Yeni dərs vəsaitinin təqdimatı olub

Mingəçevir Dövlət Universitetində (MDU) təhsil fakültəsinin təşkilatçılığı ilə “Pedaqogika” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində fakültənin akademik və inzibati heyət üzvləri iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov təqdim edilən kitabın ərsəyə gəlməsində universitetin üç akademik heyət üzvünün iştirak etməsindən məmnunluğunu bildirib və onların pedaqoji təhsilin inkişafına xidmət edən birgə yaradıcı fəaliyyətlərini təqdirəlayiq hal kimi dəyərləndirib.

 

MDU-da pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərdən bəhs edən rektor yeni dərsliyin universitetin akademik heyət üzvləri və tələbələri, eləcə də digər təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olan müəllimlər üçün faydalı olacağına inandığını söyləyib.

 

Sonra Pedaqogika və psixologiya kafedrasının əməkdaşlarından Sahib Məmmədov, Aygün İsmayılova, Nərgiz Niftəliyeva və Səbinə Quliyeva çıxış ediblər.

 

Məlumat verilib ki, sözügedən dərslik “Pedaqogika” kursu proqramlarına əsasən və Dövlət Təhsil Standartlarına müvafiq olaraq hazırlanıb. Diqqətə çatdırılıb ki, dərslikdən “Pedaqogika” kursu üzrə mühazirə və məşğələ aparan pedaqoqlar, ümumtəhsil məktəblərində çalışan müəllimlər, pedaqoji istiqamətdə təhsil alan tələbələr, təhsil işçiləri, pedaqoji elmlər sahəsində məşğul olan tədqiqatçılar, magistrlər, doktorantlar, habelə təlim, tərbiyə və təhsil işləri ilə maraqlananlar faydalana bilərlər.

 



17.03.2022 | 09:33