Tələbələr könüllülük fəaliyyətini başa vurublar | |
Fevralın 1-dən martın 31-dək Mingəçevir Şəhər İcra Hakimiyyətində təşkil edilmiş könüllülük fəaliyyətinə Mingəçevir Dövlət Universitetinin (MDU) 10 tələbəsi cəlb olunub. Mingəçevir Şəhər İcra Hakimiyyətində iki aylıq könüllülük fəaliyyətini başa vuran gənclərlə keçirilən görüşdə MDU-nun sözügedən tələbələri də iştirak ediblər.
Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gəncləri təbrik edərək könüllüllük hərəkatının əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri ötürmək, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanılıb. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayan başçı könüllülərə müvafiq tövsiyələrini çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Könüllülər çıxış edərək Mingəçevir İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Sonda könüllülərə sertifikatlar təqdim olunub.
|
|
07.04.2022 | 19:04 | |
|
|
|