İnternat məktəblərinin məzunları üçün düşərgə başa çatıb

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnternat məzunu olan gənclərin ali təhsilə həvəsləndirilməsi” layihəsi çərçivəsində keçirilən yay düşərgəsi başa çatıb.

 

Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi internat məktəblərindən məzun olan gənclərin ali təhsilə marağının, onlarda özünəinam hissinin artırılması, Azərbaycan qanunvericiliyinin belə gənclər üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirmə işinin aparılması, internat məzunlarının sosial inteqrasiyasına töhfə verməkdir.

 

Layihə çərçivəsində İsmayıllı rayonundakı “Qızıl qaya” ailəvi istirahət mərkəzində dördgünlük düşərgə təşkil olunub. Düşərgədə Bakıda və Sumqayıtda yerləşən altı internat məktəbindən məzun olmuş 30 gənc iştirak edib.

 

Düşərgədə gənclərə dövlətin internat və uşaq evlərinin məzunu olan gənclərin təhsil almaları ilə bağlı yaratdığı imkanlar barədə məlumat verilib və İctimai Birliyin bu işə töhfəsindən danışılıb. Komanda ruhu formalaşdırmaq üçün qrup işləri və müxtəlif oyunlar təşkil olunub. Təlimlərdə əldə edilən bilik və bacarıqların möhkəmləndirilməsi üçün müxtəlif praktiki tapşırıqlar və intellektual oyunlar keçirilib.

 

Gənclərin düşərgə çərçivəsində İsmayıllı rayonunun füsunkar təbiəti və qədim ənənələri ilə məşhur olan Lahıc və Diyallı kəndlərinə səfərləri təşkil edilib. Qədim sənətkarlıq nümunələri, mədəni-tarixi abidələr ilə tanışlıq onlarda xoş təəssürat yaradıb. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə İsmayıllı rayonunda “100 illik tariximiz” şüarı altında keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalında iştirak edən gənclər Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə də tanış olublar.

 

Layihənin ikinci mərhələsi Bakıda həyata keçiriləcək.

 

 

 

 

 

 



10.08.2018 | 15:47