Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

 

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, şuranın üzvləri, YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

 

Akademik R.Əliquliyev iclasın “AK PACK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi “Yüksək texnologiyanın tətbiqi ilə polipropilen tərkibli kompozit məhsulların istehsalı və çapı” layihəsinin müzakirəsinə həsr olunduğunu bildirib.

 

Daha sonra “AK PACK” MMC-nin nümayəndəsi İsmayıl Kərimov çıxış edərək müəssisənin Texnoparka rezidentlik üçün təqdim etdiyi layihə və “AK PACK” MMC-nin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə qida sənayesində istifadə olunacaq polipropilen tərkibli kompozit məhsulların istehsal sahəsinin təşkil olunmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, layihənin məqsədi ekoloji cəhətdən təmiz, qida məhsulları istehsalında (süd məhsulları, dondurma, çərəz və s.) istifadə edilən polipropilen tərkibli keyfiyyətli kompozit məhsulların istehsalını qurmaqdan və satışını həyata keçirməkdən ibarətdir.

 

“Valyuta ehtiyatlarının təmin edilməsi baxımından yeni texnologiyalarla təchiz edilmiş, respublikada anoloqu olmayan sənaye sahələrinin inkişaf etdirilməsi zəruridir”, - deyən İ.Kərimov YT Parkda icrası nəzərdə tutulan layihənin polipropilen tərkibli kompozit məhsulların istehsalı sahəsinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsində, eyni zamanda ixracyönümlü məhsul istehsalı və respublikadan valyuta axınının qarşısının qismən alınmasında yardımçı olacağını diqqətə çatdırıb. O, həmçinin istehsal zamanı tətbiq olunan, müasir tələblərə cavab verən avadanlıqlar, çap makinaları barədə də ətraflı məlumat verib.

 

Məruzəçi bildirib ki, layihənin gerçəkləşdirilməsi üçün yerli mütəxəssislərlə yanaşı, bu sahədə Avropa ölkələrində, xüsusən də Türkiyədə ixtisaslaşmış şirkətlərin təcrübəsi əsasında iş fəaliyyətinin qurulması nəzərdə tutulur. Məhsulun xarici bazarlarda da satışa çıxarılmasının planlaşdırıldığını deyən müəssisənin nümayəndəsi gələcəkdə istifadə olunacaq xammalın təkrar emalı xüsusiyyəti sayəsində itkiyə yol verilməyəcəyini vurğulayıb.

 

Müzakirələrdə kompozit materialların alınması üsulu, qablaşdırılma avadanlıqlarının seçilməsi, qida məhsullarında polipropilen məhsullardan istifadənin üstünlükləri, bu sahədə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, istehsal zamanı rəqabətədözümlü texnologiyaların tətbiqi, Azərbaycan alimlərinin bu işlərə cəlb olunması perspektivlərinin müəyyən edilməsi və AMEA-nın müvafiq elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıqların qurulması, eləcə də keyfiyyətli texnoloji yeniliklərin ortaya çıxarılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Daha sonra “AK PACK” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.



13.04.2022 | 12:03