Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb | |
Türkiyənin Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan Naxçıvan Dövlət Universitetində (NDU) olub. NDU-nun rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağında müxtəlif profilli ixtisaslar üzrə aparılan kadr hazırlığı haqda məlumat verib. Universitetin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurları qeyd edən rektor ötən ilin yayında Qazi Universiteti ilə keçirilən görüşlərin səmərəliliyinə diqqət çəkib. Bildirilib ki, xüsusi ilə humanitar və ictimai elmlər sahəsində uzunmüddətli təcrübəsi olan NDU-da bu istiqamətdə birgə elmi-tədqiqat və elmi nəşrlər sahəsində ortaq fəaliyyət göstərmək üçün əlverişli mühit mövcuddur.
Qazi Universitetinin rektoru, professor Musa Yıldız əsası 1926-cı ildə qoyulmuş və hazırda 40 mindən artıq tələbəsi olan Qazi Universitetində həyata keçirilən kadr hazırlığı istiqamətləri haqqında ətraflı məlumat verib. Türkiyənin milli ali sistemində özünəməxsus yeri olan Qazi Universitetinin əldə etdiyi uğurlardan bəhs edən rektor tədqiqat universiteti olaraq həyata keçirdikləri çoxsaylı layihələrdən danışıb.
Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Müqavilədə Erasmus+ çərçivəsində müəllim və tələbələrin mobilliyi, Mövlana proqramı layihəsinin yenilənməsi, Biotexnologiyalar, İncəsənət ixtisasları sahəsində əməkdaşlıq, birgə konfransların, simpozium və forumların keçirilməsi, ortaq nəşrlər öz əksini tapıb.
Görüşdə doktorantura proqramları, sinxron tərcümə ilə bağlı məsələlər müzakirə olunub. Elmi tədqiqat sahələrində birgə araşdırmalar, mədəniyyət, incəsənət və. s sahələrdə birgə fəaliyyət barədə razılığa gəlinib. Müqavilədə bakalavr səviyyəsində Fizika, Rəsm, İngilis dili ixtisasları üzrə ikili diplom layihələri, həmçinin, Qazi Universitetində xarici dili tədris edən müəllimlərin NDU-da tədrisə yönləndirilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata keçirilməsi, rezidentura tədrisinə dəstək məsələləri öz əksini tapıb. İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.
|
|
06.04.2022 | 17:17 | |
|
|
|