Universitetin Qazax filialında narkomaniyanın fəsadları mövzusunda tədbir | |
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı Rayon Polis Şöbəsi ilə birgə "Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə tələbələrə geniş məlumat verilib.
Tədbirin məqsəd və əhəmiyyətindən danışan Qazax filalının direktoru Arif Rüstəmov narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib. Bildirib ki, filialın bu istiqamətdə keçirdiyi silsilə maarifləndirici tədbirlər tələbələrin belə zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynayır.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı atılan mübarizə tədbirlərindən danışıb. Qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalıdır. O, vətəndaşların operativ əlaqə saxlaması üçün "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
|
|
11.04.2022 | 17:08 | |
|
|
|