NASA Günəşə peyk göndərib | |
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) son illərin ən miqyaslı və ambisiyalı elmi-texniki layihəsini uğurla həyata keçirməyə müvəffəq olub. Avqustun 12-də NASA "Parker Solar Probe" peyk-zondunu Günəşə göndərib. Ölkənin Florida ştatının "Kanaverel" kosmodromundan "Delta IV Heavy" raket-daşıyıcı vasitəsilə yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik, 1958-ci ildə "günəş küləyi" terminini elmə daxil edən Yucin Parkerin adını daşıyır. 91 yaşlı Y.Parker özü də adını daşıyan peykin kosmosa uçuşunu izləyənlər arasında olub.
Amerikanın kosmik uçuşunda yeni dövrün əsasını qoyan "Parker Solar Probe"nin 7 il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord dərəcədə yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon km yaxınlaşması nəzərdə tutulub. İstilik qalxanı çəkisi 635 kq olan peyki yüksək temperaturdan qoruyacaq.
Dəyəri 1,5 milyard dollar olan peykin birbaşa Günəş tacına (temperaturu milyon dərəcə) daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var. Peykdə quraşdırılmış aparatlar maqnit və elektrik sahələrinin ölçülməsinə imkan verəcək.
Çox maraqlı məqam odur ki, "Parker Solar Probe"da mürəkkəb avadanlıqlarla yanaşı, Yer kürəsinin 1,2 milyon insanının adı və Yucin Parkerin şəkli olan xüsusi yaddaş kartı da var. Bu insanlar özləri haqqında informasiyanı Günəşə göndərməyə nail olublar.
Zondun 2025-ci ilə qədər elmi proqramı yerinə yetirməsi gözlənilir.
Oruc MUSTAFAYEV
|
|
13.08.2018 | 15:40 | |
|
|
|