Köln Musiqi Akademiyasının dosentinin ustad dərsi | |
Bakı Musiqi Akademiyasında Beynəlxalq müsabiqələr laureatı, Köln (Almaniya) Musiqi Akademiyasının dosenti, pianoçu Toğrul Hüseynlinin açıq dərsi keçirilib.
Açıq dərsdə Akademiyanın IV kurs tələbəsi Leyla Cavadova, I kurs tələbəsi Ayan Aslanova, IV kurs tələbəsi Rəşid Behbudov, II kurs tələbəsi Rəşad Ağayev, III kurs tələbəsi Məryəm Məmmədova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VIII sinif şagirdi Əli Vəliyev iştirak ediblər.
İfaçılar R.Şumanın “Fantaziya”sının l hissəsini, F.Şopenin fortepiano və orkestr üçün 1 saylı Konsertinin l hissəsini, F.Şopenin 1 saylı Skertsosunu, V.A.Motsartın C dur Variasiyalarını, N.Metnerin “Nağıllar”ını (op.26. no 1,2), İ.S.Baxın MTK məcmuəsinin II cildindən e moll "Prelüd və fuqa"sını, F.Listin f moll "Xromatik etüd"ünü ifa ediblər. Ustad dərsi üç saatdan çox davam edib.
T.Hüseynli gənc musiqiçilərə istənilən əsəri ifa etmədən öncə, bəstəkarın həyatını, yaşadığı dövrü öyrənməyi məsləhət görüb, sonra öyrəndiklərinin əsərdə tətbiqini tövsiyə edib. Pianoçu hər tələbənin ifa imkanlarını nəzərə alaraq, onlarla əsər üzərində düzgün işləmə metodları haqqında söhbətlər aparıb.
Qeyd edək ki, T.Hüseynli 2010-cu ildə Bakı Musiqi Akademiyasında 1 il təhsil aldıqdan sonra Almaniyanın Köln şəhərində Musiqi Akademiyasına ən yüksək balla daxil olub. Bakalavr və magistr təhsilini yüksək nəticə ilə tamamlayaraq Avstriyanın Motsarteum Musiqi Akademiyasında professor P. Girilovun sinfində doktorantura təhsili alıb. Dünya şöhrətli professorlar V. Labanov, A. Frölih kimi musiqiçilərin tələbəsi olub. 2005-ci ildən müxtəlif nüfuzlu Beynəlxalq müsabiqələr və festivallarda iştirak edib və bir çox müsabiqələrin qalibi olub. İstedadlı pianoçu hazırda Almaniyanın Köln Musiqi Akademiyasında dosent kimi fəaliyyət göstərir.
|
|
20.04.2022 | 15:02 | |
|
|
|