində bəhs edilib. Halpin və Croft tərəfindən tərtib etdilən Təşkilat İqliminin Təsviri (Organizational Climate Description Questionnaire-OCDQ) adlı sorğunu tədqiqatçılar zamanla daha da təkmilləşdirərək, məktəbin iqlimini daha dəqiq müəyyən etməyə çalışıblar.

 

Açıq məktəb iqlimi, bir başqa sözlə desək, müsbət məktəb iqlimi olan məktəblərdə direktor və müəllimlər arasında həqiqi, açıq və dəstəkləyici münasibət vardır. Burada müəllimlər məktəb rəhbərliyini dəstəkləyər və etibar edərlər. Açıq məktəb iqlimi olan məktəblərdə şagird və müəllim arasında münasibət müsbət yönümlüdür. Qısası, məktəbin bütün tərəfdarları bir-birinə hörmət edərlər.

 

Qapalı məktəb iqlimində isə tam tərsi müşahidə olunmaqdadır. Bu növ məktəblərdə məktəb  rəhbərliyi laqeyddir, təzyiq göstərir, avtoritar davranışlar nümayiş etdirir və effektli idarəçilik edə bilmir. Bu isə müəllimlərdə motivasiyanın aşağı düşməsinə, rəhbərliyə inamın sarsılmasına, məyusluğa, məktəb fəaliyyətlərində iştirakın və çalışma arzusunun azalmasına səbəb olur. Qapalı iqlimə sahib məktəblərdə şagirdlər arasında davamiyyətsizlik hallarının artması halı müşahidə olunur. Bu iqlimə sahib məktəblərdə şagirdlərin akademik nailiyyətlərinin keyfiyyətcə azalması, şiddət hallarının isə artması qaçılmazdır. Bir məktəbin uzun müddət qapalı bir iqlimə sahib olması təhsilalanların məktəbdən çıxmasına, ya da məktəbi bitirdikdən sonra təhsilini dayandırmasına səbəb ola bilər.

 

Məktəbə təsirlərinin böyük olduğu iddia edilən məktəb iqlimi haqqında 1986-cı ildə Fraser tərəfindən Amerikada bir təqqiqat aparılır. Bu tədqiqatın nəticəsində məktəb iqliminin məktəb və şagirdin nailiyyətində müsbət rol oynadığı qeydə alınır. Başqa bir araşdırmada isə məktəb iqliminin şagirdin akademik nailiyyəti üzərində orta səviyyədə müsbət təsirə malik olduğu müəyyənləşdirilib.

 

Dünyada qeyri-adi təhsil sisteminə sahib olan Finlandiyada, məktəbdə vacib qərar verilərkən məktəb rəhbərliyinin, şagirdlərin və onların valideynlərinin fikirləri də soruşulur. Son qərar isə səsvermə yolu ilə ədalətli aparılır. Bu sistemdə məktəb, valideyn və təhsilalan arasında əlaqə möhkəmlənir və güvənilir olur. Bunun nəticəsidir ki, Finlandiya beynəlxalq qiymətləndirmələrdə yüksək nailiyyətlər əldə edir. Çünki bir məktəbin rəhbərliyi, valideyn və təhsilalan arasındakı münasibətin necə olduğu o məktəbin iqliminin necə olacağına işarədir.

 

Bildiyimiz kimi, uğur varsa, uğursuzluq da vardır. Akademik yöndən uğursuz olan şagirdlərdə məktəbi tərketmə, özünə olan inamın itməsi və motivasiyanın aşağı düşməsi kimi hallar müşahidə olunmaqdadır. Bu şagirdlər yeniyetmələrdirsə, onda daha ciddi problemlər ortaya çıxa bilər. Məktəb iqliminə ən çox təsir edib yön verən şagirdlərin yeniyetmələr olduğunu göz önünə aldıqda, akademik baxımdan uğursuzluqla rastlaşan bu uşaqların məktəb iqliminə mənfi təsir göstərə biləcəyi gözləniləndir. Çünki məktəb iqlimi şagirdin nailiyyətinə təsir etdiyi kimi, digər tərəfdən şagird nailiyyəti ilə məktəb iqliminə təsir edir. Bu iki fakt bir-biri ilə qarşılıqlı əlaqəlidir.

 

Məktəb iqlimi son illərdə dünya gündəmində olan “təhlükəsiz məktəb” anlayışının xüsusiyyətlərinin sıralamasında başda gəlməkdədir. Buna səbəb məktəblərdəki iqlim paydaşların davranışlarına birbaşa yön verməkdədir. Məktəblər şagirdlər üçün təhlükəsiz bir mühit yaratmaqdan məsuldur, çünki gününün əksər hissəsini orada keçirən şagirdlər üzərində məktəbin təsiri danılmazdır.

 

Samuel MAHMUDLI

 



17.08.2018 | 12:53