Rəqabətli insan kapitalı | |
Məlumdur ki, müasir qloballaşma dövründə hər bir ölkənin inkişafı yüksək bilik və bacarıqlara sahib insan kapitalının formalaşmasından asılıdır. Bu hədəf ali təhsil sistemi qarşısında ciddi vəzifələr qoyur. Məhz dinamik inkişaf edən ali təhsil sisteminin formalaşdırılması müasir çağırışlar dönəmində hər bir ölkənin beynəlxalq rəqabətliliyinin təmin olunmasını gücləndirən həlledici faktorlardan birinə çevrilir. Bu baxımdan, Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” yüksək rəqabətli insan kapitalının hazırlanmasına mühüm töhfələr verməkdədir.
Dövlət Strategiyasının mühüm istiqamətlərindən biri xaricdə doktorantura təhsilidir. Bu istiqamətdə ildə iki dəfə Proqrama qəbul həyata keçirilir.
Xaricdə doktorantura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respubilkası vətəndaşlarının seçim Qaydaları”na uyğun olaraq həyata keçirilir. Müvafiq qaydalara əsasən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun il ərzində 2 dəfə prioritet ixtisaslar üzrə aparılması nəzərdə tutulub: təbiət, iqtisadiyyat və idarəetmə, təhsil, səhiyyə və rifah, humanitar və sosial, kənd təsərrüfatı və texniki və texnoloji.
Qeyd edək ki, artıq fevralın 1-dən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ilk sənəd qəbuluna start verilib. Proqrama qəbulda 3-cü tərəf kimi yerli tərəfdaş ali təhsil müəssisələri çıxış edir. Seçim Qaydalarına əsasən müraciət zamanı tələb olunan sənədlər sırasında yerli ali təhsil müəssisəsindən əldə olunan “razılıq məktubu” yer alır. Namizədlər yerli ali təhsil müəssisələrindən razılıq məktubu təqdim etməlidirlər. Artıq ölkənin 18 ali təhsil müəssisəsi tərəfdaş ali məktəb qismində aktiv şəkildə prosesdə iştirak edir. 2021-ci il üzrə 2-ci qəbul zamanı Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Dəniz Akademiyası və Odlar Yurdu Universiteti proqrama qoşulmuşdur.
Proqrama müraciət etmək istəyən tələbələr elektron qaydada dp.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə tələb olunan sənədləri rəsmi veb-səhifə üzərindən elektron ərizəni doldurmalı və tələb olunan sənədlərin skan edilmiş surətini əlavə edib, elektron ərizəni təsdiqləməlidir. Birinci mərhələni uğurla başa vuran namizədlər bilik və bacarıqlarının qiymətləndirilməsi üçün müsahibəyə dəvət olunacaqlar.
Müsahibə zamanı namizədlərin elmi tədqiqat bacarıqları, məntiqi mühakimə yürütmə qabiliyyətləri, eyni zamanda kommunikasiya bacarıqları qiymətləndirilir. Hər 3 şərti ödəyən və ekspertlərin müsbət rəyini əldə edənlər hesablanmış keçid balı əsasında proqrama qəbul olunurlar. Proqrama qəbul olunan hər bir doktorantla üçtərəfli müqavilə imzalanır.
Qeyd edək ki, çoxsaylı müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2022-ci il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb.
Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları sənəd qəbulunda iştirak edə bilərlər.
Beləliklə də Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafı üçün prioritet sayılan 7 ixtisas istiqaməti üzrə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində dünyanın 20 ölkəsində təhsil alan doktorantlar əldə etdikləri beynəlxalq təcrübəni yerli ali təhsil müəssisələrində tətbiq edəcəklər.
Oruc MUSTAFAYEV
|
|
08.04.2022 | 09:50 | |
|
|
|