Təhsilin təşəbbüskar simaları

Məlumdur ki, hər bir təhsil sisteminin göstəriciləri məktəbin, müəllim və şagirdlərin nailiyyətləri ilə ölçülür. Təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan uğurlar pedaqoji kollektivlərin, təhsilverənlərin öz vəzifələrinə daha məsuliyyətlə yanaşması və bir-birindən maraqlı innovativ təşəbbüslərlə çıxış etməsini stimullaşdırır. Bu baxımdan, ölkəmizdə ənənəvi olaraq hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri də xüsusi aktuallığı ilə seçilir. Ötən təqvim ilindən icrasına başlanılmış Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalib layihələri də bir-birindən maraqlı və innovativ olmaları ilə diqqətçəkicidir.   

 

“STEAM möcüzəsi - Dördüncü sənaye inqilabına doğru”

 

V Qrant müsabiqəsinin  ümumtəhsil kateqoriyası üzrə qaliblərindən biri Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü liseyin direktoru  Zəhra Zeynalovanın rəhbəri olduğu  “STEAM  möcüzəsi - Dördüncü sənaye inqilabına doğru”  layihəsidir. Layihənin təlimçiləri liseyin STEAM müəllimləri Ləman Novruzova və Günel Qurbanovadır. Liseyin direktoru  Z.Zeynalova layihə barədə fikirlərini bölüşüb: 

 

-  Dünyada geniş yayılmış müasir təlim metodlarından biri də STEAM-dır. Qısa zamanda aktuallıq qazanan bu  metod mütəxəssis hazırlığında mühüm əhəmiyyət  kəsb edir. STEAM ənənəvi metodlardan fərqli olaraq elmi, texniki biliklərin  tətbiqini özündə cəmləşdirir. Bu yanaşma şagirdlərin yaradıcı, məntiqi təfəkkürünü  inkişaf etdirməklə gələcəyə, XXI əsr üçün lazım olan kadrı hazırlayır. Şagirdlərimiz  bu metodla xəyali güclərini, yaradıcı ideyalarını birləşdirir, elmi biliklərini əlaqələndirir və texnoloji məhsul ortaya çıxarırlar. Bir sözlə, STEAM metodunun məqsədi biliklərini ortaq istiqamətə yönəldən, təfəkkürü inkişaf etdirən, tətbiqi bacarıqlarını ortaya qoyan, cəmiyyətə öz işləri ilə xeyir verməyi bacaran faydalı şəxsiyyətlər yetişdirməkdir.
  

Qürurverici haldır ki, Göygöl rayon təhsili də bu təlim metodundan yararlanmaqdadır. Elə təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinə layihə təqdim edəndə də ən başlıca hədəfim rayonumuzun müəllim və şagirdlərinə bu yeni təlim metodunu aşılamaq idi. 3 ay davam edən “STEAM möcüzəsi - Dördüncü sənaye inqilabına doğru” layihəsi rayonumuzun  10 ümumtəhsil məktəbindən seçilən texniki və təbiət fənn ixtisaslı 20 müəllim, 40 şagirdlə öz missiyasının əsas hissəsini uğurla yekunlaşdırdı. Fəaliyyət planına uyğun olaraq layihənin sonunda  Göygöl rayon Gənclər Evində təlimlər zamanı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edildi.
 

Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığını, ilk növbədə layihədə iştirak edən müəllimlər təmin edirlər və fəaliyyətin nəticəsi olaraq STEAM şagirdlərinin sayı sürətlə artır. Bundan əlavə, Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü liseydə yerləşən STEAM kabinetində yaradıcı və istedadlı şagirdlərin kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılmasını təmin etmək, xüsusi qabiliyyətlərini inkişaf etdirmək və davamlılığı təmin etmək məqsədilə hər ay müəllim və şagirdlərlə davamlı inkişaf və əməkdaşlıq, bilik, bacarıq, səriştə və vərdişlərin aşılanması üçün praktiki görüşlər keçirilir. Görüşlərdə fikir mübadiləsi aparılır, təcrübələr paylaşılır, təlimçilər tərəfindən tövsiyələr verilir, yeniliklər müzakirə olunur.

 

İnanıram ki, layihənin gözlənilən nəticələrinə uyğun olaraq, təlimi uğurla başa vurmuş müəllimlərimiz öz dərslərində hər zaman STEAM ilə inteqrasiya şəklində, oyun və layihə əsaslı öyrətmədən istifadə edəcəklər. STEAM metodologiyaları vasitəsi ilə istənilən sinifdə mövzu nə olursa- olsun, maraqlı öyrənməni reallaşdıra biləcəklər. İdeya, məlumatın araşdırılması, həll yolunun seçilməsi, planlaşdırma, təqdimat və qiymətləndirmə mərhələlərini asanlıqla tətbiq edəcəklər. 

 

Təlimlərimiz şagirdlərimizdə məktəb dövründə tənqidi və yaradıcı təfəkkür, komanda işi, texnoloji savadlılıq, əməkdaşlıq və informasiya araşdırma bacarığı formalaşdırdı. STEAM bacarıqları sayəsində şagirdlər biliklərini bacarığa çevirə bildi, onlarda mühəndislik, incəsənət, memarlıq, tibb və texnologiya kimi həyati sahələrə maraq yarandı. STEAM təhsili sayəsində istedadlı şagirdlər uğurlu bir gələcəyə addım ataraq innovasiya, süni intellekt və robotlar dövrünə uyğun intellektual bacarıqlara yiyələndilər.
 

İnanırıq ki, bugünkü STEAM bilikli şagirdlərimiz gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yeni texnologiyalarla ayaqlaşmağı bacaran, psixoloji və mənəvi bütövlüyə sahib, yenilikçi və təşəbbüskar şəxsiyyətləri kimi formalaşmaqla ölkəmizin inkişafına yeni-yeni  töhfələr verəcəklər.

 

“Şəhid və qazilərimizin tanıdılması məqsədilə vikipediya klubunun yaradılması” 

 

 

Sabirabad rayonu Balvar kənd Cəlil Fərzəliyev adına tam orta məktəbin tarix müəllimi Nurlana Xəlilova “Şəhid və qazilərimizin tanıdılması məqsədilə vikipediya klubunun yaradılması”  layihəsi ilə  V Qrant müsabiqəsində qalib gəlib. Layihənin məqsəd və vəzifələri barədə müəllif özü məlumat verir:

 

- Layihənin əsas məqsədi vətənpərvərlik sahəsində şəhid və qazilərimizin tanıdılması istiqamətində virtual informasiyanı gücləndirməklə vikipediya ensiklopediyası mövzusunda şagirdləri maarifləndirmək və vikipediya klubunun təşkilindən ibarətdir. Layihənin vəzifələrinə - 1.“Vikipediya ensiklopediyasının təhsildə rolu” mövzusunda məlumatlılıq səviyyəsini artırmaq üçün vəsaitlərin, bukletlərin, flayerlərin və bannerin çap olunması, 2. Şagirdlərdən ibarət 10 nəfərlik bir qrup üçün 5 günlük vikipediya sahəsində maarifləndirici seminarların təşkili, 3. Şagirdlərlə birlikdə rayonumuzun II Qarabağ müharibəsi şəhidlərinin döyüş yolu haqqında məlumatların toplanması və vikipediyada yerləşdirilməsi, 4. Vikipediya klubunun yaradılması daxildir.

 

Layihə üzrə təlimlər Sabirabad rayonunun Balvar kəndində təşkil olunub. 3 ay icra müddəti olan layihədə ümumilikdə 5 təlim keçirilib ki, onlardan 3-ü əyani, 2-si  isə onlayn tədris olunub.

 

Qeyd etmək istəyirəm ki, şagirdlərlə birlikdə Sabirabad rayonu üzrə vikipediyada məlumatları yerləşdirilməyən İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını tərtib etdik. Araşdırma nəticəsində 18 nəfər İkinci Qarabağ müharibəsi şəhidi haqqında vikipediyada məlumatın olmadığı müəyyənləşdirildi. Təlim planına uyğun olaraq  10 şagirdin hər birinə gmail hesabı açıldı, təlimçinin nəzarəti ilə şagirdlərin vikipediya hesabları yaradıldı. Vikipediyada şəkil yerləşdirilmə detalları, məlumatların redaktə edilməsi, yaradılmış mətnlərə başlıqlar verilməsi, kateqoriyaya bölünməsi funksiyaları şagirdlərə izah edildi. Layihə üzrə təlimlər  Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzinin peşəkar təlimçisi Rauf Əsədov tərəfindən tədris olunub. Layihənin yekun tədbirində məktəb direktoru, layihə rəhbəri və şagirdlər iştirak edib.  
   

Layihə rəhbəri Nurlana Xəlilova bildirir ki, layihənin əsas hədəfi Sabirabad rayonundan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın tanıdılması, onlar haqqında ətraflı məlumatların paylanılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsidir.

 

"Məktəbli qızların əl işləri sərgisi"

 

 

Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalib layihələrindən biri "Məktəbli qızların əl işləri sərgisi"dir. Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin informatika müəllimi Yeganə Abiyeva müəllifi olduğu  layihənin  mahiyyəti və icrası barədə danışır:

 

- Layihəmizin əsas məqsədi ümumtəhsil müəssisələrində məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir. Layihənin icrasına məktəbin müəllimləri arasından könüllü qrupun formalaşdırılması ilə start verdik, onlar təbliğat işlərində mənə yardımçı oldular. Təbliğat Ağcabədi rayon məktəblərində təşkil edildi. 
 

Müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən qızların əl işlərinin qəbulu aparıldı.  Əl işlərinin qəbulu  ekspert və bu sahədə peşəkarların iştirakı ilə həyata keçirildi. Eyni zamanda qəbul zamanı müsabiqəyə dəvət olunan ekspertlər və xüsusi qonaqlar müsabiqəyə qatılan məktəblilərlə söhbət aparıb, onlara öz tövsiyələrini veriblər. Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərsləri də təşkil olunub,  bu təlimlərdə 40 məktəbli qız iştirak edib. Təlimlər -  rəng çalarları;  naxışların növləri və işləmə qaydası; biserlərlə toxuma - ilmənin sirləri; oriqami kimi mövzuları əhatə edib.
  

Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış münsiflərin  köməyi ilə ən maraqlı işlər mükafatlandırılıb. Ümumilikdə,  müsabiqəyə qatılmış bütün əl işləri Ağcabədi Gənclər Evində təşkil olunmuş sərgidə rayon ictimaiyyətinə təqdim olunub. Həmçinin müsabiqə qalibləri  ilə yanaşı, layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə də  bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar verilib. Sonda layihənin bütün hissələrini özündə əks etdirən və uşaqların əl işlərinə dair jurnalın çapı təşkil olunub.

                                           

          

“aSc Time Tables- Elektron dərs cədvəli”

 

Astara rayonu Təngərüd kənd Səməd Vurğun adına tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, biologiya müəllimi  Ülfət İsfəndiyarov V Qrant müsabiqəsində “ aSc Time Tables- Elektron dərs cədvəli” layihəsi ilə iştirak edib və qalib gəlib. Ülfət İsfəndiyarov layihəsinin  əhəmiyyəti və mahiyyəti barədə danışır:

 

- Müəllifi olduğum   “aSc Time Tables- Elektron dərs cədvəli”  mükəmməl bir proqramdır. Bu proqram hər bir məktəbdə dərslərin, siniflərin və müəllimlərin idarə edilməsini asanlaşdırır. Cədvəl kompüter vasitəsilə 5.000.000-dən çox imkanın qiymətləndirilməsinə şərait yaradır. Bu cədvəli tətbiq etməklə gözəl tənzimlənmiş bir dərs cədvəlinə nail olmaq mümkündür.  Proqramın  məktəblərimizdə tətbiqi  təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin işlərini asanlaşdırır və daha mükəmməl edir. Bu, xüsusilə pandemiya dövründə dərs cədvəllərinin tez-tez dəyişdirilməsi, əyani dərslərdən distant dərslərə keçilməsi zamanı işin asanlaşmasına gətirib çıxaran mükəmməl bir cədvəldir.
 

Layihənin icra müddəti 3 ay davam etdi və yüksək səviyyədə layihəyə cəlb olunmuş direktor müavinləri proqramı mənimsəyə bildilər. Layihə çərçivəsində ümumilikdə 28 nəfər müəllimin iştirakı ilə Astara rayonunun Təngərüd kənd S. Vurğun adına tam orta məktəbində və Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə təlimlər keçirildi. Fəaliyyət planında göstərildiyi kimi, öncə müvafiq qurumlarla işlərin aparılması, ekspertlərin cəlb edilməsi, layihə üçün elektron dərs vəsaitlərin hazırlanması, çap işlərinin görülməsi, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təlimlərə cəlb olunması üçün təhsil şöbəsi ilə danışıqların aparılması, proqrama müvafiq məlumat kampaniyasının təşkili və həyata keçirilməsi, layihənin keçiriləcəyi məkanlarla işlərin təşkili qeyd olunan müddət ərzində baş tutdu. Layihənin təlim hissəsinin həyata keçirilməsi 2 həftə ərzində bir neçə qruplarla davamlı şəkildə aparıldı ki, bu, layihənin əsas hissəsi sayıla bilər. Layihənin qəbul olunduğu andan və fəaliyyət planında göstərilən vaxtdan etibarən məktəblərlə əməkdaşlıq quruldu. Astara rayonunu əhatə edən təlimlərə 28 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və bir direktor cəlb olundu.
  

Layihə sonunda əldə etdiyimiz nəticə məktəblərdə qurulacaq işlərin bir hissəsinin asanlaşdırılmasına gətirib çıxaracaq. Gözlədiyimiz nəticəyə çatmaq üçün layihə bitdikdən sonra da müvafiq maarifləndirmə işləri sosial şəbəkə vasitəsi ilə distant şəkildə həyata keçiriləcək. Belə ki, bunun üçün xüsusi internet linklərindən, Microsoft Teams proqramı vasitəsilə və facebook platformasından qruplar təşkil etməklə həyata keçirilməsi nəzərdə tutulub.

 

“E-teacher” - ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması

 

 

V Qrant müsabiqəsinin fərdi kateqoriyada qalib gəlmiş layhələrindən biri də“E-Teachers”layihəsidir. Layihənin müəllifi Biləsuvar rayonu Yuxarı Cürəli Təyyar Əliyev adına kənd tam orta məktəbin ingilis dili müəllimi Azər Əliyevdir. A.Əliyev layihəsi barədə  fikirlərini bölüşür:

 

- Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar və  baş verən yeniliklər elektronlaşan dünyaya inteqrasiya etmək üçün münbit şərait yaradıb. Pandemiya dönəmində online resurslara tələbatın artdığı bir dövrdə Təhsil Nazirliyinin, eləcə də  “British Council”,  “American Council”  kimi  bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi təlimlərdə əldə etdiyim bilikləri və yenilikləri öz həmkarlarımla paylaşmaq istəyirdim.  Bu istək V Qrant müsabiqəsinə müraciət etməyimlə nəticələndi.
 

Layhəmin əsas  məqsədi kənd məktəblərində çalışan ingilis dili müəllimlərinə müxtəlif proqramlardan  (Using technologies for teaching vocabulary, grammar, listening, reading, speaking, writing) şagirdlərin yeni söz, qrammatika, dinləmə, oxu və yazı vərdişlərini inkişaf etdirməkdə, mövzular üzrə  “Quiz” lər hazırlamaq,  dərs planlama (Planning a lesson), slaydlar hazırlama  (Power point and google slides for online and offline classes), müxtəlif  oyunlarla dərsin təşkili, Kahoot,Quizlet, Coursera və digər resurslardan istifadə etmələrinə yardımçı olmaq idi.
 

Layihənin icrası çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Biləsuvar Rayon Təhsil  Şöbəsinin göstərdiyi böyük dəstək, müxtəlif  TV və saytlardakı təqdimatlar nəticəsində əlavə müraciətləri nəzərə alınaraq, 81 müəllimin (30 müəllim nəzərdə tutulsa da) təlimlərdə uğurlu iştirakı təmin  edilib. Online təlimlərimiz hər biri 1 saat 30 dəqiqə olmaqla 12 modulu əhatə edib. Təlimlərimizin təşkilində Bakı Oksford Məktəbinin İngilis Dili Departamenti ilə sıx əməkdaşlıq olunub. Layihənin sonunda əldə etdikləri biliklərdən yararlanaraq dərs hazırlayıb təqdim edən müəllimlərə və fəal iştirakçılara sertifikatlar  göndərilib.

 

Layihə  nəticəsində müəllimlər əldə etdikləri biliklərlə daha çox şagirdin ingilis dilini mənimsəməsinə şərait yaradacaq, onların qiymətləndirilməsində, elektronlaşmasında və nəticələrinin daha aydın izlənməsində böyük rol oynayacaqlar.

 

Oruc MUSTAFAYEV



15.03.2022 | 15:02