Səmərəli seçim mərhələsi | |
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn - Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib. İmtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiqə aid 10 sual təqdim edilib.
Test mərhələsi başa çatdı
Test mərhələsində 39 min 163 namizədin iştirak etdiyini vurğulayan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, 13 gün ərzində keçirilən test imtahanlarında ən yüksək nəticə olaraq riyaziyyat fənni üzrə 60 bal qeydə alınıb. İmtahanlarda iştirak edən namizədlərdən 4612 nəfər 80 faizdən, 18613 nəfər 60 faizdən yüksək nəticə göstərib.
M.Camalzadənin sözlərinə görə, avqustun 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən ibarətdir. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı mərhələləri arxada qalıb. Artıq üçüncü - vakant yerlərin seçilməsi mərhələsi başlayıb.
Vakansiya seçimi avqustun 3-dən başlayır və ayın 8-dək davam edəcək. Vakansiyalar Miq.edu.az və İnsan Resursları Mərkəzinin rəsmi facebook səhifəsi vasitəsilə elan edilib. Müsabiqəyə çıxarılmış yeddi mindən çox vakant yerin 89 faizi Azərbaycan bölməsini, 11 faizi isə rus bölməsini əhatə edir.
Ümumi vakansiyalara nəzər saldıqda məlum olur ki, 59 faiz Azərbaycan və rus bölmələri üzrə həvəsləndirmə tədbiri tətbiq olunan ümumi təhsil müəssisələrinin, 41 faiz isə həvəsləndirmə tədbiri tətbiq olunmayan ümumi təhsil müəssisələrinin payına düşür.
Kim seçə bilər?
Beləliklə, bu gündən yeddi mindən çox vakant yer uğrunda 20853 namizədin mübarizəsi start götürür.
Bəs, vakansiya seçimi mərhələsində kimlər iştirak edəcək?
M.Camalzadənin sözlərinə görə, bu mərhələyə qatılacaq 20853 namizəd arasında builki müsabiqənin test mərhələsində iştirak edənlərlə yanaşı, 2017-2018-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsi ilə 10 ildən az olmayaraq müddətsiz müqavilə ilə fasiləsiz olaraq işləmiş, 3 ildən çox olmayaraq işdən azad olunmuş şəxslər isə diaqnostik qiymətləndirmə imtahanlarındakı nəticəsi ilə müsabiqəyə qatıla biləcəklər.
M.Camalzadə müsahibəsində bildirib ki, Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsi üzrə imtahanlarda namizədlərin nəticələri nisbətən zəifdir.
Vakansiya mərhələsinin iştirakçılarına tələblər
Vakansiya seçimi mərhələsində iştirak edəcək namizədlərdən bəzi tələblər də var. Belə ki, onlar elektron ərizələrinə orta ixtisas və ali təhsil müəssisələrinin diplomlarını və əlavələrini də yükləməlidirlər. M.Camalzadə bunun səbəbini belə izah edib: “Orta ixtisas və ali təhsil müəssisələrinin diplomlarının və əlavələrinin elektron ərizəyə yüklənməsi barədə tələb namizədlərin ixtisaslarının pedaqoji, həmçinin sənədlərinin dövlət nümunəli olub-olmamasının müəyyənləşdirilməsi məqsədi daşıyır”.
Builki məzunlar isə elektron ərizələrinə müvafiq orta ixtisas və ya ali təhsil müəssisəsini bitirdiklərini təsdiq edən arayış yükləməlidirlər.
M.Camalzadə onu da qeyd edib ki, namizədlər vakansiya mərhələsində diqqətli olmalı, səmərəli seçim etməlidirlər.
Tədris ili ərzində yeni vakansiyaların yaranma ehtimalını da nəzərə alsaq, vakansiyalara müddətli müqavilə ilə müəllimlərin işə götürülməsi prosesi davamlı olacaq. Bu səbəbdən müvafiq keçid balı toplayan, lakın vakant yerə yerləşdirilməyən namizədlər narahat olmamalıdırlar.
Müsabiqənin sonuncu - müsahibə mərhələsinin 13-18 avqust tarixlərində keçirilməsi planlaşdırılır. Həmin mərhələdə təqdim olunacaq mövzular miq.edu.az saytı və İnsan Resursları Mərkəzinin facebook hesabı vasitəsilə elan ediləcək.
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş, hazırda işləyib-işləməməyindən, stajından asılı olmayaraq, bütün namizədlər müsahibə mərhələsində iştirak etməlidir.
Onu da qeyd edək ki, müsabiqə iştirakçılarına avqustun 28-dək İnsan Resursları Mərkəzinə şəxsən yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə yerləşdiyi vakant yerdən imtina etmək imkanı verilir.
Avqust ayının 28-dək yerləşdirildiyi vakant yerdən imtina etməyən namizədlər müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra ilk dəfə olaraq İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla müddətli müqavilə ilə müəllimlərin işə götürülməsi prosesinə başlanılacaq.
Ruhiyyə DAŞSALAHLI
|
|
03.08.2018 | 10:15 | |
|
|
|