Dövlət Vergi Xidmətinin yay Təcrübə proqramı

Lənkəran Dövlət Universitetinin (LDU) iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları arasında görüş keçirilib.

 

Görüş tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında LDU tələbələri üçün ödənişsiz təşkil ediləcək yay Təcrübə proqramı ilə bağlı olub.
LDU-nun prorektoru, dosent Elvin Əliyev görüşün məqsəd və əhəmiyyəti barədə danışıb. Bildirib ki, yay Təcrübə proqramı tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmək, təlim və seminarlarda iştirakla biliklərini artırmaq, karyera qurmaq istiqamətində onlara yardımçı olacaq.

 

Fakültənin dekanı, dosent Gülbəniz Əliyeva çıxış edərək bildirib ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalı, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. G.Əliyeva qeyd edib ki, Dövlət Vergi Xidməti tərəfindən təşkil olunan yay Təcrübə proqramının gənclərin peşəkar kadr kimi formalaşmasında böyük rolu var və gələcəkdə məzunların bu qurumda işə cəlb edilməsinə yardımçı olacaq. Fakültə rəsmisi LDU-nun bu layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sırasına daxil edilməsini də tədqirəlayiq addım kimi dəyərləndirib.

 

Tədbirdə Dövlət Vergi Xidmətinin əməkdaşları Elməddin Süleymanov, Leyla Babayeva, Xumar İsmayılova yay Təcrübə proqramının üstünlükləri, proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər, seçim mərhələləri barədə geniş məlumat veriblər.

 

Həmçinin Şahin Hüseynli və Orxan Bəylərov Dövlət Vergi Xidməti nəzdində fəaliyyət göstərən Tədris Mərkəzi haqqında görüş iştirakçılarını ətraflı məlumatlandırıblar.

 

Görüşdə yay Təcrübə proqramı ilə bağlı videoçarx nümayiş olunub və tələbələrin çoxsaylı sualları cavablandırılıb.
 



08.04.2022 | 18:37