Məktəblərdə peşəyönümü işinin təşkili | |
Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkişaf peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olub. Gənclərə peşə imkanlarını tanıtmaq üçün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsindən başlayaraq peşəyönümü işinin sistemli təşkili son dərəcə vacibdir.
Peşəyönümü anlayışı “gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri” kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəklərini bilmirlər. Əksər hallarda bəzi gənclər çoxu bu çaşqınlıqla peşələrini seçir və nəticədə özlərini və ailələrini yanlış seçim ucbatından məyusluğa uğradırlar. Peşə seçiminin mürəkkəb və dinamikliyi bu prosesdə şagirdlərə köməyi zəruri edir.
Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən məktəb psixoloqunun şagirdlərin maraq və qabiliyyətləri haqqında dəqiq məlumat verəcək və etibarlılığı olan ölçmə vasitələrini bilməsi və istifadə etməsi vacibdir.
Orta məktəb şagirdlərinin yeniyetməlik dövründə verdikləri qərarları daim dəyişmək meyli onların hansı peşəni seçəcəkləri ilə bağlı qərarlarına da təsir edir. Peşə seçimi ilə bağlı verəcəkləri səhv qərarların həyatlarına necə təsir edəcəyi ilə bağlı real proqnozlar formalaşdırmaqda problem yaşayırlar. Bu səbəbdən də gənclərin peşə yönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı görünür. Bu məqsədlə ibtidai sinifdən başlayaraq uşaqların inkişaf xüsusiyyətlərinə uyğun peşə yönümlü fəaliyyətlərin həyata keçirilməsi və şagirdlərin maarifləndirilməsi vacib hesab edilir.
Ölkəmizdə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə (bacarıq, maraq, istək, qabiliyyət və s.) özünü tanımasıdır.
Peşəyönümü xidmətinin məqsədləri:
Qeyd olunan məqsədlərin reallaşdırılması üçün ölkəmizdə peşəyönümü işi üzrə davamlı tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsait şagirdlərin peşə seçimi məsələsinə həsr olunub. Şagirdlərlə peşəyönümü işinin aparılmasına dəstək məqsədi daşıyan vəsait məktəb rəhbərləri, metodistlər, peşəyönümü rəhbəri və müəllimlər üçün nəzərdə tutulub. Sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümünün mahiyyəti, məzmunu və vəzifələri, peşəyönümü fəaliyyətinin təşkili, peşə maraqlarının və motivlərinin diaqnostikası kimi mövzuları əhatə edir.
Həmçinin ARTİ tərəfindən "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" mövzusunda mütəmadi olaraq təlimlər keçirilir. Ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorlarının iştirak etdiyi təlimlər çərçivəsində iştirakçılar peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşəyönümü işinin prinsipləri, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi və s. kimi mövzularda öz bilik və bacarıqlarını artırırlar. ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən təlimlərin əsas məqsədi şagirdlərin qabiliyyət, meyil, maraq və ehtiyaclarını nəzərə almaqla ümumi təhsil müəssisələrində peşəyönümü işini təşkil etmək, eyni zamanda, müxtəlif peşələrlə bağlı maarifləndirici tədbirlər keçirməklə və valideynlərlə iş aparmaqla təhsilalanların peşə seçimində düzgün qərar vermələrinə dəstək olmaqdır. Təlim müddətində iştirakçılar peşə təhsili müəssisələri və müasir peşə təhsilinin əsas istiqamətləri ilə tanış olurlar. Eyni zamanda, onlara peşəyönümü işinin təşkili üsulları, peşəyönümü fəaliyyətinin planlaşdırılmasına dair tövsiyələr verilir.
Nəticə olaraq demək olar ki, müasir dövrdə ixtisaslı kadr anlayışı insanların müəyyən iş və ya peşədə həm bilik, həm də bacarıqlarla təmin olunmasını tələb edir. Fərd malik olduğu bilik və bacarıqlarla yanaşı, özünə ən uyğun peşəni seçmək üçün təhsil prosesi zamanı peşə yönümünə ehtiyac duyur. Bu vəziyyət, xüsusilə, gənc və inkişaf etməkdə olan cəmiyyətlər üçün peşəyönümü xidmətini vacib edir. Peşəyönümü xidmətinin səmərəli olması üçün hər bir ümumtəhsil məktəbində peşəyönümü işinə rəhbərlik edən koordinatorun təyin olunması xüsusi əhəmiyyət daşıyır. Həmçinin bu işdə məktəbin bütün pedaqoji heyəti əməkdaşlıq edərsə, effektiv nəticələr əldə oluna bilər.
Aynur HƏŞİMOVA, ARTİ Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşı
|
|
31.03.2022 | 10:25 | |
|
|
|