“İntihar hallarının qarşısının alınması” mövzusunda təlim

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “İntihar hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib.

 

Açılış nitqi ilə çıxış edən ATGTİ-nin əməkdaşı Rəşad Zeynalov təlimin əhəmiyyətindən danışıb.

 

Tədbirin aktual mövzuya həsr olunduğunu bildirən BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə statistik nəticələrə görə digər dünya ölkələri ilə müqayisədə intihar hallarının Azərbaycanda yüksək rəqəmlə ifadə edilmədiyini vurğulayıb. Prorektor intihar və intihara cəhd hadisələrinin qarşısının alınması ilə bağlı görülən işlərdən danışıb, eyni zamanda bu istiqamətdə maarifləndirmə işinin düzgün aparılmasının vacibliyini önə çəkib. O, çıxışının sonunda tələbələri təlim zamanı müzakirələrdə aktiv iştiraka səsləyib.

 

Gənclər Fondunun əməkdaşı İbrahim Mehdiyev 18-28 yaşlarında olan gənclər arasında intihar hallarına diqqət çəkib. O, əsas səbəb kimi gənclərin psixologiyaya qeyri-ciddi yanaşmasını, bir çox təhsil müəssisələrində peşəkar psixoloqların olmamasını, eləcə də cəmiyyətin rolunu göstərib.

 

Gənclərin İnkişafı və Karyera Mərkəzinin koordinatoru Nihad Məmmədli təmsil etdiyi qurum və qeyd olunan istiqamətdə həyata keçirdikləri tədbirlər barədə məlumat verib. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə mərkəzin 55 rayon və şəhərdə nümayəndəliyi yaradılıb və qurumun 200-ə yaxın əməkdaşı minlərlə gəncin şəxsi inkişafında önəmli rol oynayır.

 

Sonra psixoloq Fidan Azərqızı “İntihar son deyil” mövzusunda təqdimatla çıxış edib. O, intihara aparan yolların ailədaxili problemlərdən, şəxsiyyət pozuntusundan, travmatik keçmiş hadisələrdən, itkidən, narkotik və alkoqol istifadəsindən, həmçinin depressiyadan qaynaqlana biləcəyini söyləyib. İntiharın əlamətləri və bununla bağlı olan emosiyalardan söz açan psixoloq bu sahədə görülən tədbirləri diqqətə çatdırıb.  

 

Təlim işini interaktiv formada davam etdirib.

 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

 



28.03.2022 | 17:01