Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ADMİU-da olublar

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

 

Görüş təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələr aparmaq və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək məqsədi daşıyıb.

 

Fondun idarə heyətinin sədr müavini Tahir Xələfov təmsil etdiyi qurumun fəaliyyəti haqqında görüş iştirakçılarını məlumatlandırıb. Bildirib ki, artıq 2021-2022 tədris ilinin payız semestrindən

 

Fondun yaratdığı portal üzərindən kreditlə bağlı müraciətlər qəbul edilib. T.Xələfov Təhsil Tələbə Krediti Fondunun iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəblər və tələblərlə silsilə görüşlər keçirildiyini  deyib.

 

ADMİU-nun tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib, Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. O, təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlər təşkil etməyin vacibliyini önə çəkib və tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra təkliflər səsləndirib.


Görüşdə Fondun əməkdaşı Günay Baxışova çıxış edərək lazımi məlumatları iştirakçıların diqqətinə çatdırıb. Müzakirələr zamanı fakültə dekanlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.

 



14.04.2022 | 11:18