SDU-nun tələbələri V Beynəlxalq olimpiadada uğur qazanıb

Ufa Dövlət Neft Texniki Universitetinin Avtomatlaşdırma, telekommunikasiya və metrologiya kafedrasının təşkil etdiyi “Texniki sistemlərin avtomatlaşdırılması” adlı V Beynəlxalq olimpiada keçirilib.

 

Olimpiada ölçü vasitələrinin metroloji təminatı, avtomatik idarəetmə nəzəriyyəsi, avtomatlaşdırmanın texniki vasitələri, texniki ölçmə cihazları, elektronika və elektrotexnika, funksional avtomatlaşdırma sxemləri kimi bir neçə geniş sahəni əhatə edib.

 

Olimpiada onlayn formatda iki mərhələdə təşkil olunub. I mərhələ fərdi formada texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları və ölçmənin metroloji təminatı üzrə, II mərhələ isə komanda şəklində texniki sistemlərdə idarəetmənin avtomatlaşdırılmasının əsasları bölməsi üzrə keçirilib.

 

Əyani və onlayn formatda keçirilən olimpiadada Sumqayıt Dövlət Universitetinin (SDU) mühəndislik fakültəsinin 625-ci qrup tələbələri- Qüdrət Ağazadə, Əli Həsənli, Ceyran Məmmədova və Pərviz Həsənov onlayn formatda iştirak ediblər.

 

Nəticələrə əsasən, mühəndislik fakültəsinin tələbəsi Qüdrət Ağazadə fərdi formada iki bölmə: texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları və ölçmənin metroloji təminatı üzrə III yerə layiq görülüb.

 

SDU tələbələri komanda yarışında isə “Məntiqi qurğuların sintezi klassik təqdimat proseduru”  nominasiyası üzrə qalib komanda olub.

 



13.04.2022 | 14:17