Təbiət, poeziya və rəngkarlıq

Bakı şəhəri 49 nömrəli “İntellekt” liseydə təhsil müəssisəsinin qabaqcıl müəllimi - “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Tərəqqi” medallı Elçin Manafov “Təbiət, poeziya və rəngkarlıq” devizi altında açıq dərnək saatı təşkil etdi. Məktəb rəhbərliyi, qabaqcıl müəllimlər və valideynlər maraqlı bir məşğələnin şahidi oldular.

 

Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan tədbiri giriş sözü ilə açan Elçin müəllim təbiət ilə poeziyanın vəhdətindən danışaraq bu əlaqənin tarix boyu söz sənətkarlarının yaradıcılığında tərənnüm edildiyini vurğuladı. O, yenilməz pəhləvanlarımızın dağa, ağsaqqallarımızın palıda, gözəllərimizin ceyrana, marala, turaca bənzədildiyini qeyd edərək ədəbiyyatımızda məşhur olan dağ gövdəli, palıd əzəmətli, ahu baxışlı, şahin gözlu, tovuz duruşlu, maral yerişli və s. epitetlərin məhz bu oxşarlıqlardan yarandığını diqqətə çatdırdı.

 

Bundan başqa poeziyamızın bir qolu səviyyəsinə yüksələn peyzaj lirikasında da Vətən təbiətinin vurğunluqla tərənnüm edildiyi haqda danışan Elçin müəllim Azərbaycan təbiətinin özünün bir poeziya olduğunu qeyd edərək giriş sözünü Hüseyn Arifin “Şeir deyilmi?” əsəri ilə yekunlaşdırdı. Sonra söz şagirdlərə verildi. 

 

“Ədəbiyyat sevərlər” dərnəyinin üzvləri uca dağlarımıza, ayna bulaqlarımıza, mavi gözlü Xəzərimizə, iti axan çaylarımıza, həmçinin yurdumuzun faunasına aid yazılmış şeirləri xüsusi sevgi ilə ifa etdilər. Maraqlı cəhətdən biri də o idi ki, hansısa mövzuya həsr olunmuş şeir söylənilməmişdən əvvəl şagirdlər coğrafi biliklərindən istifadə edərək həmin mövzuya aid tutarlı məlumatlar çatdırırdılar. Bu isə tədbir iştirakçılarında həm də ölkəmizin təbiəti haqqında dolğun təəssürat yaradırdı.

 

Fəallığı ilə seçilən şagirdlərdən biri - təsviri sənət sahəsində xüsusi istedada malik olan, dəfələrlə müsabiqələrdə mükafatlara layiq görülən Gülarə Saleh isə çəkdiyi rəsm əsərlərinin təqdimatı ilə iştirakçıları valeh etdi. O, Vətən təbiətinin vurğunu olduğunu və bacardıqca bunu öz yaradıcılığında əks etdirməyə çalışdığını qeyd edərək tablolar haqqında ətraflı məlumat verdi.

 

Dərsin sonunda 49 nömrəli “İntellekt” məktəb-liseyin direktoru Təhminə Əsədova dərnək üzvlərinə təşəkkürünü bildirdi. O, məktəbdə müxtəlif tədbirlərin, “açıq dərs”lərin, dərnək saatlarının keçirilməsinin artıq bir ənənə halını aldığını bildirərək, bunun şagirdlər üçün çox faydalı olacağını düşündüyünü qeyd etdi. Dərnək saatının xüsusilə öz inteqrativliyi ilə seçildiyini bildirən direktor qloballaşan dünyada insanların inteqrativ biliklərə daha çox ehtiyaclarının olduğunu vurğuladı. Məşğələnin sonunda T.Əsədovanın şagirdlərə qələbəmizin simvolu olan “Xarı bülbül” nışanını təqdim etməsi onların böyük sevincinə səbəb oldu. Direktor şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 



08.04.2022 | 15:12