Uşaqlara sevgi ilə

Bu yaxınlarda K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu  Uşaq Bərpa Mərkəzinə nəvəmin səhhəti ilə əlaqədar  müraciət etməli oldum. Haqqında eşitdiyim mərkəzi bir daha   gözlərimlə gördükdən sonra   qərara  gəldim ki, bu  səhiyyə ocağının xoşməramlı fəaliyyətinə bir jurnalist kimi işıq tutum.

 

Uşaq Bərpa Mərkəzi 1988-ci ildən fəaliyyət göstərir. Mərkəz uşaqların tam və ətraflı müayinəsini, yüksək dərəcəli ixtisaslaşdırılmış çoxprofilli bərpa müalicəsini həyata keçirir. 35 illik reabilitasiya təcrübəsinə malik olan mərkəz xəstə uşaqların fiziki və psixoloji reabilitasiyanı təşkil edir, dispanser müşahidə üsulunun həcmini genişləndirir və təkmilləşdirir, erkən uşaqlıq dövrünə xas olan əlilliyin zamanında profilaktikası və müdaxiləsini təşkil edir, bununla da əlilliyin qarşısının erkən alınması üçün tədbirlər görülür.

 

Artıq Uşaq Bərpa Mərkəzi öz inkişafının yeni mərhələsinə keçib. 2021-ci ilin aprel ayından İcbari Tibbi Sığortaya keçəndən  mərkəzdə xəstə sayının artması və valideynlərin razılığı  Azərbaycanda bu növ sığortanın vacibliyini bir daha təsdiq edir. Mərkəz Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin qərarı ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Publik Hüquqi Şəxsin strukturuna daxil edilib. Bu, mərkəzin daha da inkşafına kömək edir.  Mərkəzin mütəxəssisləri ETPİ-nin təşkil etdiyi elmi konfranslarda, təlim və vebinarlarda aktiv iştrak edir, müasir müalicə metodlarını öyrənir və öz praktik işlərində tətbiqinə çalışırlar.

 

Qeyd etməliyik ki, Uşaq Bərpa Mərkəzi heç də standart müalicə mərkəzlərinə bənzəmir. Belə ki, dəhlizlərdə, otaqlarda müxtəlif növ təbii çiçəklər, güllər insanın gözünü oxşayır. Maraqlı, inkişafetdirici oyuncaqlar təlim və məşğələlər zamanı uşaqların ixtiyarına verilir.  Eyni zamanda otaqlarda uşaqların çəkdikləri rəsmlər marağa səbəb olur.

 

Mərkəzin rəhbəri Cəmilə Talıbova müalicə ocağı haqqında məlumat verərək dedi: “Xüsusi qayğıya ehtiyacı olan uşaq mərkəzimizə gəlməzdən əvvəl  poliklinikada, xəstəxanada tibbi xidmət alır. Mərkəzə gəldikdə isə onlar burada ev, bağça şəraitinə bənzər mühitlə qarşılaşırlar. Artıq o, reabilitasiya mərkəzinə tibb müəssisəsi kimi yanaşmır. Bu da uşağın psixi və fiziki inkişafına müsbət təsir edir, reabilitasiyanın uğurla keçməsinə səbəb olur.  Həm uşaqlara, həm də onların valideynlərinə mehribanlıq və qayğıkeşlik göstərərək öz insani və həkimlik borcumuzu yerinə yetiririk”.

 

Mərkəzdə bərpa müalicəsi, fizioterapiya, klinik laboratoriya şöbələri, idman zalları, masaj otaqları, aktiv terapiya, loqoped və psixoloq kabinetləri fəaliyyət göstərir. Bərpa müalicə şöbəsinin müdiri Lalə xanımın qəbul zamanı uşaqlara göstərdiyi qayğı, onları diqqətlə müayinə etməsi, onun tək həkim kimi deyil, bir ana kimi yanaşması diqqətimdən yayınmadı.

 

Loqoped otağında aparılan məşğələ də marağımı çəkdi. Loqoped Sevinc xanımın uşağı müayinə etməsi çox fərqli idi. O, nitqdə olan qüsuru yaradan səbəbləri də aşkar etməyə çalışırdı. Uşağın eşitməsini, diqqətini, qavramasını, səslərin tələffüzü zamanı yaranan maneələri  diqqətlə  yoxlayır və qüsurları vaxtında aradan qaldırmaq üçün onu aidiyyəti üzrə mütəxəssislərə yönəldirdi. Mərkəzin həkim-fizioterapevti E.Ələsgərova, MBT həkimi T.Hüseynova, həkim-kardioloq L.Şükürova  da uşaqları ətraflı müayinə və düzgün diaqnoz təyin edirdilər. Nəvəmi masaj edən S.Məmmədova və başqaları çox mehriban və öz işlərində peşəkardırlar.  Müalicəvi bədən tərbiyəsi üzrə təcrübəli mütəxəssislər hər bir uşağa fərdi yanaşırdılar.

 

Bəli, mərkəzdən ayrılanda belə bir qənaətə gəldim ki, doğrudan da uşaqlarımızın sağlamlığı savadlı və peşəkar həkimlərin əllərindədir.  

 

Şakir CƏFƏROV,

filologiya üzrə fəlsəfə doktoru



11.03.2022 | 13:33