Beynəlxalq Coğrafiya Olimpiadasında iştirak edəcək komandanın seçim imtahanı olub | |
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun dəstəyi ilə Beynəlxalq Coğrafiya Olimpiadasında (IGEO) və Avropa Coğrafiya Olimpiadasında (EGEO) iştirak edəcək komandanın seçim imtahanı keçirilib.
Fortis Academy-də baş tutan imtahanda 2021-ci il RFO qalibləri və Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (EGEO və IGEO) hazırlığı – III modul” layihəsindən şagirdlər olmaqla, Azərbaycanın müxtəlif bölmələrinin məktəb və gimnaziyalarından 25 şagird iştirak edib.
Ölkə üzrə Beynəlxalq Coğrafiya müsabiqələrinə komanda hazırlığının təşkilatçısı “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (EGeo və İGeo) hazırlığı – III modul” layihəsnin rəhbəri, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin üç il dalbadal qalibi olan Yaşar Seyidəliyevdir.
İngilis dilində tərtib edilmiş suallar Beynəlxalq coğrafiya kurikulumunun, IGEO və EGEO-nun tələblərinə uyğun olaraq hazırlanıb. İmtahan 13 açıq sual və 30 test (qapalı) şəklində olmaqla, iki bölmədən ibarət olub. Açıq sualların cavabları maksimal 70 balla, 30 test şəklində təqdim olunmuş qapalı suallar isə hər sual 1 bal olmaqla, maksimal 30 bal ilə qiymətləndirilib. Toplamda ən yüksək bal 100 baldır. Bu seçmə imtahanı ilə aşağı (12-15 yaş) və yuxarı (16-19) yaş qrupundan hər komanda üçün 4 nəfər seçiləcək.
Təhsil Nazirliyi yanında İctimai Şuranın, Təhsil Nazirliyinin, AR Təhsil İnstitutunun İstedadlı şagirdlərlə iş şöbəsinin və Fortis Academy-nin nümayəndələri imtahanın gedişini izləyiblər.
Qeyd edək ki, bu il EGEO Serbiyada, IGEO isə Fransada onlayn formatda keçiriləcək.
|
|
12.04.2022 | 17:08 | |
|
|
|