Təhsil - indiki nəslin gələcəyə olan borcu | |
Yay tətilinin artıq yarısı geridə qalır. Valideynlər narahat və gərgin, məktəb ərəfəsi qayğılarla dolu avqusta qədəm qoymaqdadırlar. Nə qədər ki, məktəbli forması barədə düşünmək, dəftər-qələm almaq üçün ailə büdcəsini müzakirə etmək vaxtı yetişməyib, bizim də tarixi-fəlsəfi mövzulara toxunmaq imkanımız var. Beləliklə, məktəb nə vaxt və necə meydana gəlib?
Qədim vaxtlardan insanlar qruplar halında yaşamağa çalışıblar. Bu, ilk növbədə təhlükəsizlik və asan ov əldə etmək niyyəti ilə edilirdisə, digər tərəfdən də ailə, qrup başçısının həyatdan köçməsindən sonra əldə edilmiş bacarıq və müşahidələri gələcək nəslə ötürmək ehtiyacından doğurdu. Qrup ənənələri və dəyərlərinin itməməsi üçün uşaqları nələrəsə öyrətmək lazım idi. Bax beləcə öyrənmək ehtiyacı yarandı. Yeni nəslin təmsilçiləri qrupun təcrübəsinə yiyələnmək üçün öyrənməli idilər. Tarixçilər hesab edir ki, məhz bu amil təhsilin məktəbdən daha qədim tarixə malik olduğunun göstəricisidir.
Məktəb zərurəti
Yazı kəşf edildikdən sonra məktəbin ortaya çıxması tarixi zərurət oldu. Bizim üçün indi saatlarla kompüterin arxasında istədiyimiz mətni yazmaq, diplom, dissertasiya işlərini müdafiə etmək adi reallıqdır. Qədimdə isə hərfin və yazının meydana gəlməsi təhsilin yeni bir mərhələyə qədəm qoymasının göstəricisi oldu. Ailə və yaxud kiçik qruplar tam və hərtərəfli təhsili təmin edə bilməzdi, buna görə də məktəb tipli nəsə olmalı idi.
Ümumiyyətlə, məktəbin ilk dəfə nə vaxt və harada yarandığına dair səhih məlumat yoxdur. Məlumdur ki, 5-6 min il əvvəl Misirdə, ola bilsin, Çin və digər yerlərdə məktəblər olub. Yalnız XVIII əsrdə belə bir qənaət ictimai şüura hakim olmağa başladı ki, təhsil insanı inkişaf etdirə, cəmiyyətin isə rifah halına müsbət təsir göstərə bilər. Hər bir uşağın təhsil almaq hüququnun olduğu cəmi bir əsr bundan əvvəl qəbul edilməyə başlanılıb.
İndi bizim övladlarımızdan bəziləri düşünür ki, məktəb darıxdırıcıdır, bizi oxumağa və sevmədiyimiz işi görməyə məcbur edirlər. Halbuki bu günün özündə elə yerlər var ki, orada təhsil almaq yalnız imkanlı ailənin uşaqları üçün mümkündür. Kasıb ailələrin uşaqları isə ömürlərini yazıb oxuya bilmədən başa vurmaqla keçirirlər. Təbii ki, təhsil yoxdursa, gələcəkdən danışmaq, istedadından istifadə etmək, layiqli iş tapmaq və bacarıqlarını həyata keçirməyi arzulamaq əbəsdir. Adətən belə cəmiyyətlərdə imkansız ailələrin uşaqları arasında oxumaq istəyi daha çox olur. Dövlətin maddi imkanları məhdud olduğundan belə ailələrin övladlarının təhsilinə könüllülər, xeyriyyə qurumları, xüsusi fondlar köməklik göstərirlər. Təhsil kapital tələb edir.
İlk təhsil ocaqları
Cəmiyyətin ayrılmaz prosesi olan təhsil öz kökünü “bildung” sözündən götürür. Almancadan tərcümə edildikdə bu söz “tərz” mənasını verir. Təhsil tək insanların deyil, bütövlükdə dövlətin inkişafına yönəlmiş prosesdir. Bunun nəticəsində insan şəxsiyyət kimi özünü kəşf edir, müəyyən dəyərlər, biliklər və normalara yiyələnir. Qayıdaq yenə təhsil sisteminin təkamül prosesinə. Yazı və riyazi simvolların kəşfi və kiçik dövlətlərin peyda olması ilə paralel savadlı insanlara ehtiyac da yaranmağa başladı. Bu amil təhsilin spesifikasında çevrilişə bir təkan oldu, çünki xüsusi hazırlıq və təşkilatlanma tələb edirdi. İki faktora ehtiyac duyuldu:
- Savadlı, bilik və bacarıqlarını gənc nəslə çatdıra bilən müəllim; - Təhsil prosesini həyata keçirmək üçün məkan - məktəb.
Antik dövrdə nisbətən iri məktəblər yaranmağa başladı. Yunan dilində “Schole” sözü “istirahət etmək və vaxt keçirmək üçün yer” anlamını verirdi. Qədim Yunan təhsil sistemində üç növ tərbiyə üsulu var idi: Sparta, Afina və Roma.
Spartada bütün məktəblər dövlətə məxsus idi və daha çox hərbi xarakter daşıyırdı. Sparta məktəblərinin əsas vəzifəsi oğlanları və qızları fiziki cəhətdən güclü, dözümlü vətən müdafiəçisi olaraq yetişdirmək idi. Uşaqlar məktəblərdə doğulandan 18 yaşınadək təhsil alırdılar. Əsas vəzifə çətin vəziyyətlərdən çıxış yolunu tapmağı öyrənmək idi.
Romada isə başlıca dəyər şəxsiyyət deyil, dövlət idi. Sosial-sinfi təbəqələşmə nəticəsində məktəb iki növə ayrılmışdı:
- Pullu məktəblər. Burada ali və orta təbəqənin uşaqları təhsil alırdı. Yazı, oxu, hesab adi dərslər idi. Yuxarı təbəqə təmsilçiləri üçün dərin qrammatik biliklər, fəlsəfə və ritorika, yunan və latın dilləri keçilirdi; - Aşağı təbəqələrdən olan uşaqları isə sənət öyrənmək üçün sənətkarların, ticarətin sirlərinə yiyələnmək məqsədilə tacirlərin yanına göndərirdilər.
Bütün bunlarla yanaşı, Yunanıstanda ritorik məktəblər də mövcud idi ki, burada astronomiya, riyaziyyat, fəlsəfədən dərslər keçirilir, disput və mübahisələrin aparılması yolları öyrədilirdi.
Məktəb bizə nə verir?
Roma məktəb sistemi müasir sistemlərə ən yaxını hesab edilir. Qədim Misirdə məktəblərin kimlər tərəfindən yaradıldığı tarix üçün qaranlıqdır. Ehtimallar 5 min il əvvəlin üzərindədir. Qədim İkiçayarasında 3 min il əvvəl məktəblərin olduğu deyilir. Bu baxımdan, məktəbin baniləri kimi Aristotel və Platonun hesab edilməsində qeyri-adilik axtarmaq lazım deyil. Ümumi təhsil sisteminin əsasının Şərqi Roma İmperiyası olan Bizansda 425-ci ildə qoyulduğu deyilir. 1453-cü ildə türklər Konstantinopolu fəth etdikdən sonra bu sistem süquta uğrayıb.
Son iki-üç əsrdə təhsil prosesi sürətli inkişaf yolu keçib. Ancaq hətta antik dövrün təhsilinə nəzər yetirdikdə belə, təhsilin tarix boyu ən çox ehtiyac duyulan sahə olduğunu görürük. Beləliklə, məktəb bizə nə verir?
1. Sosial və təşkilati bacarıqlarımız inkişaf edir; 2. Dünyagörüşümüz artır, çünki daima yeni nəsə öyrənirik; 3. Məktəb yaşadığımız dünyanı daha yaxşı qavramaq və anlamağa kömək edir; 4. Gələcək rifahımızın əldə edilməsi üçün mühüm bir mərhələdir; 5. Məktəb bizi tərbiyə edir; 6. Müxtəlif fikir və qənaətləri müşahidə edib anlaya bilirik; 7. Təhsil karyera yüksəlişinin təminatçısıdır; 8. Təhsil hesabına müstəqilik və potensialımızdan istifadə edə bilirik; 9. Təhsilli insanlar bütün cəmiyyət üçün töhfələr verir; 10. Statistikaya əsasən, savadlı insanlar daha uzunömürlü olurlar, idmana, sağlam həyat tərzi və sağlam qidaya üstünlük verirlər; 11. Təhsil iqtisadi və sosial asılılığın azalmasına təsir göstərir; 12. Təhsil elm və texnologiyada tərəqqi deməkdir; 13. Təhsil nəyin düz, nəyin yanlış olduğunu anlamağımıza kömək edir və nəticədə dünya daha təhlükəsiz olur.
Tomas Çandler Halibarton deyirdi ki, “təhsil insana digər insanların nə qədər az bildiklərini göstərir”. Övladlarımıza izah etməliyik ki, Aristotel demişkən, “təhsilin kökləri acı olsa da, meyvələri şirin olur”. Özümüz isə bilməliyik ki, təhsil indiki nəslin gələcək nəslə olan borcudur.
Rüstəm QARAXANLI
|
|
03.08.2018 | 12:31 | |
|
|
|