Nüfuzlu nəşrlərdə məqalə sayına görə fərqlənən əməkdaşlar mükafatlandırılıb | |
Naxçıvan Dövlət Universitetində 2021-ci il üzrə elmi fəaliyyətinə görə fərqlənən universitet əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdən öncə ali təhsil ocağının beynəlxalq münasibətlər və hüquq fakültəsində professor-müəllim heyətinin elmi əsərlərinin sərgisinə baxış olub. Sərgidə beynəlxalq indeksli bazalarda və sahə indekslərində yer alan məqalələrin, nüfuzlu jurnalların üz qabığı nümayiş olunub.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada təhsilə xüsusi diqqət yetirilir, onun inkişafına yeni və innovativ metodlarla yanaşılır. Vurğulanıb ki, muxtar respublikada böyük potensiala malik olan təhsil mühiti yeni inkişaf mərhələsindədir. Bildirilib ki, universitetin beynəlxalq reytinq cədvəllərində öz layiqli yerini tutması üçün nüfuzlu jurnallarda, beynəlxalq elmi indeks bazalarında nəşrlərinin olması xüsusi əhəmiyyət daşıyır.
E.İsayev beynəlxalq elm platformalarına çıxışlarla bağlı Clarivate Analytics şirkəti ilə keçirilən təlimlərin önəmini vurğulayıb. Bu nüfuzlu redaksiyalarda kitab nəşrinə nail olmaq məsələləri gələcək perspektivlər kimi önə çəkilib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Seymur Talıbov universitetin inkişaf dinamikasından danışıb. Vurğulanıb ki, universitetdə mövcud olan maddi-texniki baza, müasir tədris avadanlıqları, elmi-tədqiqatların aparılması üçün qurulan laboratoriyaların təşkili kollektivə imkan yaradır ki, onlar elmi fəaliyyətlə daha ciddi məşğul olsun və öz elmi nailiyyətləri ilə beynəlxalq elmi bazalarda tanınan, istinad edilən müəlliflərdən olsunlar.
Universitetin elm strategiyası və 2021-ci il üzrə elmi fəaliyyətə dair hesabatını təqdim edən Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov bildirib ki, 2021-ci ildə 8-i Web of Science, 3-ü Scopus, 14-ü sahə indeksli olmaqla universitetin 66 əməkdaşının 74 elmi məqaləsi nəşr olunub. Bu statistikanı ötən illə müqayisə etdikdə, 10 faiz artım müşahidə olunmaqdadır. Vurğulanıb ki, nəşr olunan məqalələrin 60 faizi ingilis, 25 faizi rus, 8 faizi türk, 7 faizi isə Azərbaycan dilindədir. Bu məqalələr İngiltərə, Rusiya, Bolqarıstan, Hindistan, Ukrayna, Xorvatiya, Meksika, Peru, qardaş Türkiyə və Azərbaycan mərkəzli jurnallarda nəşr olunub.
Sonra Web of Science, Scopus indeks bazalarda məqalə nəşr etdirən və məqalələrinə istinad sayı çox olan müəlliflərə plaket və pul mükafatı təqdim olunub. Beynəlxalq elmi bazalarda məqalə nəşr etdirən digər müəllimlər isə təşəkkürnamə və pul mükafatı ilə təltif olunublar.
|
|
24.04.2022 | 13:33 | |
|
|
|