IELTS Mərkəzinin gələcək perspektivləri müzakirə edilib | |
Naxçıvan Dövlət Universitetinin (NDU) xarici dillər fakültəsində yeni yaradılan IELTS Mərkəzinin gələcək perspektivləri müzakirə edilib.
NDU-nun rektoru Elbrus İsayev çıxış edərək, mərkəzin fəaliyyətə başlamasını nəinki universitet, həmçinin muxtar respublika ictimai və mədəni mühitinə verilən yüksək töhfə kimi dəyərləndirib. Qeyd edilib ki, artıq İngilis dili və tərcümə, İngilis dili müəllimliyi ixtisaslarını bitirən tələbələr IELTS üzrə əvvəlcədən təyin olunmuş bal topladığı zaman bitirdikləri ixtisasa uyğun diplom ala biləcəklər. Bildirilib ki, müasir dövrün tələbləri nəzərə alınmaqla ixtisas dərslərini mənimsəyən tələbələrin bu istiqamətdə nəzəri və təcrübi bilikləri yoxlanılacaq. Rektor onu da vurğulayıb ki, tələbələrlə bərabər, həmçinin bu ixtisaslarda dərs deyən müəllimlərin də IELTS üzrə sertifikat əldə etməsi mütləqdir. Qeyd edilib ki, bu ilin iyun ayına planlaşdırılan imtahanlarda yaş məhdudiyyəti nəzərə alınmadan ingilis dili ixtisaslarında dərs deyən bütün müəllimlər iştirak edəcəklər.
E.İsayev magistratura və doktorantura təhsil pillələrində xarici dil kimi ingilis dilinin daxil edilməsini və bu istiqamətdə dil bilgilərinin yoxlanılmasını nəzərə alaraq mərkəzin gələcəkdə müəllim və tələbələr üçün hansı üstünlüyə malik olacağını da vurğulayıb.
Qeyd edək ki, IELTS Mərkəzinin bir üstünlüyü də ondan ibarətdir ki, ali təhsil ocağında ixtisası ingilis dilində olan İqtisadiyyat ixtisası tələbələrinin də təcrübi bilik bazasının formalaşmasına müsbət təsir göstərəcək. Rektor bu məqsədlə həmin ixtisasın tələbələri ilə də görüşüb. Bildirilib ki, artıq universitetdə bu sahə üzrə mövcud kadr potensialı nəzərə alınmaqla bu istiqamətdə ixtisasların sayının artırılması diqqət mərkəzindədir.
O da diqqətə çatdırılıb ki, İqtisadiyyat ixtisasını bitirən tələbələr gələcəkdə IELTS üzrə sertifikat imtahanından yüksək nəticə əldə etməklə universiteti bitirəcəklər.
|
|
21.04.2022 | 18:04 | |
|
|
|