Gələcək “ASAN peşə” ilə asanlaşacaq | |
Məlumdur ki, qloballaşan dünyanın tələb və çağırışları bu gün əmək bazarında da öz korrektələrini verməkdədir. Yeni peşələr, buna uyğun olaraq da yeni əmək şəraiti formalaşır. Bu şəraitdə işləyəcək yüksək ixtisaslı, səriştə və bacarıqlara malik kadrların hazırlığı isə, ilk növbədə, peşə təhsilinin üzərinə düşür. Buna görə də yeni dövrün trendləri özünü təhsilin bütün sahələri kimi peşə təhsilində də göstərməkdədir. Əmək bazarının sürətlə dəyişən tələblərinə və meyillərə uyğun olaraq ölkəmizdə peşə təhsili sahəsində kadr hazırlığı günün tələbləri səviyyəsinə qaldırılıb. Ölkə iqtisadiyyatının davamlı inkişaf templərinin təmin olunması əmək bazarının günün tələblərinə adekvat olaraq formalaşmasını zərurətə çevirib. Hazırda dünya əhalisinin 70 faizdən çoxu peşə təhsilinin verdiyi imkanlardan bəhrələnməkdədir. Ölkə rəhbərliyi tərəfindən islahat proqramlarının, peşə təhsili və peşə təliminə dair strateji yol xəritələrinin təsdiq olunması, güclü infrastruktura malik müasir peşə təhsil mərkəzlərinin yaradılması sayəsində vətəndaşlarımızın da bu sahəyə marağı güclənməkdədir. Bunun əyani nümunəsi kimi avqustun 6-dan ölkəmizdə 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılmasını və bu prosesin yüksək səviyyədə keçdiyini söyləmək olar.
Vətəndaş məmnunluğu
Məlumdur ki, cəmiyyət həyatının ümdə maraqlarına cavab verən hər bir yeni fəaliyyət sahəsində vətəndaş məmnunluğu mühüm əhəmiyyət kəsb edir. Bu özünü “ASAN peşə” layihəsində də göstərir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlilinin sözlərinə görə, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə əməkdaşlığı çərçivəsində 2016/2017-ci tədris ilindən reallaşdırılan “ASAN peşə” layihəsinin əsas məqsədi peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşların rahatlığının təmin olunması və subyektiv amillərin qarşısının alınması, obyektivliyin təmin edilməsi ilə bağlıdır.
Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada elektron qaydada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslərə gəlincə, onlar istənilən “ASAN xidmət”lə yanaşı müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər. Bununla əlaqədar vətəndaşlar istənilən “ASAN xidmət” mərkəzinə yaxınlaşa və ölkədə fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrində istənilən ixtisas üzrə sənəd qəbulu prosesində iştirak edə bilərlər.
Həm peşəyə yiyələnəcək, həm də tam orta təhsil alacaqlar
Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Bütün peşə təhsil müəssisələri üzrə ixtisaslar barədə məlumatlar sistemdə yerləşdirilib. “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılır. İxtisaslara gəlincə, onlar əmək bazarının tələblərinə uyğun olaraq iqtisadiyyatın bütün sahələrini əhatə edir. Burada iqtisadiyyatın prioritet istiqamətləri nəzərə alınmaqla sənaye, kənd təsərrüfatı, İKT, turizm sahələrini əhatə edən ixtisaslı kadr hazırlığı üzrə qəbul nəzərdə tutulur. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.
A.Əlili qeyd etdi ki, dövlət peşə təhsili müəssisələrində təhsil 3 illik, 2 illik, 1 illik və 6 ay müddətində nəzərdə tutulmuşdur. Tam orta, orta ixtisas və ali təhsilli vətəndaşlar peşə təhsili müəssisələrində 6 aylıq, 1 və 2 illik ixtisas üzrə təhsil ala bilərlər. 3 illik təhsil müddəti ümumi təhsil bazasından son 2 ildə məzun olanlar üçün nəzərdə tutulub. Burada müraciət edən vətəndaşlarımız peşə təhsili almaqla yanaşı, həm də tam orta təhsil almaq imkanlarına da malikdirlər.
Yüksək fəallıq və yeni peşələr
Qeyd edək ki, avqustun 6-dan sənəd qəbulunun başlandığı ilk saatlardan “ASAN xidmət” və müvafiq peşə təhsil mərkəzlərində yüksək fəallıq müşahidə olunub. Qəzetimizin növbəti nömrəsi çapa hazırlanarkən A.Əlilidən aldığımız son məlumata əsasən, bu günə qədər “ASAN peşə” layihəsi çərçivəsində 4200-dən çox vətəndaş qeydiyyatdan keçib. Qəbul planında prioritet ixtisaslar üzrə kadr hazırlığı planlaşdırılır ki, bunlardan 33-ü yeni ixtisaslardır (“İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda olan və hazırlanmasına yeni başlanan 24 ixtisas və müxtəlif sahəvi dövlət proqramlarının icrası istiqamətində Təsnifata əlavə edilən 9 ixtisas).
A.Əlili onu da qeyd etdi ki, eyni zamanda, 2018-2019-cu tədris ilindən başlayaraq 3 mərkəzdə - Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ixtisaslı kadr hazırlığı rus bölmələrində də aparılacaq.
Gələcəyə hesablanmış layihə
Ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan “ASAN peşə” layihəsini gələcəyə hesablanmış uğurlu layihə adlandırmaq olar. 2016-2017-ci tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət” mərkəzləri arasında əməkdaşlıq çərçivəsində pilot olaraq Bakı və Gəncə şəhərlərində “ASAN peşə” layihəsinin reallaşdırılmasına başlanılıb. Ötən tədris ilindən isə layihənin həyata keçirilməsinin əhatəsi bütün ölkə üzrə genişləndirilib. İndi proses, demək olar ki, bütün ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə etməkdədir.
Müasir inkişaf mərhələsində iqtisadiyyat və cəmiyyətin innovativ inkişaf yoluna keçidi məhz peşə təhsilinin inkişaf etdirilməsi və modernləşdirilməsi ilə sıx bağlıdır. Bu mənada “ASAN peşə” layihəsinin də müasir reallıqlar şəraitində rolu və əhəmiyyəti xüsusi aktuallıq kəsb edir. Çünki bütün məzunlar indiki sərt rəqabət mühitində yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirməklə yanaşı, həm də müasir dövrün tələblərinə tam cavab verməlidirlər. Peşə təhsilinin rolu həm də əmək bazarında bu sahəyə daha çox tələbatın olması faktoru ilə şərtlənir. Müasir peşə təhsili sisteminin yetişdirdiyi kadrlar isə yeni cəmiyyət quruculuğunda həlledici faktora çevrilir.
Qeyd edək ki, peşə təhsili dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir. Dövlət hesabına təhsil alanlar təqaüdlə təmin olunurlar. Müsabiqənin nəticələri avqustun 27-də elan olunacaq və müvafiq peşə təhsili müəssisələrində qəbul olunanların qeydiyyatı həyata keçiriləcək.
Oruc MUSTAFAYEV
|
|
10.08.2018 | 09:26 | |
|
|
|