Peşə təhsili:müasirliyə doğru

3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaları, hər biri 192 yerlik 2 yataqxanası, 23 min kitabın toplandığı böyük kitabxanası, ən müasir, beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunan 4 mərtəbəli tədris binası, bir sözlə, beynəlxalq standartlara uyğun infrastrukturu, hazırlıqlı və peşəkar müəllimləri, həvəsli tələbələri...

 

Söhbət Bərdədə özü yeni olmasa da, yenidən qurulandan sonra düzəni, şəraiti tamamilə yenilənmiş bir təhsil müəssisəsindən gedir. 1952-ci ildən müxtəlif adlar altında fəaliyyət göstərən, ötən ildən müasir tələblər səviyyəsində istifadəyə verilən Bərdə Peşə Liseyindən.

 

Aprelin 13-də Təhsil Nazirliyinin Bərdə Peşə Liseyinə təşkil etdiyi infotur çərçivəsində millət vəkilləri Vüqar Bayramov, Fatma Yıldırım, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli, Sosial biznes üzrə təlimçi, influnser Sara Rəcəbli, Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin  nümayəndələri, həmçinin media təmsilçiləri və digər qonaqlar sözügedən müasir peşə təhsili müəssisəsi ilə tanışlıq imkanı, liseydə yaradılan şərait, tədris prosesi haqqında məlumat əldə ediblər. Özü də ilkin mənbədən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov və təhsil müəssisəsinin direktoru vəzifəsini icra edən İlham İlyasovdan.

 

İxtisasların sayı da artacaq, qəbul yerləri də

 

Regionda əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması və ömürboyu təhsil almalarını təmin edəcək bir mərkəz yaratmağa nail olmaq məqsədilə yola çıxdıqlarını deyən İlham İlyasovun sözlərinə görə, qabaqcıl peşə təhsili müəssisələrindən biri olmağa iddialıdırlar: “Bu məqsədlə müəssisəmizdə işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq qurulub. Kənd təsərrüfatı ixtisasları üzrə kompetensiya mərkəzinə çevrilmək, təhsilin əsas məzmun və formasını əmək bazarının dəyişən tələblərinə uyğun quran tədris müəssisəsinə çevrilmək əsas hədəflərimizdəndir”.

 

Bu hədəflər istiqamətində məqsədyönlü fəaliyyət göstərən bir təhsil müəssisəsi 2020-2023-cü illər Strateji inkişaf planına uyğun qurulacaq. Buna nail olmağın yollarından biri əlavə beynəlxalq gəlir mənbələri tapmaq, liseyin dövlət vəsaitindən asılılığını azaltmaqdır.

 

Hazırda lisey Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə təhsil vermək iqtidarındadır. Hələlik 7 peşə sahəsi, 27 ixtisas üzrə 651 tələbə təhsil alır. Növbəti tədris ili üçün qəbul planı 620 nəfər olacaq. Bununla da liseyin tələbələrinin sayı 1000 nəfərə çatacaq.

 

Tələbə sayı kimi tədris edilən ixtisasların, o cümlədən ixtisaslar üzrə qəbul yerlərin sayı da artacaq. Məsələn, növbəti tədris ilindən plastik qapı-pəncərə ustası, kiber təhlükəsizlik mütəxəssisi, dəstək masası mütəxəssisi (Helpdesk) üzrə əlavə ixtisaslar olacaq. Dayə, şirniyyatçı-qənnadçı, aşpaz ixtisasları üzrə də qəbul həyata keçiriləcək. Yeni ixtisaslarla birlikdə tədris olunacaq ixtisas sayı 37-ə çatacaq.

 

Liseydə139 nəfərlik heyətlə peşə  təhsili pilləsi üzrə nəzərdə tutulan hər 3 səviyyə - ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili üzrə təhsil verilir.Təhsil göstəricilərindən asılı olaraq Liseyin tələbələri 60 manatdan 90 manata qədər təqaüd alırlar.

 

Müasir yataqxana

 

Liseydə 12 rayondan olan tələbələr təhsil alır. Bəziləri dərsə gedib-gəlir, bəziləri isə Liseyin yataqxanasında yaşayır. Tərtər, Ağdam, Yevlax, Ağcabədi, Beyləqan, Mingəçevir, hətta Şəkidən tələbələri olduğunu deyən direktor  qonaqlarını Liseydə Bərdəyə daha uzaq regionlardan olan tələbələrin də təhsil alması üçün yaradılan imkanla - 200 nəfərlik 2 müasir yataqxana binası ilə də tanış edib. Hər cür şəraiti olan yataqxananın hazırda 40 sakini var. Tələbələrin hazırda tamamilə pulsuz qaldığını deyən İ.İlyasov gələcəkdə rəmzi rəqəmlərlə ifadə olunan ödəniş tələb ediləcəyini, bunun yataqxana xərclərini qarşılamaq məqsədi daşıdığını vurğulayıb.

 

 

STEAM Mərkəzi

 

Liseydə 1000 kvadratmetr ərazidə qurulan  8 STEAM Mərkəzində tələbələr deyil, məktəblilərin olması təəccübləndirdi.

 

 

Burada dərsləri “STEAM Azərbaycan” təlimçiləri  tərəfindən hazırlanan müəllimlər tədris edilir. Onlardan biri STEAM Mərkəzinin müəllimi Türkan Aşurova dərsdənkənar məşğələ və dərslərin burada keçildiyini deyir. Hər şey uşaqların ürəyincədir.

 

 

 

 

Bunu görmək elə də çətin deyil. STEAM Mərkəzinin bütün otaqları məşğuldur. Uşaqlar yeni fənnin verdiyi geniş imkanları dəyərləndirməyi öyrənirlər. Aralarında 3 və 8 nömrəli Bərdə şəhər tam orta məktəblərinin şagirdləri var. Məsələn, 8 nömrəli tam orta məktəbin şagirdləri  Elgünlə Emil 3 D qələmiylə işləyir. Hər ikisi əlindəki qələm haqqında həvəslə danışır.

 

 

 

Elgün Nərimanzadənin sözlərinə görə, bu dərslər çox əyləncəlidir. Şagird STEAM-ın texnologiya və informatika fənləri ilə əlaqəsindən də danışır.

 

 

 

 

 

 

 

VI sinif şagirdi Emil Həsənli gözündəki eynəyi özü düzəldib. Dediyinə görə, bu, onun 3D qələmi ilə düzəltdiyi ilk əşya deyil: “O qədər əşya düzəltmişəm ki. Ev, masa, masaüstü fincan...”.

 

 

 

 

 

 

Nuray Xəlilzadə, Fatimə Əhmədova, Səbinə Zülfüqarlı 3 və 8 nömrəli tam orta məktəblərin şagirdləridir. Onlar da STEAM mərkəzində birləşiblər. Hər üçü STEAM-ın müxtəlif kateqoriyaları ilə bağlı məlumatlı olsalar da, ən çox 3D modelləri ilə maraqlanırlar. Hazırladıqları modellər barədə həvəslə danışırlar. Hiss olunur ki, bacardıqları işdən zövq alırlar. “Əslində, STEAM-ın bütün kateqoriyaları maraqlı və əyləncəlidir. Hər kəs ən sevdiyi işlə məşğul ola bilər”, - deyən qızlar 3D printerində işləməyi xüsusilə çox sevirlər.

 

 

 

 

Ülvi Məmmədzadə isə dronlarla maraqlanır. Bu aləti həm telefonundan axtarış apararaq əldə etdiyi materiallar vasitəsilə, həm də aparatın üzərində işləyərək öyrənir. Bu istiqamətdə müsabiqələrə qatılmağı arzulayır. Düşünür ki, dronların idarəetməsində fərqlənir və müsabiqələrə qatılarsa, mütləq uğur qazanacaq.

 

 

 

Peşə Liseyinin tərkibində STEAM mərkəzinin təşkili səbəbinə gəlincə, İ.İlyasov bunu belə izah edib: “Bu tədris ilindən müəssisəmizdə yüksək texniki peşə təhsili ixtisasları tədris oplunmağa başlayıb. Onların arasında humanitar modullar var. Həmin modullar üzrə tələbələrimiz STEAM seçə bilər. Bu dərslərə kredit sistemi tətbiq edilib”.

 

Emalatxanada

 

7000 kvadratmetr ərazidə inşa olunan emalatxana qurulub, 4000-dən artıq yeni avadanlıq quraşdırılıb, 25 müxtəlif ixtisas laboratoriyaları yaradılıb. İnfotur zamanı onlardan bəzilərində iş prosesi izlənilib. Peşə Liseyinin elektrik qaz qaynağı, kənd təsərrüfatı avadanlıqları, təmirçi çilingər, geyim üzrə dizayner, satıcı-xəzinədar, çilingər santexnik emalatxanaları, kombaynda avtosimulyator otağı, baytarlıq, bitkiçilik, avtomoil quruluşu laboratoriyaları ilə tanışlıq imkanı yaranıb.

 

 

Liseyin tələbələri peşə təhsilinin əhəmiyyətini yaxşı anlayırlar. Məsələn, Rafael Hümbətov elektrik qaz qaynağı mütəxəssisi olmaq arzusundadır. Ona görə Peşə Liseyinə üz tutub. Amma bu, onun ikinci təhsilidir. Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin 2018-ci il məzunu, orta-ixtisas təhsilindən sonra peşə təhsili almağa da qərar verib: “Sadəcə olaraq, ikinci sənət kimi bu peşəyə də yiyələnmək istədim. Müəyyən işləri özüm görə bilmək istəyirəm. Müasir alətlərdə bu, daha maraqlıdır”.

 

 

 

Üstəlik, Rafael tək deyil. Burada ikinci dəfə təhsil alanlar çoxdur. Onların arasında hətta ədəbiyyat müəllimi belə var. 40 yaşlı Səbuhi Muradov təhsil müddəti 1 il olan elektrik qaz qaynağı peşəsini seçib. O  eyni zamanda axşam növbəsində 4 saylı Ağdam köçkün məktəbinin Bərdədə yerləşən tam orta məktəbində müddətli müqavilə ilə müəllim işləyir.

 

 

 

Nəqliyyat vasitələrinin texniki istismarı - avtomobil nəqliyyatı yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alanlardan biri Elnur Əhmədov XI sinfi Yevlax rayonunun Hacıselli kəndində bitirib və Bərdə Peşə Liseyinə qəbul olunub. Lisey barədə qohumlarından eşidib və burada olmağı fürsət kimi dəyərləndirir.

 

 

 

 

Bərdə Peşə Liseyinin ən yaşlı tələbəsi Baytar texniki ixtisasında oxuyur. 56 yaşlı Bahatur Abdullayev hər hansı peşəyə yiyələnməyin heç vaxt gec olmadığı qənaətindədir.

 

 

Heyvandarlığın gəlirli sahə olduğunu hələ indi öyrənən, Liseyə ümumi orta təhsil bazasından daxil olan tələbələr də emalatxanadadır. Heyvandarlıq üzrə ixtisas fənn müəllimi Cəmaləddin İsmayılov deyir ki, onlara özünü nümunə göstərir: “Uşaqlara öz gəlirimdən danışıram, bu, yiyələnməkdə olduqları ixtisasın önəmini anlamalarına kifayət edir. 1000-2000 manata yem rasionu üzrə proqram yazılır. Bu, çox önəmlidir. Çünki heyvanın süd çox verməsi, yaxud ətlik olması onun necə yemlənməsindən asılıdır”.

 

 

 

Geyim üzrə dizaynerlərin atelyesində də canlanma var. Burada tam orta təhsil bazasından məzun olanlar təhsil alır. Dizayn, biçmə və tikiş prosesini öyrənən tələbələr arasında uğurluları çoxdur. Qrup ustası Gültəkin İsmayılovanın sözlərinə görə,18 tələbə arasında builki məzunlarla yanaşı məktəbi əvvəlki illərdə bitirənlər də var: “Zəminə Aslanova bura gələndə yalnız düz tikişi bacarırdı. İndi biçib özü tikir”.

 

Qrupun ixtisas müəllimi Xalidə Hüseynova Zəminədən qürurla danışır: “Bu gün yaxası aşırmalı, beldən kəsik büzməli paltar hazırlayıb”.

 

Qarşılıqlı əməkdaşlıq

 

İnfotur iştirakçılarına liseyin qarşılıqlı əməkdaşlıq çərçivəsində ərzaq və qeyri-ərzaq mallarının satıcısı - xəzinədarlıq kursları barədə də məlumat verilib. İmtahan verməyə hazırlaşan kurs tələbələri “Bazarstore”la birgə təşkil olunan 6 aylıq kursu başa vurublar. Həftənin 3 günü Liseydə dərslərə qatılıb, 2 gün “Bazarstore”da təcrübədə olan tələbələr bu imtahanda uğur qazanarsa,  həm sertifikat əldə edəcək, həm də “Bazarstore”da iş.

 

Təhsil üçün heç yerə üz tutmayanlar peşə təhsilinə cəlb edilir

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Ceyhun Kərəmov 2016-cı ildə təsdiq edilən Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsili müəssisələrində həyata keçirilən işlərə nəzər salıb. Həmin sənədə uyğun inkişaf trayektoriyası və hədəflər müəyyənləşdirildiyini deyib. Hədəflərdən biri peşə təhsilinin əhatəliliyinin artırılmasıdır: “Hər il orta təhsilini başa vuran 150 minə yaxın şagirdin 40 faizə yaxını heç bir təhsil pilləsinə getmədən əmək bazarına daxil olur. Peşə təhsili müəssisələrində hər il plan yerlərinin sayını artıraraq, təhsil üçün heç yerə üz tutmayan həmin kontingenti peşə təhsilinə cəlb etmək istəyirik”.

 

Bakıda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən sonra, Qəbələdə , Sumqayıtda, Cəlilabadda da bu tip mərkəzlər olacaq. İldən-ilə belə müəssisələrin sayının artacağını vurğulayan C.Kərəmov peşə təhsilinin sadəcə siması deyil, keyfiyyətinin də artırılması istiqamətində geniş işlər görüldüyünü vurğulayıb.

 

İnfotur iştirakçılarının təəssüratları

 

Millət vəkili Vüqar Bayramov Bərdə Peşə Liseyinin onun yaxından tanış olmaq imkanı qazandığı ilk müasir peşə təhsil müəssisəsi olmasa da, ən əhəmiyyətlisi olduğu qənaətindədir. Çünki: “Bölgədə belə təhsil müəssisələrinin istifadəyə verilməsi çox vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, peşə təhsili müəssisələrinə daha çox regionlarda tələbat yaranır. Almaniya, Cənubi Koreya kimi ölkələrin təcrübəsindən göründüyü kimi, bu təcrübə bölgələrdə məşğulluğun təmini üçün səmərəli yollardan biridir. Bərdənin Qarabağ iqtisadi rayonu üçün mərkəzi şəhərlərdən biri olduğunu nəzərə alsaq, peşə təhsili üzrə müəssisənin burada qurulması bütövlükdə bölgənin liseyin imkanlarından istifadə etməsi baxımından çox vacibdir. Bərdə Peşə Liseyi yalnız bölgədə deyil, bütövlükdə peşə təhsilinin inkişafına töhvə verəcək müəssisələrdən biridir. Əminəm ki, Lisey gələcəkdə daha böyük əraziyə xidmət edəcək, daha çox bölgədən olan gəncləri əhatə edəcək”.

 

 

Peşə təhsili müəssisələrinə yanaşmanın dəyişdiyini vurğulayan V.Bayramov hesab edir ki, əvvəllər peşə təhsilinə oxuya bilməyənlərin toplaşdığı müəssisə kimi baxılırdısa, artıq o, əmək bazarına gedən ən yaxın yol kimi qiymətləndirilir.

 

Ruhiyyə DAŞSALAHLI



15.04.2022 | 09:25