AzTU-da “Novruz-elin əziz bayramı” adlı tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Novruz bayramına həsr olunan “Novruz-elin əziz bayramı” adlı tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, universitetin prorektorları, müəllim və tələbələri iştirak ediblər.

 

Əvvəlcə universitetin foyesində fakültələrin və tələbə təşkilatlarının bayram münasibətilə hazırladıqları stendlərə baxış olub.

 

Tədbirdə çıxış edən rektor V.Vəliyev Torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramlardandır. Rektor deyib ki, bu bayram bizim tarixi keçmişimizə sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Xalqımız bayramın gəlişinə bir ay əvvəldən hazırlaşır:”Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur”.

 

Tədbirdə universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbələr Fəxri fərmanla təltif olunub.

 

“Dədə Qorqud”un xeyir-duası, “Bahar qızı”n bayram təbriki tədbirə xüsusi rəng qatıb.

 

Novruzun personajları Keçəl və Kosanın məzəli əhvalatları da alqışlarla qarşılanıb. Bayram tədbirində Əməkdar artist Ruzə İbişova və VII muğam müsabiqəsinin qalibi Rəvan Qaçayevin ifasında bəstəkar və xalq mahnıları səsləndirilib.

 

Universitetin tələbələrindən ibarət rəqs qrupunun təqdim etdiyi rəqslər də xoş ovqat yaradıb.

 

Bayram tədbiri AzTU və Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xalq çalğı alətləri ansamblının ifaları ilə davam edib. 

 

 



16.03.2022 | 15:25