Universitetlə Milli Məclis arasında ekoloji təfəkkür sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə birgə müəllim hazırlığında ekoloji təfəkkürün formalaşdırılması ilə bağlı müzakirə keçirilib.

 

Tədbirdə millət vəkilləri Sadiq Qurbanov və Afət Həsənova, ADPU rəhbərliyi və universitetin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, ADPU artıq 100 illik hesabatını təhsil ictimaiyyətinə təqdim edib və fəaliyyətinin ikinci yüzilliyinə başlayarkən yeni təfəkkür tərzinə malik müəllimlər yetişdirmək üçün davamlı tədbirlər icra edir:”2030-cu ilə qədər olan dövr üçün strateji plan üzərində iş gedir. Strategiya Milli prioritetlər əsasında Azərbaycan məktəbi üçün keyfiyyətli müəllim hazırlığı istiqamətində həyata keçiriləcək”.

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, vətəndaşların ekoloji təfəkkürə yiyələnməsi, ekoloji təfəkkürün əxlaq normasına çevrilməsi dövrümüzdə tək Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün aktual məsələlərdəndir:”Nəzərə almalıyıq ki, təbii sərvətlərimiz həm olduqca qiymətli, həm də məhduddur”.

 

Millət vəkili qeyd edib ki, mənfur düşmənimiz olan ermənilərin 30 il işğal altında saxladıqları doğma Qarabağda təbii sərvətlərimizə qarşı törətdikləri ekoloji terror, müharibə cinayətləri təkcə Azərbaycan üçün deyil, region və dünya üçün də təhlükə mənbəyidir:”Ümumən bu gün dünyada şirin su qıtlığı kəskin hiss olunur. Statistik məlumata əsasən, növbəti 40 ildə planet əhalisinin təxminən yarısı susuzluqdan əziyyət çəkəcək”.

 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Milli Məclisin adıçəkilən komitəsi ilə birgə icra olunacaq layihənin işçi variantını müzakirəyə təqdim edərək layihə nəticəsində gənc müəllimlərdən gözləntilərin əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ekoloji çirklənmə, onun qarşısının alınması, milli və beynəlxalq ekoloji hüquqi savadlılıq, monitorinq aparmaq, sərbəst qərar vermək, vətəndaş mövqeyi ortaya qoymaq olduğunu, eyni zamanda bu istiqamətdə elmi tədqiqat işlərini genişləndirməyin vacibliyini bildirib.

 

Sonda yekun layihə və yol xəritəsinin hazırlanması haqqında razılıq əldə olunub.

 



14.04.2022 | 19:14