Azərbaycan gimnastının ABŞ-da uğuru | |
Arizona ştatının Finiks şəhərində keçirilmiş aerobika gimnastikası üzrə beynəlxalq turnirdə həmyerlimiz Fərəh Vəliyeva AG1 kateqoriyasında (12-14 yaş) ABŞ çempionu adına layiq görülüb və topladığı balların sayına görə 15 ölkəni təmsil edən 43 iştirakçı arasında bürünc medal qazanıb.
ABŞ-ın Milli Aerobika Çempionatları Assosiasiyası (ANAC) tərəfindən təşkil olunmuş illik yarışda aerobika təmsilçiləri AeroDans kateqoriyasının fərdi, qarışıq cütlük, üçlük və qrup hərəkətlərində mübarizə aparıblar. Builki turnirdə ABŞ, Kanada, Yaponiya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Hindistan, Argentina, Çin, Almaniya, Peru, Kolumbia, Venesuela, Meksika və Uruqvay təmsil olunub.
Qeyd edək ki, Fərəh Vəliyeva 2016-cı ildə aerobika gimnastikası üzrə Bakı çempionatının gümüş medalını, 2016-2017-ci illərdə Azərbaycan çempionu adını qazanıb. 2017-ci ildə Plovdivdə (Bolqariya), Peçdə (Macarıstan) və Bakıda keçirilən beynəlxalq yarışlarda uğurlu çıxış edərək fəxri fərman və diplomlarla mükafatlandırılıb.
Sifai SƏFƏROVA |
|
07.08.2018 | 16:20 | |
|
|
|