Dünyanın bir nömrəli universitetinin seçdiyi gənc

Təhsilimizin inkişafına yüksək səviyyədə göstərilən diqqət və qayğı gələcəyimiz olan gənc nəslin hərtərəfli və peşəkar mütəxəssislər kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır.  Ölkəmizdə istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticələri göz qabağındadır. Təhsil Nazirliyi tərəfindən şagirdlərimizin respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında geniş iştirakının təşkil və təmin olunması öz bəhrələrini verməkdədir. Bu sahədə aparılan davamlı siyasət, şagirdlərimizin beynəlxalq miqyaslı olimpiadalarda ölkəmizi layiqincə təmsil etməsi, medallarla vətənə dönmələri həm də Azərbaycanın istedadlar yetişdirən elm ölkəsi kimi beynəlxalq imicini möhkəmləndirmişdir. 

 

Əldə olunan uğurlar deməyə əsas verir ki, şagirdlərimizin elmi potensialı yüksəkdir və onların sorağı dünyanın nüfuzlu universitetlərindən gəlir.  Budəfəki yazımızda Azərbaycanın gənc istedadlarından, bu yaxınlarda dünyanın və ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olmuş Astara rayonu, Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi Salman Zaman oğlu Hüseynov barədədir.

 

Tanıtım. Onu zirvəyə aparan yol fənn olimpiadalarından başlayıb. 2019-2020-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında kimya fənni üzrə II,  2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında isə I yerin qalibi olub. Həmçinin 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb. Salman Hüseynov hazırda Beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir. ABŞ-ın 5, Asiyanın 2 universitetinə  sənəd  təqdim edib. Nəticədə dünyada ən tanınmış universitetlərdən ABŞ-ın Massaçusets Texnologiya (MIT), eləcə də Koreyanın Qabaqcıl Elm və Texnologiyalar institutlarından (KAIST) tam təqaüdlə qəbul  təklifi alıb. Ali təhsil üçün MIT-i seçib.

 

Elmə qarşı olan həvəsim heç vaxt yox olmayıb

 

- Uşaqlıqdan qarşınıza qoyduğunuz böyük bir hədəf var idimi? İlk dəfə elmlə tanışlığınız sizdə hansı hisslər yaratmışdır?

- Bəlkə də uşaqlıqdan qarşıma qoyduğum məqsəd olsa idi, bu,  olimpiadalarda iştirak etmək və xarici ali təhsil müəssisələrində təhsil almaq, daha maraqlı və həvəsləndirici bir hekayə olardı. Amma həqiqət budur ki, indiyə kimi planlarım və maraq dairələrim çox dəyişib. Bir vaxtlar ən böyük həvəsim ədəbiyyatçı və yazıçı olmaq, bəzən isə tarixçi olmaq olub. Amma bütün bu illər ərzində elmə qarşı olan həvəsim heç vaxt yox olmayıb.

 

İlk dəfə elm ilə tanış olmağım, yəqin ki, aşağı siniflərdə biologiya dərslikləri sayəsində baş verib. Hələ o vaxtlar  kimya və fizika dərsliklərini başa düşmək mənə çətin idi. Biologiya elmi isə məndə ilk dəfə təəccüb və heyranlıq hissi oyatmışdı, bütün canlı aləmin çalışma mexanizmi həqiqətən də heyrətamiz idi. Deyə bilmərəm ki, bu hisslər məndə indi yoxdur.

 

- Uğurlarınızda fənn olimpiadalarının rolu barədə nə deyə bilərsiniz?

- Fənn olimpiadaları təhsil həyatımdakı uğurlarımın böyük bir hissəsini təşkil edir. Həmçinin bu uğurlarım səbəbindən xarici ali təhsil müəssisələrinə sənəd vermişəm. Amma olimpiadaların mənə qazandırdığı ən dəyərli uğur, deyərdim ki, son bir neçə il ərzində tanış olduğum insanlardır. Bu mühit nəinki uğurlu bir tələbə olaraq, həm də hazırda olduğum şəxs kimi formalaşmamın böyük bir hissəsini təşkil edib.

 

- Dünyanın bir nömrəli universitetinə qəbul təklifi almısınız. Qəbul üçün hansı universitetlərə müraciət etmişdiniz? Ümumiyyətlə, bu proses sizin üçün necə keçdi? Kimlərin dəstəyi oldu?

- Müraciət etdiyim universitetlərin siyahısı bundan ibarətdir: MIT, Harvard, Prinseton, Amherst College (ABŞ), Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutu (KAIST) və  Sinqapur Milli Universiteti (NUS). Olimpiadalardan dərhal sonra tamamilə yeni bir prosesin içinə atılmaq asan olmadı. Fokuslarımı və yanaşma metodumu bir qədər dəyişməli oldum. Bu proses, yəni həm SAT və IELTS imtahanlarına hazırlıq, həm də universitetlərə sənədlərin verilməsi ərzində “Roof Academic Training” komandasının köməyi olub.

 

MIT-a qəbul xəbərimi bir qədər gec qarşıladım

 

- MIT-a qəbul xəbərini necə qarşıladınız və artıq bu universitetin tələbəsi kimi özünüzü necə hiss edirsiniz?

- MIT-a qəbul xəbərimi bir qədər gec qarşıladım - təqribən 2-3 saat gec. Həm də bir qədər sakit. Yəni, səs-küylü bir reaksiyam olmadı. İçimdəki sevinc hissi tez bir müddətdə daha güclü bir rahatlıq hissi ilə əvəz olundu.

 

MIT tələbəsi olmağa gəldikdə isə, özümü fərqli hiss etmirəm. Əlbəttə, bu universitetdə alacağım təhsilin gələcəyimə böyük pozitiv təsiri olacağını düşünürəm, amma bu məndə bir o qədər də yeni və fərqli hisslər oyatmır.

 

- MIT və onun təhsil ənənələri barədə nə dərəcədə məlumatlısınız? MIT hansı üstünlükləri ilə sizi cəlb etdi?

- Ümumiyyətlə, sənəd verəcəyim universitetləri seçdikdə əlimdə olan vaxtı da nəzərə almaqla mümkün qədər araşdırma etməyə çalışdım. MIT isə məni xüsusilə öz cəmiyyətinə görə cəlb etdi. Bu barədə öyrənməkdə isə oradakı tələbələrin yazdığı bloqlar kömək oldu. Bundan əlavə, MIT-nin texnologiya və mühəndislik baxımından yüksək reputasiyası da qərarımı verməyimdə təsirli idi.

 

Uğurun formulu yoxdur

 

- MIT öz tələbələrinə qeyri-standart düşüncəni öyrədir. Özünüzdə bu keyfiyyəti hiss edirsinizmi?

- Olimpiadalara hazırlıq və iştirak müddətində qarşılaşdığım məsələlərin əksəriyyəti şagirdlərin qeyri-ənənəvi yollarda həllər tapmaları üçün nəzərdə tutulub. Mən də bununla bağlı son bir neçə ildə fərqli yanaşmalar tapmağa çalışdığımı deyə bilərəm. Bunu etməkdə nə qədər uğurlu olduğumu və bu təcrübələrin digər situasiyalara necə transfer olduğunu isə deyə bilmərəm. Müəllimlərim və ətrafımdakılar bu sualı bəlkə də daha yaxşı cavablandıra bilərdi.

 

- Sizin üçün uğur formulu nədir, uğurlarınızda müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz? İlk növbədə kimlərə minnətdar olduğunuzu söyləyə bilərsiniz?

- Fikrimcə, uğurun formulu yoxdur. Burada hər şey şagirddən və bu şagird üçün hansı metodların alınmasından asılıdır. Müəllimlərimin rolu isə danılmazdır. Parçası olduğum istənilən təhsil ocağında olan şəxslərdən sadəcə dəstək görmüşəm. Buna nəinki müəllimlər, həm də dostlarım aiddir. Bundan əlavə, mənim ailəm də heç vaxt mənə görə əlindən gələni əsirgəməyib. Məncə, desəm ki, indiyə qədər düşdüyüm əksər cəmiyyətlərin məni dəstəkləyəcəyi qədər bəxtim gətirib, doğrusunu demiş olardım.

 

Olimpiada hazırlığı stresli prosesdir

 

- Yaxşı olimpiadaçı olmaq üçün həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var?

- Yaxşı olimpiadaçı olmaq üçün də bir formulun olduğunu düşünmürəm. Hətta mənim ilə eyni fəndən olimpiadalarda iştirak edib uğurlu olan şagirdlərin çox fərqli metodlardan istifadə etdiyinin şahidi olmuşam. Bu, heç bir məsləhətim olmadığı anlamına gəlmir: düşünürəm ki, olimpiada hazırlığına başlamazdan öncə ingilis dilindən anlayışları olması şagirdlər üçün yaxşı olardı. Bu dili bildikdən sonra praktika və nəzəriyyələr üçün mənbə tapmaq asanlaşır.

 

Bundan əlavə, istirahətlərinə fikir versinlər. Olimpiada hazırlığı stresli prosesdir: dərs yükü normal orta məktəbdə olduğundan artıq olur və digər şagirdlərlə daim mübarizədə olmaq faktoru var. Buna görə də bəzən qələmi yerə qoyub dincəlmək lazımdır.

 

Xoş bir gələcək qurmaq istəyi

 

- Mütaliəyə münasibətiniz. Öyrənməyə nə ruhlandırır? Özünüzü necə motivasiya edirsiniz?

- Olimpiadaya hazırlaşdıqda digər şagirdlərlə müqayisə olunma, mütaliə etdikdə isə yeni şeyləri öyrənməyə olan həvəsim. Həm də xoş bir gələcək qurmaq istəyi - özüm və ətrafımdakılar üçün. Əksər hallarda bütün bunların qarışığıdır mənim əsas motivasiyam.

 

- Gələcək planlarınız. 10 ildən sonra özünüzü harada görürsünüz? Hansı sahələrdə (tədqiqatçılıq, akademik fəaliyyət və ya mühəndislik) işləmək istərdiniz?

- 10 ildən sonranı görmürəm. Hətta bir qədər yaxın gələcəyə baxdıqda belə, çoxlu yollar görürəm. Amma seçimlər etməli olacağam. O vaxta kimi isə spontan yaşamağı üstün tuturam, qərarlarımı isə vəziyyətə uyğun verəcəyəm.

 

İndiki halda özümü tədqiqatçı olaraq görmürəm. Mühəndislikdə isə daha böyük bir təsirə malik olacağımı düşünürəm.

 

Oruc MUSTAFAYEV

 



31.03.2022 | 09:22