Mövlamlı Məryəm: “Böyüyəndə məşhur rəssam olacağam” | |
Əslində onun göz oxşayan, könül ovsunlayan əl işlərinə nəzər yetirərkən yerin-göyün əzrarəngiz naxışlarının, mövzu rəngarəngliyinin, məna və məzmun genişliyinin azyaşlı bir qızcığazın kiçik ürəyinə necə sığa bildiyinin fərqində olmaya bilmirsən.
İstedad və bacarığı ilə yaşıdlarından fərqlənən, öz yaradıcılıq nümunələri ilə ürəkləri fəth edən növbəti təqdimatımın sahibinin təhsil aldığı ünvanda dediklərimin əyani şahidi oldum. Bu ünvan oxucularımıza yaxşı tanış olan bir təhsil ocağı, yaradıcılıq məkanıdır, çoxlu istedad sahibinin pöhrələndiyi nurlu bir məkan. O ünvan ki, onlarla məşhur yaradıcı insanın həyatına işıq salıb, pöhrələndirib və zirvələrə yüksəldib. Bu gün də həmin ünvanda gələcəyin məşhur rəssamlarından biri ola biləcək bir yeniyetmə qızın qısa, amma olduqca zəngin yaradıcılıq yoluna işıq salacağıq. Onun adı Məryəm, soyadı isə Mövlamlıdır.
İlk uğur - “Mənim arzularım”
Məryəm 2012-ci il martın 12-də Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsm çəkməyi sevir. 2018-ci ildən İncəsənət Gimnaziyasında təhsil alır. İlk uğuruna da birinci sinifdə oxuyarkən imza atıb və onun həvəslə çəkdiyi “Mənim arzularım” rəsmi beynəlxalq rəsm müsabiqəsində III yerə layiq görülüb. Bu uğur Məryəmə gimnaziyada ixtisas müəllimindən fərdi dərs almaq imkanı da qazandırıb.
“Bolqarıstan uşaqların gözü ilə”
Xarici ölkələrdə qatıldığı bütün müsabiqələrdə Məryəm demək olar ki, bir-birinin ardınca ancaq uğurlara imza atıb. Bolqarıstan səfirliyinin təşəbbüsü ilə keçirilən “Bolqarıstan uşaqların gözü ilə” rəsm müsabiqəsində onun təsvir etdiyi tablo bütün iştirakçıları heyran edib və balaca rəssamın adı qaliblər sırasında yer alıb. Eyni müsabiqəyə onun təqdim etdiyi ikinci rəsm əsəri də mükafata layiq görülüb.
70-dən artıq diplom
Daha sonra İndoneziyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi “İndoneziya uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində də Məryəmin əsəri II yerə layiq görülüb. Sevindirici haldır ki, Məryəmin yaradıcılıq tarixçəsində müxtəlif beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrdə qazandığı 70-dən çox diplom və sertifikat, fəxri fərman, eləcə də başqa mükafatlar var və bunların hamısı gərgin əməyin, bir də fitri istedadın ona nəsib etdiyi Tanrı töhfəsidir. Məryəmin Azərbaycan Ordusunun erməni faşistləri ilə apardığı 44 günlük Vətən müharibəsindən bəhs edən rəsmlərinə, ümumiyyətlə, həyəcansız baxmaq mümkün deyil. Onun həssas uşaq qəlbinin nə qədər geniş, vətənpərvərlik hissinin necə də yüksək olduğu rəsmlərindəki məna və məzmun çalarlarından aydın oxunur. Bu rəsmlərlə Məryəm müxtəlif nominasiyalı müsabiqələrə qatılıb və hər dəfə də qalib olub.
“Könlüm keçir Qarabağdan”
Azərbaycan Tarixi muzeyində “Zəfər Günü”nə həsr olunan “Könlüm keçir Qarabağdan” adlı I Respublika rəsm müsabiqəsində də balaca istedad sahibi öz pərəstişkarlarını, müəllimlərini, sinif yoldaşlarını, dərnək dostlarını sevindirərək uğura imza atıb. Bu mövzuya həsr etdiyi rəsmlərdə Məryəm Azərbaycan-Türkiyə dostluğunun dərin fəlsəfəsini məhəbbət hissi ilə tərənnüm edib.
Respublika baxış-müsabiqəsində
Məryəmin uğurlarını sadalamaqla bitmir. O, 2021-ci ildə “Nizami Gəncəvi İli”ndə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsində 6-9 yaş qrupu üzrə I yeri qazanıb. Şübhəsiz bu, böyük nailiyyətdir. Yeri gəlmişkən qeyd edək ki, hələ birinci sinifdə oxuyarkən onun öz ad günündə fərdi sərgisi keçirilib.
Məryəm hələ özü də balacadır, yaşı da çox azdır. Ancaq gəl ki, bu günlərdə 10 yaşı yenicə tamam olan bu istedadlı qızcığaz böyük arzularla yaşayır, böyüyəndə məşhur rəssam olacağam, - deyir. Bu istedad sahibinin öz parlaq arzularına qovuşacağına biz də əminik və həmin günün şahidi olmaq arzusu ilə yeniyetmə istedada bol-bol uğurlar diləyirik.
Sifai SƏFƏROVA |
|
23.04.2022 | 12:38 | |
|
|
|