Magistrantlar üçün təlim

Naxçıvan Dövlət Universitetində magistrantlar üçün dissertasiya işlərinin yazılması qaydalarına, araşdırma bacarıqlarının artırılmasına dair təlim keçirilib.

 

Universitetin Elm və İnnovasiyalar bölməsi, Magistratura mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rektor Elbrus İsayev magistrantların maarifləndirilməsi üçün bu kimi təlimlərin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, kadr potensialının gücləndirilməsi, tələbələrin elmi biliklərinin və peşə vərdişlərinin inkişaf etdirilməsi baxımından bu kimi təlimlər əhəmiyyətlidir. Qeyd olunub ki, dissertasiya işi magistrantın elmi fəaliyyətinin əsasını təşkil etdiyi üçün bu işdə məsuliyyətli olmalı və yüksək araşdırma qabiliyyəti ortaya qoyulmalıdır. Dissertasiya işinin yazılmasında magistrantın üzərinə düşən öhdəliklərlə yanaşı, aidiyyatı kafedraların və elmi rəhbərin də bu işlə yaxından maraqlanması, dissertasiya işlərinin nəşrində yardımçı olması vurğulanıb.  

 

Tədbirdə Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova təlimin proqramını və təlimçilərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Magistratura mərkəzinin direktoru Etibar Məmmədov isə “Dissertarsiya işlərinin yazılması qaydaları” mövzusundan bəhs edərək bildirib ki, dissertasiya işi standartlara uyğun tərtib olunmalı və müəyyən tələblərə cavab verməlidir. Tədbirdə dissertasiyanın tərtibinə verilən əsas tələblər, dissertasiyanın quruluşu və müdafiəsi təlim iştirakçılarına slayd vasitəsilə təqdim olunub.

 

Elm və İnnovasiyalar bölməsinin müdiri Rza Məmmədov “Tədqiqat metodikası və beynəlxalq elmi nəşrlər” mövzusunda slayd vasitəsilə təlim keçib. R.Məmmədov elmi tədqiqat nədir, tədqiqatın planı, növləri, araşdırma metodikası, metodları, gedişi, xüsusiyyətləri, tədqiqat zamanı qarşıya çıxan problemlər, tədqiqatın etikası və digər məsələlər barədə məlumat verib.

 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 



17.03.2022 | 18:16