“Türk tarixi və mədəniyyətləri muzeyi”nin müdiri Cemalettin Özdemirlə görüş keçirilib | |
Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Almaniya “Türk tarixi və mədəniyyətləri muzeyi”nin (Begegnungsstube Medina e.V) müdiri Cemalettin Özdemir ilə görüş keçirilib.
BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə görüşün əhəmiyyətini vurğulayıb, Cemalettin Özdemirin bütövlükdə türk tarixinin dünyada tanıdılması istiqamətində fəaliyyətindən bəhs edib.
44 günlük Vətən müharibəsində C.Özdemirin ölkəmizə verdiyi dəstəyi xüsusi qeyd edən B.Hüseynzadə onun yaratdığı muzeydə Azərbaycan şəhidlərinin şəkillərinin nümayiş olunduğunu deyib. C.Özdemirin rəhbərliyi ilə müxtəlif illərdə və fərqli ölkələrdə Türk xalqlarının milli geyimləri ilə bağlı festivalların keçirildiyini “Mehtər Marşı” yürüşlərinin təşkil olunduğunu da fikirlərinə əlavə edən prorektor qonağa həyata keçirdiyi layihələrlə bağlı dərin minnətdarlığını ifadə edib.
“Türk tarixi və mədəniyyətləri muzeyi” haqqında məlumat verən BMU-İNHA ikili diplom proqramının tələbəsi Anar Rzayev onun Avropada yeganə türk muzeyi olduğunu deyib.
Sonra C.Özdemir “Almaniyadan dünyaya Türk tarixi və mədəniyyətlərinin tanıtım layihələri” mövzusunda təqdimatla çıxış edib. Alman cəmiyyətinin sənədlərə, eksponatlara, eləcə də əsərlərə yüksək dəyər verdiyini bildirən C.Özdemir bu səbəbdən Türk tarixini və milli-mənəvi dəyərlərini əyani və daha geniş şəkildə təqdim etmək üçün 1995-ci ildə Nürnberq şəhərində Türk tarixi və mədəniyyətləri muzeyini yaratdığını söyləyib.
C.Özdemir Türk tarixi və mədəniyyətləri mövzusunda dəfələrlə konfranslar təşkil etdiyini, həmçinin bağçalar, məktəblər, universitetlər və polis akademiyaları ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, İsrail, Amerika, Türkiyə, Almaniya, Qazaxıstan və digər ölkələrin səfirlərinin, dövlət nümayəndələrinin ziyarətləri daxil olmaqla, muzeyi hər il təxminən 10000 nəfərin ziyarət etdiyini bildirib.
O, Azərbaycanın Avropa ölkələrindən gəlmiş ziyarətçilərə tanıdılması məqsədi ilə muzeydə böyük yer ayrıldığını, həmçinin Atropatenadan hazırki dövrə kimi Azərbaycan tarixindən bəhs olunduğundan danışıb. Çıxışçı Azərbaycana, Qarabağa aid müxtəlif eksponatların, hər bir rayon üzrə şəhidlərin şəkillərinin, həmçinin general-mayor Polad Həşimovun xalça üzərində işlənmiş şəklinin muzeydə sərgiləndiyini bildirib.
Millət vəkili Ceyhun Məmmədov Azərbaycan həqiqətlərinin dünyada təbliği və tanıdılması yönündə C.Özdemirin fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanın tolerant və multikultural dəyərlərə sahib ölkə olduğunu bildirən millət vəkili Türk diasporu ilə əlaqələri daha da genişləndirməyin vacib olduğunu vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın xaricdə mədəni dəyərlərin zəngin olduğu, çoxmədəniyyətliliyin ünvanı, eyni zamanda müxtəlif dinlərin birgə yaşaya bildiyi mühit kimi tanındığını qeyd edib. İcraçı direktor çıxışında multikultural dəyərləri qoruyub saxlamağın və onu xaricdə təbliğ etməliyin əhəmiyyətinə toxunub.
|
|
14.04.2022 | 18:41 | |
|
|
|