MEDİA-nın icraçı direktoru jurnalistika fakültəsində tələbələrə yaradılan yaradıcılıq imkanları ilə tanış olub | |
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində olublar.
Qonaqlar əvvəlcə fakültənin Tədris tele-radio studiyasında efir və montaj otaqlarına, audiovizual studiyalara və BDU TV internet kanalının işinə baxıblar.
Audiovizual Şuranın sədri İsmət Səttarov studiyanın praktik imkanlarından və yaradıcı mühitdən məmnunluğunu bildirərək müştərək layihələrin həyata keçirilməsini təklif edib. Deyib ki, Tədris tele-tradio studiyasının maddi-texniki potensialı əsasında müxtəlif formatlı proqramların hazırlanması mümkündür, ölkənin radio və televiziya kanalları ilə əməkdaşlıq perspektivli layihələrin reallaşmasına imkan verəcək.
Üçtərəfli əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov tələbələrin praktik fəaliyyətinin stimullaşdırılmasından danışıb. O, gələcəkdə MEDİA-nın dəstəyi ilə jurnalistika fakültəsinin tələbələri üçün müsabiqə, treninqlərin və müxtəlif praktik seminarların təşkili barədə fikirlərini bildirib.
BDU-nun prorektoru Əliş Ağamirzəyev və jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduqlarını ifadə ediblər.
|
|
11.04.2022 | 11:19 | |
|
|
|