Böyük uğurlar qazanan balaca rəssam

Balaca rəssam  Kövsər Qurbanın  uğurları barədə  yazı hazırlamaq məqsədilə bu dəfə onun çalışdığı dərnəyə üz tütdum.Yenə də ciddi  məşğul idi. Hazırda hansı əsərlər üzərində çalışdığı, hansı müsabiqə və festivallara hazırlaşdığı, ümumiyyətlə, bu sənətin sirlərinə necə yiyələndiyi barədə oxucularımıza ətraflı məlumat verməsini istədim.

 

6 yaşım olanda 17 diplom və 14 beynəlxalq sertifikat sahibi idim

 

“İnsan bütün çətinliklərin öhdəsindən gələ  bilər, əgər onda  əzmkarlıq olarsa”-, deyə istedadlı, həm də dilli-dilavər balaca rəssam böyüklərə xas olan tərzdə  danışmağa başladı:

 

- Arzularım çoxdur, arzudan arzu doğur, deyir mənim anam. Bir də həmişə deyir ki, çalış tələsmədən, təmkinlə işlə, rəsmlərinə  uyğun rənglər seç, fantaziyandan  bacarıqla istifadə elə. Onda  qazandığın uğurlar  da bol olar və  bu sənət sənə həmişə başucalığı  qazandırar. Valideynlərimin  öyüd-nəsihətlərinə  həmişə hörmətlə yanaşıram. Bir  rəsm üzərində işləyərkən,  ilk  müəllimlərim də  elə onlar olurlar. Axı,  mən rəssam ailəsində  böyüyürəm; atam da, anam da Rəssamlıq Akademiyasını bitiriblər. Mən də valideynlərimin davamçısı olacağımı qarşıma məqsəd qoymuşam. Yaşım 6 olanda, artıq  17 diplom və 14 beynəlxalq sertifikat sahibi idim.

                        

“Palitra" rəsm studiyasının üzvüyəm

- Mən  Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Palitra" rəsm studiyasının üzvüyəm. Müəllimim  rəssam  Nərmin Abdullayevadır. O,  həmişə həvəskar rəssamlara dəstək olur, sərgilərini hazırlamaqda onlara yaxından köməklik  göstərir. Sevimli müəllimimiz  bu  sənəti bizə sevdirməklə yanaşı,  həm də bizdə olan  potensialı  da ustalıqla üzə çıxarmağı bacarır, bunun üçün  əlindən gələni əsirgəmir.

                            

“Sehirli fırçam” adlı ilk sərgim keçirilib

- 5 yaşım olanda   “Sehirli fırçam” adlı   ilk fərdi sərgim keçirildi. Sərgidə 20-yə yaxın rəsmlərim  təqdim  olundu. Sənətsevərlər  müasir üslubda çəkdiyim  rəsmləri bəyəndilər. Sehirli  fırçamla  dünyanın  bütün  gözəlliklərini  rəsmlərimdə təsvir etmişdim. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə uşaqlar üçün  keçirilən “Rəşadətlə yaşayanlar-ölümü fəth edənlər" hekayələr toplusunda “Şuşa arzusu" adlı rəsmim  iştirakçıları kövrəltdi. Demək olar ki, beynəlxalq  səviyyədə keçirilən  bütün sərgilərdə mütəmadi  olaraq iştirak edirəm və   birincilik qazanıram.

                            

Beynəlxalq müsabiqələr qalibiyəm

- Hər dəfə qalib  olduğumu eşidəndə qürur duyuram  və gələcəkdə tanınmış rəssam olacağıma  ümidim artır. Yaponiyada, ABŞ-da, Londonda, İtaliyada, Bolqarıstanda, Meksikada, Rusiyada  keçirilən  bütün beynəlxalq rəsm müsabiqələrinə qatılıram,  diplom və  medallarla mükafatlandırılıram. Heç bilirsiniz, hər dəfə beynəlxalq müsabiqələrdə adımı qaliblərin sırasında gördükdə, necə sevinirəm?!  2021-ci ildə Hong Kong beynəlxalq riyaziyyat olimpiadası (HKIMO -Hong Kong International Mathematic Olympiad)  üzrə gücümü  sınayaraq bürünc medala sahibi oldum. Hazırda  39 diplomum, 27 beynəlxalq sertifikatım var; 4 medala- 1 qızıl, 2 bürünc, 1 finalçı medallarına layiq görülmüşəm. Meksikanın “Amigos de La Paz İnternacional" qurumunun Beynəlxalq Sülh Günü münasibətilə dünya uşaqları və yeniyetmələri arasında təşkil etdiyi  “Sülh üçün zərblər" adlı musiqili axında Azərbaycanı təmsil etdiyimə görə sertifikat qazandım.

                       

“Dünya istedadlar reytinqində”

- 2022- ci ilin  yanvarı mənim üçün  xüsusilə əlamətdar oldu.  İspaniya, Fransa, İtaliya, Çin, ABŞ və digər ölkələrin dünyaşöhrətli mədəniyyət xadimlərinin iştirak etdiyi   “Dünya istedadlar reytinqində”adlı  müsabiqədə Azərbaycanı təmsil edərək diplom qazandım. Əlbəttə ki,  bu mənim yaddaşımda qalan  uğurlarımın müəyyən hissəsidir.  Bu  il Latviyanın Salqale Musiqi və İncəsənət məktəbi tərəfindən təşkil edilən “Musiqi dalğası"  adlı   V beynəlxalq rəsm müsabiqəsində I yeri tutaraq diplom, kataloq və hədiyyələrlə mükafatlandırılmışam. Qarşıda məni çoxlu yaradıcılıq müsabiqələri gözləyir. Çalışacağam  sənətimə dəyər verənləri, üzərimdə hədsiz əziyyəti olan sevimli müəllimimi və xüsusilə mənə mənəvi ruh, özünəgüvən  bəxş edən, bu gözəl sənəti  mənə sevdirən  və ilk müəllimlərim olan valideynlərimi  gələcəkdə də  qazanacağım uğurlarla  sevindirim.

 

Sifai SƏFƏROVA

 



12.04.2022 | 15:43