Keçmiş SSRİ məkanında ilk muzey | |
Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Qədim ənənələrə malik olan Azərbaycan xalqı əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlayaraq nəsildən-nəslə ötürmüşdür. Bu milli-mənəvi dəyərlər dilimiz, dinimiz, təhsil, mədəniyyət və incəsənətimizin tarixində təzahür edir. Azərbaycanda pedaqoji fikir və təhsil tarixi qürur duyduğumuz, tədqiqatçıların hər zaman diqqət mərkəzində olan sahədir. Azərbaycanın təhsil tarixinin salnaməsini özündə yaşadan Xalq Təhsili Muzeyi bu il 90 illik yubileyini qeyd edir. Muzeyimiz Azərbaycan SSR XKS-nin 27 aprel 1932-ci il tarixli 651 saylı qərarına əsasən Leninqradda (indiki Sankt-Peterburq şəhəri) nümayiş etdirilən pedaqoji sərgi və pedaqoji muzeyin bazasında keçmiş SSRİ məkanında yaradılmış ilk Xalq Təhsili Muzeyidir. Hazırda Xalq Təhsili Muzeyi qədim zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycanda pedaqoji fikir və təhsilin inkişaf tarixini əks etdirən, bütövlükdə təhsil sisteminin nailiyyətlərini təbliğ edən Respublika əhəmiyyətli müəssisədir.
Muzeydə təhsil sahəsində mühüm xidmətləri olan maarifçilər, elm xadimləri, pedaqoq-alimlər, ziyalılar, iş təcrübəsi geniş yayılan qabaqcıl müəllimlərə və təhsil müəssisələrinə dair sənəd və materiallarla yanaşı, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaiti və tədris ləvazimatları, müxtəlif illərə məxsus dərslik və proqramlar, təhsil müəssisələrində istifadə edilən texniki vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işləri, hədiyyələr, albomlar, maketlər və digər eksponatlar nümayiş etdirilir.
Daimi ekspozisiya
Muzeyin xronoloji ardıcıllığa riayət edilərək elmi-tarixi əsaslar üzərində qurulan daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir. I salonun ekspozisiyası qədim zamanlardan başlayaraq XIX əsrin II yarısına qədər olan dövrdə, II salon XIX əsrin sonu XX əsrin əvvəllərində təhsil, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sahəsində həyata keçirilmiş islahatları, III salon 1918-1940-cı illərdə təhsilin inkişaf tarixini əks etdirir. IV salonun ekspozisiyası Azərbaycanda ali və orta ixtisas təhsilinə, pedaqoji və digər ixtisaslı kadrların hazırlanmasına aid sənəd və materialları əhatə edir. Muzeyin V salonunun ekspozisiyasında uşaq evləri, internat məktəbləri və axşam fəhlə-gənclər məktəblərinin yaranmasına, 1960-1980-ci illərdə təhsilin, xüsusilə texniki-peşə təhsilinin inkişaf tarixinə dair sənəd və materiallar işıqlandırılmışdır.
Muzeyin VI salonunun ekspozisiyası müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunmuş və üç bölmədən ibarətdir. Azərbaycan dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət və qayğı VI salonun ekspozisiyasının əsas istiqamətidir. Salonun 1-ci bölməsinin “Heydər Əliyev və təhsil” adlı giriş hissəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin keyfiyyətinin yüksəldilməsi və inkişafı naminə fəaliyyətinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının parlaq təcəssümü olan sənəd və materiallar, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” proqramı layihəsi çərçivəsində fəaliyyəti salonun 1-ci bölməsində nümayiş etdirilir.
Salonun 2-ci bölməsində müstəqillik illərində Azərbaycan təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, nəşr nümunələri, yeni dərslik və proqramlar, maketlər və digər eksponatlar nümayiş etdirilir. Həmin bölmədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətini və təhsil sahəsində beynəlxalq əlaqələri göstərən sənəd və materiallara, hədiyyələrə xüsusi yer ayrılmışdır.
Salonun 3-cü bölməsində nümayiş etdirilən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə həsr edilmişdir. Vitrinlərdə uşaq, yeniyetmə və gənclərin, eləcə də müəllimlərin hazırladıqları tətbiqi sənət nümunələri və müxtəlif əl işləri nümayiş etdirilir.
Muzeyin ekspozisiyası ilə tanış olmaq üçün bura gələn müxtəlif yaş qruplarından olan şagirdlər, fərqli ixtisaslar üzrə təhsil alan tələbələr, müəllimlər, təhsil, mədəniyyət və digər sahələri təmsil edənlər, kütləvi informasiya vasitələri nümayəndələri, xarici qonaqlar və başqaları Azərbaycan təhsil tarixinin keçdiyi şərəfli yolun səyahətçisinə çevrilir.
Muzeyin ekspozisiyası 1961-1962-ci, 1972-1973-cü illərdə hissəli, 1978-ci, 1991-1992-ci, 2008-2010-cu illərdə yenidən qurulmuşdur. Vaxtaşırı hissəli reekspozisiya edilərək, muzeydə tarixi baxımdan əhəmiyyət kəsb edən əlavə materialların nümayişi təşkil edilir. Muzeyin qiymətli eksponatları arasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Müəllimləri Qurultayına ünvanladığı təbrik məktubu da vardır.
Muzeyin əməkdaşları təhsilin inkişaf tarixini və təhsil sisteminin bugünkü nailiyyətlərini təbliğ etməkdən qürur duyurlar. Muzeyin ekspozisiyası ilə maraqlanan xarici ölkələrin (ABŞ, Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna, Türkiyə, Gürcüstan və s.) elm və mədəniyyət xadimləri, İSESKO-nun baş katibi, xarici dövlətlərin Azərbaycandakı səfirləri, Avropa Şurasının nümayəndələri öz təəssüratlarını muzeyin rəy kitabında qeyd etmiş, Azərbaycan təhsil tarixinin təbliğində Xalq Təhsili Muzeyinin müstəsna əhəmiyyətini vurğulamışlar.
Muzeyin intibah dövrü
Bu məqamda muzeyin yaradılması və fəaliyyətində böyük əməyi olmuş insanları xatırlamaq yerinə düşərdi. Muzeyin ilk direktoru, Əmək qəhrəmanı Mixail İsayev olmuşdur. Muzeyə 1944-1959-cu illərdə Əli Kazımzadə, 1961-1998-ci illərdə Əməkdar müəllim Tahirə Əhmədzadə, 1998-2004-cü illərdə Əməkdar müəllim Əlimirzə Əhmədov rəhbərlik etmişlər.
Muzeyə 38 il rəhbərlik etmiş Tahirə Əhmədzadənin dövrünü - muzey fəaliyyətinin intibah dövrü adlandırsaq, yanılmarıq.
Bu illər ərzində muzey nəinki respublikada, onun sərhədlərindən çox-çox uzaqlarda tanınmışdır. Muzey tərəfindən həm ölkə daxilində, həm də xaricdə (Səudiyyə Ərəbistanı, Türkiyə, Hindistan və Özbəkistan) nümayiş etdirmək üçün müxtəlif mövzularda sərgilər hazırlanmışdır. Muzeyin iş təcrübəsilə yaxından tanış olmaq üçün Rusiya Federasiyası, Ukrayna, Latviya, Özbəkistan, Moldova, Qazaxıstan, Dağıstan, Adıgey Muxtar Respublikasının nümayəndələri burada olmuşlar. Bolqarıstanın Qabrova şəhərində muzeyin ekspozisiya planı əsasında “Milli Təhsil Muzeyi” yaradılmışdır.
Xalq Təhsili Muzeyinin nəzdində 1962-1997-ci illərdə yuxarı sinif şagirdləri, onların valideynləri üçün “Ailə və məktəb”, pedaqoji bilikləri yayan Xalq Universiteti fəaliyyət göstərmişdir. 1996-1997-ci tədris ilində Xalq Universitetinin “Hər şeyi bilmək istəyirəm” fakültəsi məhz Xocalı məktəbləri üçün təşkil olunmuş, İttifaq miqyasında I və II dərəcəli diplomlarla təltif edilmişdir.
Xalq Təhsili Muzeyi Azərbaycan Müəllimlərinin V (VIII), VI (IX), VIII (X) qurultaylarına sərgi təşkil etmişdir.
Şamaxı rayon Mərəzə məktəbində “A.O.Çernyayevski” muzeyi, C.Naxçıvanski adına ixtisaslaşdırılmış internat məktəbində (indiki Hərbi lisey) “Malaya Zemlya” muzeyi təşkil edilmişdir.
Fəaliyyətdə olduğu illər ərzində muzey kollektivinin səyi nəticəsində təhsilin inkişaf tarixi, görkəmli maarifçilər, pedaqoqlar haqqında zəngin materiallar toplanılmışdır. Ümumiyyətlə, muzeyin fond və kitabxanasında minlərlə sənəd, neqativ, fotoşəkil, dərslik, metodik və biblioqrafik ədəbiyyat mühafizə olunur.
Fond və kitabxana materiallarından müntəzəm olaraq pedaqoji fikir və maarifçilik tarixini öyrənən tədqiqatçılar, təhsil və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələri nümayəndələri, kinematoqrafiya işçiləri faydalanmışlar. Onlara lazımi elmi-metodik köməklik göstərilmişdir.
M.Mehdizadə, H.Əhmədov, Ə.Seyidov, F.Rüstəmov kimi bir çox görkəmli pedaqoq-alimlərin elmi əsərlərinin işıq üzü görməsində Xalq Təhsili Muzeyinin də rolu vardır.
Yubiley tədbirləri, təqdimat mərasimləri, görüş, seminar və sərgilər
Muzeyin fond və ekspozisiya materiallarından istifadə olunmaqla, Rusəməkdaşlıq Nümayəndəliyi - Bakı şəhərində Rusiya İnformasiya Mərkəzi tərəfindən tanınmış maarifçi-pedaqoq A.O.Çernyayevskiyə həsr edilmiş “A.O.Çernyayevski”, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən tanınmış yazıçı-pedaqoq S.S.Axundov haqqında “Süleyman Sani Axundov”, Lider Televiziyası tərəfindən “H.Z.Tağıyevin qız məktəbi” adlı sənədli filmlər çəkilmiş, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mədəniyyət kanalının efirində göstərilmiş “Keçmişdən gələcəyə” və “Maarif işığında” proqramlarının çəkilişləri muzey əməkdaşlarının iştirakı ilə muzey salonlarında aparılmışdır. Xalq Təhsili Muzeyində müxtəlif mövzularda stasionar və səyyar sərgilər, təqdimat mərasimləri, görüşlər, seminarlar və digər yaddaqalan tədbirlər təşkil edilmişdir.
Xalq şairi M.Arazın 70 illik yubileyinə həsr olunmuş “Azərbaycan deyiləndə ayağa dur ki”, görkəmli maarifçi-pedaqoq M.T.Sidqinin 150, görkəmli elm xadimi A.Abbaszadənin 95, A.Şaiqin 135, böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileylərinə həsr olunmuş tədbirlər, “Təhsil müəssisələrində fəaliyyət göstərən muzeylərin maarifləndirici rolu” mövzusunda seminar və digər tədbirlər elm, təhsil işçiləri və KİV nümayəndələrinin iştirakı ilə təşkil edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında bağlanmış 6 mart 2019-cu il tarixli müqavilə və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Xalq Təhsili Muzeyinin rəhbərliyinə ünvanlanmış 10 aprel 2019-cu il tarixli məktubuna əsasən Xalq Təhsili Muzeyində məktəblilər üçün “Muzeylər və Nəsimi ili” həftəsi keçirilmiş, muzeyə ekskursiyaya gələn şagird və müəllimlərə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmişdir.
Xalq Təhsili Muzeyində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və təhsil”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, “Xalq Təhsili Muzeyi-80”, “Texniki-peşə təhsili bu gün”, “Abbasqulu ağa Bakıxanov-220”, BDU-nun yaradılmasının 100 illiyi münasibətilə “Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolu”, “Qazax Müəllimlər Seminariyası-100”, təhsil sahəsində çalışan qadınlara həsr olunmuş “Biz onlarla fəxr edirik” kimi sərgilər təşkil edilmişdir.
T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” qalereyasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xalq Təhsili Muzeyinin birgə təşkilatçılığı ilə Respublika və beynəlxalq müsabiqələrin qalibi olan Tural Həsənovun “Düşüncələrdən rənglərə” adlı fərdi sərgisi keçirilmişdir.
YUNESKO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda “Gülüstan” sarayında keçirilən “Dünya savadlılığın dəstəklənməsi” üzrə Azərbaycan təhsilinin tarixi və hazırkı vəziyyətinə dair hazırlanan sərgidə nümayiş etdirmək üçün Xalq Təhsili Muzeyi müxtəlif illərin dərslik və tədris ləvazimatlarını təqdim etmişdir.
Təhsil Nazirliyinin dəstəyi ilə 18 May-Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Muzey məktəblilərin təxəyyülündə” adlı sərgi-müsabiqə təşkil edilmişdir.
Heydər Əliyev Mərkəzində muzeyin yaradılmasında Xalq Təhsili Muzeyi tərəfindən Heydər Əliyev Fonduna lazımi məlumatlar təqdim edilmişdir.
Azərbaycan Respublikası Rusəməkdaşlıq Nümayəndəliyinin rəhbəri V.P.Denisov tərəfindən Xalq Təhsili Muzeyinin direktoru L.H.Bayramovaya Azərbaycanda “Alimlər-uşaqlara” layihəsində fəal iştirakına görə Təşəkkür məktubu, Təhsil Nazirliyi tərəfindən 18 May - Beynəlxalq Muzey Günü ilə əlaqədar 5 il ərzində keçirilən 12-18 may tarixlərində “Məktəblilər üçün muzey həftəsi”nin yüksək səviyyədə təşkilində köməklik göstərdiyinə görə Xalq Təhsili Muzeyinə Təşəkkürnamə təqdim edilmişdir.
Muzeydə direktor yanında məşvərətçi orqan olmaqla, ümumi və tematik ekspozisiyaların tərtibatı prinsiplərini elmi əsaslarla müəyyənləşdirmək və planları müzakirə etmək məqsədilə Təhsil Nazirliyinin nümayəndələri, görkəmli alimlər və muzeyin əməkdaşları tərkibində Elmi-Metodik Şura, muzeyə alınmaq üçün təklif olunan əşyaların və verilən hədiyyələrin dəyərini müəyyən etmə, onlara qiymət qoymaqdan ötrü muzey əməkdaşları və kənardan dəvət olunmuş mütəxəssislər tərkibində həlledici səsə malik Fond-Satınalma Komissiyası fəaliyyət göstərir.
Təhsil müəssisələrində fəaliyyət göstərən muzeylər üçün metodik mərkəz
Xalq Təhsili Muzeyi eyni zamanda təhsil müəssisələrində fəaliyyət göstərən muzeylər üçün elmi-metodik mərkəzdir. Muzey tərəfindən hazırlanan tövsiyələr təhsil müəssisələrində fəaliyyət göstərən muzeylərin rəhbərlərinə təqdim edilmişdir.
Xalq Təhsili Muzeyinin Fond və kitabxanasının əsas fondunun qeydiyyat kitablarının elektron variantı hazırlanmış, muzeyin saytı qurulmuşdur.
Bu gün respublikamızda fəaliyyət göstərən bütün muzeylər Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 06 mart 2007-ci il tarixli Sərəncamı muzeylərin müasir standartlara uyğun qurulması, tarixi, mədəni irsin mühafizəsi və təbliği üçün geniş imkanlar açır. Bu sahədə reallaşan tədbirlər təqdirəlayiqdir.
Təhsil Nazirliyinin müraciətinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2007-ci il tarixli 42 saylı Sərəncamı ilə Xalq Təhsili Muzeyi üçün yeni binanın inşa edilməsi məqsədilə investisiya ayrılmış, Xalq Təhsili Muzeyi 2008-ci ildə yeni tikilmiş binasına köçürülmüş, hazırda həmin binada fəaliyyət göstərir. Bu da muzeyimizə dövlət qayğısının parlaq təzahürüdür.
Xalq Təhsili Muzeyi Azərbaycan təhsilinin inkişaf tarixini və bu sahədə qazanılan nailiyyətləri layiqincə təbliğ edən mədəni-maarif müəssisəsidir. Burada muzey əşyalarının komplektləşdirilməsi, onların uçotu, mühafizəsi təmin edilir.
Təhsillə bağlı unikal sənəd və materialları 90 ildən artıq qoruyub saxlayan Xalq Təhsili Muzeyi Respublika əhəmiyyətli muzeylərdən olub, cəmiyyətin həyatında, uşaq, yeniyetmə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.
Lalə BAYRAMOVA, Xalq Təhsili Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi |
|
22.04.2022 | 16:12 | |
|
|
|