80 yaşın işığında | |
Müəllim... bu sadə sözün arxasında böyük məna dayanır. Doğrudanda peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisi məhz müəllimlikdir. Hər birimizin şəxsiyyət kimi formalaşmasında müəllimlərimizin əməyi böyükdür. İndi də müəllimlərimizi hörmətlə anır, onların yaxşı nəsihətləri həyat yolumuzda təməli möhkəm bir körpü olur. Şərəfli həyat yolu keçmiş belə insanlardan biri də Vaqif Gözəlovdur.
Uzun illərdir ki, yeniyetmələr arasında bədən tərbiyəsi və idmana maragın artırılmasında, gənc nəslin sağlamlığı və fiziki inkişafında əməyi olan Vaqif Gözəlov 1942-ci il fevralın 16-da Əli Bayramlı (indiki Şirvan) şəhərində dünyaya göz açıb. O, 1960-cı ildə indiki S. Hüseynov adına şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 1959-cu ildə rayonun Məsul Cəmiyyətində məşqçi işləyib. 1961-ci ildə boks üzrə idman hakimi adına layiq görülüb. “Neftçi” cəmiyyətində məşqçi kimi fəaliyyətini davam etdirərək respublika yarışlarında rayonun idman şərəfini qoruyub. Elə həmin ildə Gəncə şəhərində gənclər arasında keçirilən Azərbaycan birinciliyinin qalibi olub. Məşqçi-idmançı kimi fəaliyyəti nəzərə alınaraq Azərbaycan Boks Federasiyasının təqdimatı ilə o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub.
İllər ötdükcə Vaqif müəllimin idmanda əldə etdiyi uğurları da artaraq SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim adına layiq görülür. O, həmin illərdə Abbas Ağalarov və SSRİ idman ustası, Əməkdar məşqçi İlya Odinovun rəhbərliyi altında məşqlərini davam etdirir. Müxtəlif illərdə Azərbaycan çempionu adına layiq görülən, beynəlxalq turnirlərin qalibi olan V.Gözəlov çox keçməyib ki, Azərbaycanın yığma komandasının tərkibinə qəbul olunub. 1963-cü ildə yığma komandanın tərkibində Vilnüs şəhərində keçirilən “Lokomotiv” idman cəmiyyəti mərkəzi şurasının birinciliyində bürünc medal qazanıb. Həmin il o, Krasnodar çempionu, eyni zamanda Azərbaycan birinciliyinin qalibi olub. 1962-1966-cı illərdə ali məktəb tələbə boksçularının birinciliyinin də qələbə sevincini yaşayıb. V.Gözəlov həmçinin Moskva, Kaunas şəhərlərində, Ukrayna, Gürcüstan, Qazaxıstan, Latviya, Belarus, Litva, Estoniya respublikalarında keçirilən beynəlxalq turnirlərdə fəxri kürsüyə qalxaraq, çempion kimi mükafatlarının sayını artırıb.
1966-cı ildə idman ustası adına layiq görülən Vaqif müəllim rayonun texniki peşə məktəbində ixtisası üzrə təlimatçı işləyib. 1967-ci ildə isə respublikada keçirilən Azərbaycan birinciliyinin baş hakimi vəzifəsi ona həvalə edilib. Məzunu olduğu 1 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən V.Gözəlov 1968-ci ildə sovet ordusu sıralarına çağırılıb və xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi rayona qayıdıb və 14 nömrəli beynəlmiləl orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib.
1972-ci ildə onun rəhbərlik etdiyi rayonun yığma komandasının respublika birinciliyində komanda hesabında 2-ci yerə layiq görülməsini indi də fəxrlə xatırlayır. Həmin dövrdə Vaqif müəllimin perspektivli yetirmələrinin sıraları günü-gündən genişlənirdi. Bu idmançılar respublikadan kənarda da yaxşı tanınırdı. 1996-cı ildə V.Gözəlovun həyatında daha bir əlamətdar hadisə baş verib. Həmin il o, respublika dərəcəli hakim adını alıb. 1998-ci ildə Ümumdünya Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti, pakistanlı professor Ənvər Coudrinin şərəfinə Bakı şəhərində keçirilən yarışda obyektiv hakimliyə görə AİBA-nın diplom və medalına layiq görülüb. Azərbaycan birinciliyinə baş katiblik edən Vaqif müəllimə 2001-ci ildə Beynəlxalq dərəcəli hakim adı verilib. Həmin ildən də Vaqif Gözəlov ölkə, Avropa, dünya birinciliklərində, beynəlxalq turnirlərdə hakimlik edib, 2002-ci ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb.
V.Gözəlov 46 il müəllimlik, 45 il məşqçilik, 50 il isə hakimlik stajına malikdir. O, məşqçilik dövründə 10 nəfər SSRİ idman ustası, 8 ustalığa namizəd, 15 məşqçi-müəllim, 13 idman hakimi, yüzlərlə 1-ci, 2-ci və 3-cü dərəcəli idmançı hazırlayıb. İndi də onun yetirmələri ölkəmizin qabaqcıl idmançıları sırasında öz sözünü deyirlər. Müəllim üçünsə ən gözəl mükafat məhz yetirmələrinin xoş sorağını eşitmək, onlara olan ümidlərin doğrulmasını görməkdir.
V.Gözəlov Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının üzvüdür. Onun əməyi yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə Vaqif Gözəlov “Tərəqqi” medalı ilə təltif olunub, ona Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı verilib.
...Bəli, Vaqif müəllimin gördüyü bu yüksək, xeyirxah işlər, göstərdiyi xidmətlər, qazandığı uğurlarla qürur duymağa haqqı var. Şərəflə yaşadığı 80 illik ömrünün əsas hissəsini idmanın inkişafına və xalqına, vətənə layiq övladlar tərbiyə etməyə həsr edib. Bu da əsl vətənpərvərlikdir. Biz də Vaqif Gözəlova cansağlığı, uzun ömür diləyir, idman ustasına 80 yaşın mübarəkdir, deyirik!
Rəşad ZİYADOV |
|
31.03.2022 | 11:29 | |
|
|
|