Peşə təhsili müəssisələrinə qəbulda fəallıq

2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Artıq 10 gündür davam edən sənəd qəbulunda 7200-dən çox vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.

Qeyd edək ki, qəbul prosesində böyük fəallıq müşahidə olunur. Qeydiyyatdan keçənlər arasında ən çox aşpaz, veb-dizayner, kompüter operatoru, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi, qaynaqçı və digər ixtisaslarına üstünlük verilib.

Sənəd qəbulu avqustun 26-dək davam edəcək.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

 

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində aparılır.

 

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil  müəssisələrinə müraciət edə bilərlər.

 

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

 

 

 

 



16.08.2018 | 16:42