“Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb | |
Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Türkiyə səfiri Cahit Bağçı, Latviya səfiri Dainis Darançs, Belarus konsulu Arxipov Aleksandr İvanoviç, Çin səfirliyinin müşavir-elçisi Din Tao və attaşesi Yan Şisyue, Qətər səfirliyinin III katibi Hamad Al-Hamaidi, Misir səfirliyinin müvəqqəti işlər vəkili Doaa Şehata, Təhsil Nazirliyinin əməkdaşı Qeyrət Şirəliyev, mədəniyyət və incəsənət nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdən əvvəl qonaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar üçün yaradılan şəraitlə tanış olub, Mərkəzin fəaliyyəti ilə bağlı onlara ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Lalə Qəti qonaqları salamlayaraq müsabiqə haqqında ətraflı məlumat verib.
Daha sonra çıxış edən digər qonaqlar müsabiqənin əhəmiyyətini vurğulayıb, ölkələr arasında həmrəylik, əməkdaşlıq, dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadığını qeyd ediblər.
Sonda gənc rəssamlar diplom və medallarla təltif edilib, müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi təşkil olunub. Tədbirin bədii hissəsində Mərkəzin bədii kollektivləri rəqs nömrələri ilə çıxış edib.
Qeyd edək ki, “İdman – sağlamlıq, dostluq, birlik” mövzusuna həsr olunan müsabiqəyə 18 ölkənin 133 məktəbi, müəssisə və təşkilatlardan 1500-dən artıq uşaq qatılıb, ümumilikdə 1585 rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 37 iş I, 29 iş II, 28 iş III və 11 iş həvəsləndirici yerlərə layiq görülüb.
|
|
15.03.2022 | 15:31 | |
|
|
|