“Miqrasiya problemlərinə yeni baxış: COVID-19 pandemiyasından əvvəl və sonra”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda  “Miqrasiya problemlərinə yeni baxış: COVID-19 pandemiyasından əvvəl və sonra” adlı konfrans-seminar keçirilib.

 

Tədbir Coğrafiya İnstitutunun Avropanın 10 universiteti və tədqiqat institutu ilə birgə icra etdiyi, Horizon Avropa Proqramı çərçivəsində maliyyələşən “Miqrant agentliyi üçün tarixlərin və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı qalib layihə üzrə praktik fəaliyyətlərin tərkib hissəsi olaraq keçirilib. Tədbirdə institutun əməkdaşları və digər qurumlardan dəvət olunmuş qonaqlar, o cümlədən miqrasiya sahəsində maraqlı qurumların nümayəndələri, QHT təmsilçiləri, alim və mütəxəssislər, müxtəlif universitetlərin akademik heyəti iştirak edib.

 

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov miqrasiyanın qlobal miqyasda ən aktual məsələlərdən biri olduğunu qeyd edib, ayrı-ayrı dövrlərdə dünyanın müxtəlif regionlarında və Azərbaycanda miqrasiyanı doğuran sosial-siyasi, iqtisadi, ekoloji amillərin rolundan danışıb.

 

AMEA Rəyasət Heyəti Aparatı Elmi-təşkilat idarəsinin rəisi, fizika elmləri üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov miqrasiya proseslərinin həqiqətən də Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, haqqında danışılan qalib layihənin sadəcə elmi uğur olmadığını, həmin layihənin icrasının Avropanın elmi məkanına inteqrasiya baxımından önəmli praktiki fəaliyyət olduğunu diqqətə çatdırıb. R.Rüstəmov layihənin tərkib hissəsi olan rəqəmsal texnologiyalardan istifadə məsələsini, bu sahədəki imkanları və üstünlükləri xüsusilə vurğulayıb.

 

İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov bildirib ki, “Horizon-2020” Proqramı çərçivəsində tədqiqat və innovasiya tipli layihə qazanmış Coğrafiya İnstitutu bundan sonra da qitə miqyaslı layihələrə cəlbolunma istiqamətində fəaliyyətini davam etdirəcək. R.Kərimov “Beynəlxalq miqrasiya: meyillər, təsirlər, pandemiya amili” adlı geniş məruzə ilə çıxış edərək  2021-ci ildə miqrasiya ilə bağlı ölkədə apardığı sosioloji sorğunun əsas nəticələri barədə seminar iştirakçılarına məlumat verib. 

 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Elnarə Qəribova “COVID-19 pandemiyası ilə qloballaşma, insan mobilliyi və beynəlxalq hüquqi öhdəliklərlə ziddiyyət” mövzusunda apardığı araşdırmanın nəticələrini təhlil edərək, miqrasiyanın sosial aspektləri, miqrantların hüquqları və onların getdikləri ölkələrdə giriş icazəsini almaqla bağlı üzləşdikəri çətinliklər, həmçinin ölkədaxili miqrasiya məlumatlarının əlçatanlığı, təhsil almaq imkanları ilə miqrasiya arasındakı əlaqə kimi problemlərə toxunub.

 

Tədbir müzakirələr və fikir mübadiləsi ilə başa çatıb.

 



25.04.2022 | 13:54