Universitet əməkdaşları beynəlxalq layihə çərçivəsində Fransada olub | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də iştirak etdiyi (ADNSU) “UniLab” layihəsi çərçivəsində Fransanın Lille Universitetində tərəfdaş ali məktəblərlə görüşlər keçirilib.
Avstriya, İspaniya, Böyük Britaniya və digər ölkələrin partnyor universietlərindən olan nümayəndələrin iştirak etdiyi görüşdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Tağıyeva iştirak ediblər.
4 gün davam edən görüşlərdə “UniLab” layihəsi çərçivəsində görülən işlər, qarşıda duran məsələlər müzakirə edilib, həmçinin layihə ilə bağlı görüləcək cari işlər, eləcə də partnyor şirkətlərlə əlaqələrin genişləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb, tərəfdaş universitetlərin şirkətlərdə təcrübə imkanları və karyera mərkəzləri haqqında fərdi təcrübələrindən danışılıb.
Görüş çərçivəsində Avstriyanın Krems Universiteti tərəfindən yaradılan “UniLab” portalının təqdimatı da olub. Portalın iş prinspi, əhəmiyyəti və istifadə imkanları iştirakçılara izah edilib. Təqdimatda yeni portalın partnyor universitetlər, şirkətlər və tələbələr üçün əhəmiyyətindən danışılıb, əsas imkanları və üstünlükləri haqqında məlumat verilib və iştirakçıların təklifləri dinlənilib.
Görüşdə tərəfdaşlar “akademik və elmi sahədə inkişaf” və “Tələbə portalı” haqqında təqdimatla çıxış ediblər. Sonda partnyor universitetlərlə şirkətlərin əməkdaşlıq imkanları, birgə təlim və treninqlərin keçirilməsinin vacibliyi qeyd edilib. Həmçinin bəzi tərəfdaş universitetlərin tələbə və məzunlarının şirkətlərə təcrübəyə cəlb olunması və işlə təmin edilməsi istiqamətindəki problemlərə toxunulub və onların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Bundan əlavə görüş çərçivəsində iştirakçılar Lille Universitetinin laboratoriyaları, kitabxana və auditoriyalarına baxıb, süni intellekt və yüksək texnologiyalar üzrə elmi mərkəz və digər tədqiqat mərkəzləri ilə tanış olublar.
Qeyd edək ki, ADNSU Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın 1-dən etibarən qoşulub.
|
|
30.03.2022 | 16:49 | |
|
|
|