Tələbələr sənaye müəssisələri ilə tanış olublar | |
Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub. Naxçıvan Dövlət Universitetinin tələbələri “Sənaye ili” ilə əlaqədar istehsalat müəssisələrində olublar.
Naxçıvan Avtomobil Zavodunda olan tələbələrə avtomobil sənayesində tətbiq edilən yüksək səviyyədə dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun ən müasir avtomobillərin istehsalı ilə bağlı məlumat verilib. Qeyd olunub ki, istehsal prosesində Almaniya, İtaliya və Belçikadan gətirilən ən son texnoloji avadanlıqlardan istifadə edilir ki, bu da öz növbəsində hər il yeni model avtomobillərin istehsalına təkan verir. Həmçinin o da bildirilib ki, Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanan müqaviləyə əsasən, hal-hazırda FAW markalı avtomobillərin istehsalına başlanılıb.
“Ləzzət biskvit və şokolad fabriki” MMC ilə tanışlıq zamanı müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti, məhsulların istehsal mərhələləri haqqında mütəxəssislər ətraflı məlumat verib. İstehsal prosesi ilə əyani formada tanış olan tələbələr istehsalın gigiyenik qaydalara əməl olunmaqla aparılmasına şahidlik ediblər.
Daha sonra “Plastmas kapsul və qapaq” MMC-də olan tələbələr 7500 kvadratmetr sahəni əhatə edən müəssisədə Kanada istehsalı, avtomatlaşdırılmış avadanlıqlarla yaxından tanış olublar. Bildirilib ki, gücü ildə 60 milyon ədəd kapsul, 80 milyon plastik qapaq olan istehsal xəttində 10 çeşiddə plastik kapsul və bir çeşiddə plastik qapaq istehsal edilir.
Sonda “Tudor logistika və sənaye mərkəzi” MMC ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 3 istehsal sahəsini əhatə edən müəssisədə 1229 kvadratmetrlik bir ərazini qənd istehsalı və şəkər tozu qablaşdırılması, 880 kvadratmetrlik bir ərazini dənli və paxlalı bitkilərin qablaşdırılması, 1147 kvadratlıq ərazini isə çay qablaşdırma sahəsi əhatə edir. Vurğulanıb ki, mərkəzdə istifadə olunan cihazlar Avropa standartlarına cavab verən, Türkiyə Respublikasının istehsalı olan avadanlıqlardır.
|
|
14.04.2022 | 17:10 | |
|
|
|