ŞAHMAT - beyin oyunu | |
Ölkəmizdə şahmat idman növünə maraq böyükdür. Azərbaycan təmsilçiləri beynəlxalq yarışlarda dünyanın seçilən şahmatçıları ilə qarşılaşır və ən güclü zəka sahibləri arasında öz sözlərini deyirlər. Təbii ki, bütün bu uğurların əldə olunmasında şahmat məktəblərinin və təcrübəli müəllimlərin əməyi böyükdür. Belə ixtisaslaşdırılmış şahmat məktəblərindən biri də Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbidir. Məktəbdə hazırda 2 bölmə - şahmat və dama üzrə idmançılar yetişir.
Məktəbin direktoru, “Əməkdar idman ustası” və “Əməkdar məşqçi” Cəmil Fətullayev: “İlk növbədə, idmanın inkişafına göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə bütün idmançılar və idmansevərlər adından öz minnətdarlığımı bildirirəm. Bu gün dövlətimiz tərəfindən idmançılar üçün hər cür şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərlə iş möhkəm zəmin əsasında qurulur. Gənclərin asudə vaxtlarını maraqlı və səmərəli keçirmələri, pis vərdişlərdən uzaq olmaları üçün bu, olduqca vacibdir”.
Direktor 2021-ci ilin iyunun 24-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə məktəbin yeni binasının açılışına diqqət çəkərək dedi: “Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, tanınmış şahmatçılar - qadınlardan ibarət yığma komandamızın üzvləri Zeynəb və Türkan Məmmədyarovalar da iştirak etdilər. Təhsil naziri Emin Əmrullayev qonaqlarla birgə məktəbdə yaradılmış şəraitlə tanış oldu. Sonra Silahlı Qüvvələr Gününə həsr olunmuş məktəbli şahmatçılar arasında keçirilən turnirin qaliblərinin mükafatlandırılması mərasimi baş tutdu”.
Qeyd edək ki, məktəbdə 952 idmançı məşğul olur, 49 məşqçi-müəllim çalışır ki, bunlardan 7 nəfər Əməkdar məşqçi, 2 nəfər 1-ci kateqoriyalı məşqçidir.
Şahmat Məktəbinin yetirmələri arasında tanınmış şahmatçıların olması bizi sevindirir. Onlarla söhbət zamanı bildirdilər ki, uğurlarının əldə olunmasında şahmat məktəbinin və müəllimlərinin rolu böyükdür. Şahmat bölməsinin yetirmələri Respublika, Avropa və Dünya çempionat və birinciliklərində yüksək nəticələr göstərmişdir.
Məktəbin yetirmələri
Xanım Balacayeva şahmatla 5 yaşından məşğul olmağa başlayıb. Deyir ki, digər idman növləri kimi, şahmat da xarakteri və iradəni möhkəmlədir: “Şahmatla məşğul olmaq səndə yeni arzu yaradır. Sən bu arzuya çatmaq istəyirsən, zərbələrə tab gətirməyi və təslim olmamağı öyrənirsən. Bu idman növü ilə məşğul olmağa başladınsa ciddi olmaq lazımdır. Müəllimlərin tapşırıqlarına əməl edir və şahmat dərslərinə ciddi yanaşıram. Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram. Müxtəlif yaş qruplarında dəfələrlə Azərbaycan və Avropa çempionu olmuşam. 2018-ci ildən Azərbaycanın qadınlardan ibarət yığmasının üzvüyəm. 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın üçüncü komandasının heyətində mübarizə aparmışam. 2017-ci ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində Yunanıstanın Krit adasında keçirilmiş Avropa və Rusiyanın Xanti-Mansi şəhərində dünya çempionatında iştirak etmışəm. Azərbaycanın “Odlar Yurdu” komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda iştirak edərək gümüş medal qazanmışam”. Qeyd edək ki, 2376 beynəlxalq reytinqə malik olan Xanım Balacayeva qadınlar arasında beynəlxalq qrossmeysterdir.
Vüqar Əsədli hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. 6 yaşından idman məktəbində şahmatla məşğul olmağa başlayıb. Müxtəlif yaş qruplarında dəfələrlə Azərbaycan və Avropa çempionu olub. 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya şahmat Olimpiadasında gənclərdən ibarət Azərbaycan komandasının birinci taxtasında oynayıb. Birinci lövhələr arasında ən çox xal toplayan 3 nəfərdən 1-i olub.13 yaşında şahmatın rapid növü üzrə dünya birincisi, blits üzrə dünya ikincisi, klassik üzrə isə dünya 3-cüsü olub. 2017-ci ildə beynəlxalq usta, 2019-cu ildə qrossmeyster olub. “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində məşqçi-müəllimi Anar Allahverdiyevdir.
Aydın Süleymanlı 5 yaşından şahmatla məşğul olmağa başlayıb. Şahmatın sirlərini məktəbin məşqçi-müəllimi Xalid Atababayevdən öyrənib. Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionudur. Müxtəlif yaş qruplarında dəfələrlə Azərbaycan və Avropa çempionu olub. 2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 14 yaşlı oğlanlar arasında dünya çempionu adını qazanıb. 2019-cu ilin noyabrında Azərbaycanın gənclərdən ibarət yığma komandasının heyətində Türkiyənin Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub. 27 fevral 2020-ci ildə Moskvada “Aeroflot Open-2020” beynəlxalq şahmat festivalının A turnirində festivalın ən yüksək pilləsində qərarlaşıb. 2019-cu ildə beynəlxalq usta, 2021-cu ildə qrossmeyster olub. Aydın Süleymanlı həmyaşıdlarına və yenicə şahmata başlayanlara həmişə mübariz olmağı, şahmatı çox sevməyi tövsiyə etdi: “Yaxşı şahmatçı olmaq üçün siz müxtəlif bacarıqları inkişaf etdirməlisiniz və buna yalnız təcrübə və məşq yolu ilə nail olmaq olar. Yaddaş müasir şahmatın böyük bir aspektidir. Yaradıcılıq və məntiq vacibdir. Rəqibə qalib gəlmək üçün çətin yaradıcı ideyalar barədə düşünmək lazımdır, lakin şahmat həmçinin praqmatik və praktik olmağı tələb edir. Uzun və çətin üsulları axtararaq yerinə yetirməklə asan üsulları unutmamaq vacibdir. Məntiqlə fikirləşin və siz uğurlu gedişlər etməyin yolunu tapa bilərsiniz”.
Rəşad ZİYADOV
|
|
22.04.2022 | 15:11 | |
|
|
|