“Texnoloji inkişaf iqtisadi inkişafın əsasıdır” adlı elmi konfrans

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Texnoloji inkişaf iqtisadi inkişafın əsasıdır” adlı müəllim və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.


Universitetin rektoru, professor Akif Süleymanov bildirib ki, müasir iqtisadiyyat texnologiyanın inkişafından asılıdır:”Texnologiyanın inkişafı, texnoloji ideyalar yenilikləri sevir və bu istiqamətdə Azərbaycan Texnologiya Universiteti də yüksək ixtisaslı kadrların yetişdirilməsində və tələbələrin tədqiqata cəlb edilməsində mühüm addımlar atmaqdadır”.  Rektor  UTECA-nın TEKNOFEST Azərbaycan festivalına hazırlığı barədə məlumat verib, beş UTECA komandasının dörd müsabiqə üzrə qeydiyyatdan keçdiyini və komandaların layihələr üzərində ciddi işlədiklərini açıqlayıb.


Daha sonra Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyn Böyükfırat, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin mütəxəssisi Aygün Əhmədova, KOBİA katibliyinin rəhbəri Elmar İsayev, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Fuad Qənbərov, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Mİngəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Eyyubov və digər elm adamları çıxış ediblər. Çıxışlarda konfransın mövzusunun müasir tələblərlə uzlaşdığı xüsusilə vurğulanaraq, tədbirin məhsuldar olacağına əminlik ifadə edilib.
 

Konfransın plenar iclasında UTECA-nın Marketinq kafedrasının baş müəllimi Sevinc Babakişiyeva “Müasir texnologiyaların müasir iqtisadiyyatda rolu”, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədli “Startapların yaradılmasında universitetlərin rolu”, yüngül sənaye mühədisliyi və logistika fakültəsinin I kurs tələbəsi Elmir Mollayev isə “PUA-ların həndəsi parametrlərini dəyişməklə aerodinamik keyfiyyətinin yaxşılaşdırılması” adlı məruzələrlə çıxış ediblər.
 

Plenar iclasın yekunundan sonra respublika konfransı panellərdə davam edib. Qida mühəndisliyi, Logistika mühəndisliyi, Yüngül sənaye mühəndisliyi, Metal və materiallar mühəndisliyi, İnformasiya texnologiyaları və kompüter mühəndisliyi, İqtisadiyyat və menecment, Davamlı inkişaf və təhsil texnologiyaları istiqamətləri üzrə həyata keçirilən panel iclaslarında müəllim və gənc tədqiqatçıların aktual məruzələri dinlənilib.
 

Konfransın məcmuələr toplusuna 200-dən çox tezis daxil edilib.

 



14.03.2022 | 16:00