Hədəflərdən reallığa | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri ilə işin təşkili istiqamətlərindən biri inkişafyönümlü layihə və müsabiqələrin həyata keçirilməsidir. Layihə və müsabiqələr təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, məktəb-valideyn-müəllim əməkdaşlığının inkişaf etdirilməsi, şagirdlərin təlimə marağının artırılması, fənlər və müxtəlif sahələr üzrə bilik, bacarıq və qabiliyyətlərinin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, idarəetmədə şəffaflıq və keyfiyyətin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir, təhsilsiz inkişaf ola bilməz. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, təhsil sahəsində parlaq uğurlara imza atılır, mühüm islahatlar və layihələr həyata keçirilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər uğurla reallaşdırılır. Bu istiqamətdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər və layihələr xüsusi olaraq qeyd edilməlidir. İdarənin inkişaf layihələri sektorunun müdiri Günay Qurbanovanın sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən illərdə olduğu kimi, cari tədris ilində də bir sıra inkişafyönümlü layihələrin həyata keçirilməsinə nail olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihələr və inkişafyönümlü pilot proqramlarda təhsil işçiləri, məktəblilər və valideynlər böyük həvəslə iştirak edirlər. Maraqla qarşılanan layihələrdə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır: “Həyata keçirilən layihələrin məktəblilərin gələcək nailiyyətlərinə müsbət təsir göstərəcəyinə inanırıq. Layihələr şagirdlərin istedadlarının üzə çıxarılmasına, nailiyyətlərinin yüksəldilməsinə, asudə vaxtlarının düzgün təşkilinə, həmçinin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına, valideynlərin məktəbin idarəolunmasında iştirakına, məktəb rəhbərliyinin idarəçilik baxımından istiqamətləndirilməsinə xidmət edir”.
“Heydər Əliyev irsinin öyrənilməsi”
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər böyük maraq doğurub.Dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.
“Hər kitab bir xəzinədir”
Sektor müdiri bildirib ki, uşaqların müasir dünyagörüşə yiyələnməsi, özünüifadə bacarıqlarına sahib olması və xəyal gücünün inkişafında mütaliənin müstəsna əhəmiyyətinin olduğu danılmazdır: “Məktəblilərlə bərabər müəllim və valideynlərin də əhatə olunduğu mütaliəyə çağırış layihəsinin uşaqlara daha təsirli olacağını ehtimal edərək fərqli təşəbbüs irəli sürdük. Bu baxımdan “Hər kitab bir xəzinədir” adlı sosial layihə məktəblilər, müəllimlər və valideynlər arasında xüsusi maraqla qarşılandı. Layihədə məktəblilər, valideynlər və pedaqoji işçilər iştirak etdilər. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşdılar. Nəticələr gözlədiyimizdən də uğurlu oldu”.
“Onlayn kitab klubu”
Günay Qurbanovanın dediyinə görə, şagirdlərin düzgün, şüurlu və ifadəli oxu vərdişlərinə yiyələnməsi vacib məsələlərdəndir. Mütaliə yalnız əsərin oxunması ilə yekunlaşmır, eyni zamanda, oxunan hadisələri dərk etmək, onlardan düzgün nəticə çıxarmaq, şifahi nitq bacarıqlarına yiyələnmək vacib tələblərdən hesab olunur. Bu baxımdan İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən “Onlayn kitab klubu” adlı sosial layihəmiz də diqqət cəlb edib.
“Bahar çələngi”
Milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini şagirdlərin nəzərinə çatdırmaq BŞTİ-nin diqqətində olan əsas məsələlərdəndir. Təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə “Bahar çələngi” adlı layihə keçirilib.Tədbirlərdə şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, çərşənbələrin mahiyyəti, Novruz atributları haqqında geniş məlumatlar verilib. Məktəb kitabxanalarında “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər təşkil olunub, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr (əsərlər) əsasında tamaşalar hazırlanıb. “Bahar çələngi” adlı Novruz guşələri və divar qəzetləri hazırlanıb, məktəblərin həyətlərində yeni yaşıllıqlar salınıb.
“Mənim gündəliyim”
Sektor müdiri qeyd edib ki, “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi də şagirdlər arasında böyük marağa səbəb olub. Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayırlar. İki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edirlər.
“Ən yaxşı təqdimat”
Günay Qurbanova qeyd edir ki, gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin əməyi və misilsiz xidmətləri danılmazdır. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə şagirdlərə ətraflı məlumatlar verilir. Həmçinin Təhsil Nazirliyi tərəfindən ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilir. “Ən yaxşı təqdimat” müsabiqəsinin BŞTİ tərəfindən təşkil olunan şəhər mərhələsi başa çatıb. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin şəhər mərhələsində iştirakçılar təqdim olunmuş mövzulardan biri əsasında videotəqdimatla çıxış ediblər. İştirakçıların çıxışı hər meyar üzrə maksimum 5 bal olmaqla, ümumilikdə 25 balla qiymətləndirilib. İki mərhələdən ibarət “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi aprel ayında Bakı şəhərində keçirilib. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdən ibarətdir.
“Açıq dərs”lər
Müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı ümumi təhsil müəssisələrində “Açıq dərs”lər təşkil edilib.Tədbirlərdə gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, həyat bilgisi fənnini tədris edən müəllimlər, valideynlər qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə əyani vəsaitlər və videoçarxlar vasitəsilə məlumatlandırılıblar.
“Yaradıcı müəllim”
Müsabiqələr təkcə şagirdlər üçün yox, həm də müəllimlər üçün təşkil olunur. Belə müsabiqələrdən biri “Yaradıcı müəllim” təqdimat müsabiqəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, təhsilverənlərin nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir. Müsabiqə qaliblərinə BŞTİ tərəfindən diplom və hədiyyələr verilib.
“Kiçik Akademiya”lar
Sektor müdiri vurğulayıb ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrindəki “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir.”Kiçik Akademiyalar”ın fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdən hesab edilir. Belə ki, orta məktəblərdə fəaliyyət göstərən “Kiçik Akademiya”lar bütün mövcud imkanlardan istifadə edərək şagirdləri yüksək səviyyədə maariflənməyə çağırır. Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”nın fəaliyyət göstərməsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması baxımından önəmli rol oynayır. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və “Kiçik Akademiya”nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri var. Eyni zamanda, “Kiçik Akademiya” üzvü olan şagirdlər seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini artırır, ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə nümunə göstərirlər. BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya” fəaliyyət göstərir. “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik Akademiya”ların yaradılması nəzərdə tutulur.
“Aşıq Ələsgər və Azərbaycan folkloru”
Tədris prosesində və dərsdənkənar vaxtlarda Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, o cümlədən, qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri, Vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş şəxslər haqqında şagirdlərin məlumatlandırılması və onların anım günlərinin keçirilməsi prioritet məsələlərdəndir. Bütün bunlara uyğun olaraq, paytaxtdakı ümumi təhsil müəssisələrində müvafiq tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edirik. Bu baxımdan “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək vermək məqsədilə təşkil olunub. İki mərhələdən ibarət müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri iştirak edib. Qaliblər BŞTİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılıb.
“Düşünən oxucu”
Şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunu təbliğ etmək artıq ənənəyə çevrilib. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən “Düşünən oxucu” müsabiqəsi təşkil edilib. Müsabiqə təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilib. Müsabiqənin BŞTİ tərəfindən keçirilən şəhər mərhələsində paytaxt məktəblərinin 362 nəfər V-IX sinif şagirdi iştirak edib.
12 şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Bakı şəhəri 202, 285 nömrəli tam orta məktəblərin və Məktəb-Lisey Kompleksinin şagirdləri respublika mərhələsinin qalibi olub.
Yaşıl layihə: “Təbiəti qoruyanlar”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən keçirilən yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihə təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə təşkil olunur. Layihədə ümumi təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak edir. Layihə çərçivəsində ümumi təhsil məktəblərində mövzu ilə əlaqədar maarifləndirmə görüşləri, müzakirələr, “açıq dərs”lər, seminar və “dəyirmi masa”lar, intellektual müsabiqə, debat və yarışlar təşkil olunur. Məktəblərdə ekoloji plakatlar, mövzu ilə əlaqədar videoçarxlar, həmçinin “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar hazırlanır. Məktəblilər aidiyyəti yerlərə təşkil olunan ekskursiyalarda iştirak edirlər. Ümumi təhsil məktəblərində “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı da təşkil olunur. Şagirdlər bitki, meyvə toxumları, məişət tullantılarından müxtəlif əl işləri hazırlayaraq təqdimat edirlər. Tədqiqatçı şagirdlər tərəfindən bilik və bacarıqlarına uyğun olaraq ətraf mühitin və ekologiyanın mühafizəsi istiqamətində kiçik ölçülü layihələr hazırlanır və həmin layihələrin həyata keçirilməsinə müvafiq dəstək göstərilir. Layihədə eyni zamanda məktəb həyətinin təhsilalanlar tərəfindən yaşıllaşdırılması, “Məktəbli bostanı”nın və “Yaşıl siniflərin”, ekoloji guşələrin yaradılması da nəzərdə tutulur. Məktəbdə ixtisaslı kadrların iştirakı ilə şagirdlər üçün ekoloji kurslar da təşkil ediləcək. Ümumilikdə layihə 2022-ci ilin dekabr ayına qədər davam edəcək. Layihənin sonunda ümumi təhsil məktəbində hesabat xarakterli ekoloji konfranslar keçiriləcək.
“Zəfər tarixi”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən ümumi təhsil müəssisələrində müəllim və şagirdlərin iştirakı ilə 2022-ci ilin aprel-noyabr aylarında “Zəfər tarixi” konfransları keçiriləcək. Konfransların keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir. Konfranslarda Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qazanılmış zəfərlə torpaqlarımızın azad edilməsi və Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılacaq. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılacaq.
“Ailəm və məktəbim”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmrinə əsasən “Ailəm və məktəbim” layihəsi təşkil edilir. Layihənin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir. Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarların, “Hər şey övladımız üçün” başlığı altında tədbirlərin təşkili nəzərdə tutulur. Eyni zamanda “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi, valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüş və sorğuların keçirilməsi planlaşdırılır.Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri təşkil ediləcək. Bundan əlavə, layihə çərçivəsində məktəb - ailə əməkdaşlığında fərqlənən ümumi təhsil müəssisələri və valideynlərin təltif olunması da nəzərdə tutulur.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tətbiq olunan STEAM, “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus” və digər bu kimi layihələrin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində həyata keçirilməsi təhsildə rəqəmsal çevrilmənin tətbiqi, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı, innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsi və kommunikativ bacarıqların artırılması, daha səmərəli tədris mühitinin yaradılması, təhsildə keyfiyyətin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Məktəblilərin dövrün tələblərinə uyğun formalaşması, milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, maddi-mənəvi sərvətlərimiz haqqında şagirdlərin məlumatlandırılması, Qarabağın tarixi, qəhrəman şəhidlərimizin, Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması ilə əlaqədar məlumatların yeniyetmə və gənclərə çatdırılması məqsədilə də müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçımız İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilən “Şuşa İli” ilə bağlı müxtəlif tədbirlər və müsabiqələr təşkil olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2022-ci ilin sonunadək istedadlı uşaqlarla işin təşkili, şagirdlərdə mütaliə vərdişlərinin, oxu və yazı bacarıqlarının inkişafı, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, elm sahələrinə marağının artırılması, intellektual səviyyəsinin yüksəldilməsi, tədqiqatçılıq bacarığının formalaşdırılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Samirə KƏRİMOVA
|
|
29.04.2022 | 10:21 | |
|
|
|