“Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb | |
Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb.
BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif universitet, akademiya, eləcə də elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək və bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri digərləri ilə paylaşmaq, eyni zamanda, ortaq problemlərin həlli yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.
Rektor ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə yüzlərlə təhsil müəssisələri və gənclər mərkəzlərinin açıldığını, 15 mindən artıq gənc azərbaycanlıya sovet məkanının nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanlarının yaradıldığını bildirib.
Ulu Öndərin həmişə gənclərə xüsusi diqqət göstərdiyini nəzərə çatdıran rektor ölkə Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla icra olunduğunu deyən H.Məmmədov Prezidentin 2022-ci il 28 fevral tarixli müvafiq Sərəncamı ilə növbəti “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq olunduğunu bildirib. Rektor proqram çərçivəsində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının təmin ediləcəyini söyləyib.
Konfransda aktual problemlərlə bağlı məruzələrin dinləniləcəyini bildirən rektor gənc alimlərin gələcəkdə Azərbaycan elminin, təhsilinin, sənayesinin inkişaf etməsinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
DGKA-nın rəisi Qulu Novruzov konfransın iki universitet arasında əməkdaşlıq üçün başlanğıc platforma olacağına inamını ifadə edib. Təlim-tədris prosesində DGKA-nın ən yaxından əməkdaşlıq etdiyi universitetin BMU olduğunu vurğulayan Qulu Novruzov bu tərəfdaşlığın səmərəli tərəflərini nəzərə çatdırıb.
Akademiyanın rəisi gənc tədqiqatçılara həsr edilən konfransın mahiyyət etibarilə digər konfranslardan fərqli olduğunu, daha kütləvi elm sahələrini əhatə etdiyini deyib.
Millət vəkili, Azərbaycan Dillər Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova ulu öndər Heydər Əliyevin gənclərə, təhsilə verdiyi diqqət və qayğıdan bəhs edib.
Ulu Öndərin bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını bildirən T.Cəfərova bu sahələrin inkişafında dahi şəxsiyyətin misilsiz xidmətlərini vurğulayıb. Millət vəkili
Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin əməkdaşı, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov “Qarabağın tarixi irsinin tədqiqi və bərpasında milli-mənəvi dəyərlərin əhəmiyyəti”, BMU-nun Fizika kafedrasının dosenti Ülkər Abdurəhmanova “AIII BIII C2VI tip üçqat birləşmələrin bəzi nümayəndələrinin xüsusiyyətləri”, DGKA-nın Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev “Post pandemiya dövründə rəqəmsal iqtisadiyyatın formalaşması” (The formulation of digital economy in post-pandemic situation) mövzularında məruzə ilə çıxış ediblər.
BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov konfransın əhəmiyyətinə toxunub, tədbirin DGKA ilə birgə əməkdaşlıq şəraitində keçirildiyini bildirib. Konfransın əsas istiqamətlərinin mühəndislik, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləri olduğunu vurğulayan prorektor yekunda nəşrlərin konfransın saytına (http://yric.az/) elektron qaydada yerləşdiriləcəyini fikirlərinə əlavə edib.
Sonra plenar iclasda çıxış edənlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ikigünlük konfrans öz işini ayrı-ayrı seksiyalarda hibrid formada davam etdirir. Konfransa Türkiyənin Kafkas və İstanbul universitetləri, Macarıstanın Pecs Universiteti, Rusiyanın Qaqarin adına Saratov Dövlət Texniki Universiteti onlayn formada qatılıb.
|
|
29.04.2022 | 17:18 | |
|
|
|