Təhsil torpaqdan başlayır

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış yazıçı, psixoloq, Türkiyə və İtaliyada bestseller müəllifi Azra Kohen bir sıra çağırışlar səsləndirib. Belə ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən   “Yeni çağırışlar” proqramının 8 mart 2022-ci il tarixində yayımlanan bölümündə Azra Kohen ilə davamlı inkişaf, özünükəşf, həyat keyfiyyəti barədə danışılıb. “T-Network”un koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.

 

Çətinliklər hədiyyədir

 

Proqramın 8 mart Beynəlxalq Qadınlar Gününə təsadüf etdiyi üçün girişdə Şövkət Ələkbərovanın ifasında sözləri Nəbi Xəzriyə, musiqisi isə Emin Sabitoğluna aid olan “Ağ çiçəyim” mahnısı səsləndirilib. Azra Kohenin “Təhsil torpaqdan başlar” düşüncəsindən ilhamlanaraq davamlı öyrənməyə işarə edən çiçəklərdən ibarət sonsuzluq işarəsi fonunda qonağı salamlayan Cəfər Mənsimi türkiyəli həmsöhbətini, eləcə də bütün qadınları bayram münasibətilə təbrik edib. Görüşün aparıcısı qonağı izləyicilərə yaxından təqdim edərək bildirib ki, psixoloq, bestseller müəllifi Azra Kohenin müəllifi olduğu “Fi”, “Çi”, “Pi”, “Məni gör”, “Aiden” kitabları Türkiyə və İtaliyada satış rekordları qırıb. Azra Kohenin “Fi” kitabına film də çəkilib.

 

Aparıcının “İlk “Fi” kitabınızı şəxsi potensialını kəşfetmə cəsarəti göstərən insanlara, çatlama cəsarəti göstərmiş toxumlara həsr etmisiniz. Bəs siz nə zaman və necə özünüzü kəşfetmə cəsarəti göstərdiniz” ilk sualına cavab verən qonaq hələ potensialını kəşf etdiyini və həyata keçirdiyini düşünmədiyini,  bu məqamın davamlı proses olduğunu söyləyib. O, həyatda insanın qarşılaşdığı çətinliklərin hədiyyə olduğunu vurğulayaraq bildirib ki, bu zaman potensialın gerçəkləşdirilməsi, zənginləşdirilməsi üçün fürsət yaranır və insanlar bundan yararlanmalı, yeni bilgi toplamalıdırlar: “Təkcə yaşadıqlarınızı fərq etmək deyil, strategiya işlədib şəxsi həyatınızı nəzarət altına almağınız, qərar verməyiniz lazımdır. Qərar vermə ən çətin mərhələdir. Yola çıxma mərhələsi qərar vermədən daha asandır, çünki qərar verilmiş bir yol daha axıcı şəkildə irəliləyir. Lakin siz ətrafınızda mövcud olan hər şeyin sizə nə isə öyrətmək  üçün var olduğunu dərk etmədən yola çıxa bilməzsiniz. Çünki belə olan halda ətrafınızda baş verən böhranları ciddiyə almayacaqsınız. Nələr yaşasanız da bilməlisiniz ki, həyat sizi sevir və sizə bir şey öyrətmək üçün bunları yaşadır”. Azra Kohen həyatında hər şeyi və hər kəsi ciddiyə aldığını, onu incitmək istəyən insanlardan belə nə isə öyrəndiyini, ətrafındakıları düşmən deyil, bilgi daşıyıcıları olaraq gördüyünü qeyd edib.

 

Zehin zənginliyini hədəfləyin

 

İnsanın maraq hissini kiçik bilgilərdən ibarət orduya bənzədən qonaq orduda olduğu kimi, maraq hissinin də nizam-intizamlı olmasının vacibliyindən danışıb. Azra xanım bildirib ki, maraq insanı özünü gerçəkləşdirəcəyi, ən başda kəşf etdiyi bir səyahətə çıxardır. Buna görə də insan özünün gerçəkləşdirilməsi üçün marağını “əhliləşdirməli”, ona aid olmayan faydasız mövzulardan uzaq tutmalı, onsuz da qısa olan zamanını ancaq faydalı olan bilgiləri öyrənməyə xərcləməlidir. “Özünə qarşı dürüst olmayan insan ətrafındakılara da dürüst ola bilməz” - psixoloq söyləyib.

 

Azra Kohenin fikrincə, hər kəs şəxsi yol xəritəsini inkişaf etdirməlidir. “Fi”, “Çi”, “Pi” kitablarında yer alan “Tibet hekayələrində” şəxsi yol xəritəsini düzgün dizayn etməklə bağlı ip ucları verdiyini deyən yazıçı insanlara həyatlarındakı, ətraflarındakı şəxsləri, doğru bilgilər əldə edə biləcəkləri adresləri düzgün seçməyi tövsiyə edib: “Zehin zənginliyi maddi zənginliyə də gətirir. Öncə zehin zənginliyini hədəfləyin”.

 

Torpağı öyrən

 

C.Mənsiminin “Təhsilin torpaqdan başladığını vurğulayırsınız. Nə üçün təhsil torpaqdan başlayır? Torpaqla əlaqə qurmaq nədən bu qədər önəmlidir?” sualına cavabında Azra Kohen qeyd edib ki, insan nə isə yetişdirməyə hazırlaşdıqda torpaq haqqında bilgilər toplamağa başlayır. Bitkinin nə olduğunu anladıqda torpaq haqqında da məlumat əldə etmiş oluruq. Bitkilərin fotosintez prosesi həyata keçirərək ən inkişaf etmiş orqanizm olduğunu söyləyən psixoloq bu zaman onların heç bir canlının enerjisini almadığını, əksinə, havadakı qazları toplayıb oksigenə çevirməsinə, digər canlılara həyat verməsinə diqqət çəkib. Eyni zamanda digər canlıların isə həyatda qalmaq üçün bitkilərlə, digər canlılarla qidalanmasını misal göstərərək bu baxımdan torpaq haqqında bilginin çox zəngin olduğunu söyləyib. Azra xanım gerçək həyatla tanış olmaq istəyənləri torpağı öyrənməyə çağırıb.

 

Uşaqlara nə öyrətməliyik?

 

Sənaye inqilabına görə formalaşdırılan təhsil sistemi bu gün müasir çağırışlara uyğun özünü yeniləməli, dizayn etməlidir. Finlandiya təhsilinin yüksək olduğunu vurğulayan qonaq dəfələrlə həmin ölkənin məktəblərini gəzdiyini, təhsil sistemini yaxından öyrəndikdən sonra bu qənaətə gəldiyini bildirib. Yeni, siyasətdən uzaq, ödənişsiz məktəb qurmağı planlaşdırdığını diqqətə çatdıran Azra Kohen kurikulumun təhsil işçiləri deyil, bacarığı ilə dünyanı dəyişdirə bilmiş şəxslər tərəfindən hazırlanması arzusunda olduğunu deyib: “Burada həyatla praktik əlaqəsi olan şəxslər yer almalıdırlar. Məsələn, fermer, həkim, elm adamı”.

 

Yazıçının fikrincə, ibtidai təhsil Nyutonun nəzəriyyəsindən Kvantın vahid baxışına uyğunlaşdırılaraq yenidən dizayn edilməlidir. Psixoloq düşünür ki, ibtidai sinifin birinci sinfində “Qidalanma nədir, nə işə yarayır? Torpaq nədir? Bədən və beyin necə işləyir?” suallarına cavab tapılmalı, elmin tarixi, musiqinin riyaziyyatı və şahmat öyrədilməlidir. İkinci sinifdə isə regenerativ kənd təsərrüfatı, avtotrofiya və heterotrofiya, mikrobiota və biomüxtəliflik, ağılın nə olduğu, insanlığın vahid tarixi, səs və seçilmiş musiqi aləti, üçüncü sinifdə bitkilər və heyvanlar, biologiya, psixologiya, vahid din, sıfır və riyaziyyat, dərin oxu tədris edilməlidir. Həmçinin Azra Kohen hesab edir ki, uşaq sağlam bəslənməli, sevilməli, özünü yaxşı hiss etməlidir ki, onlarda oksitosin hormonu dövrəyə girsin və beyinləri inkişaf etsin: “Bizim əsas vəzifəmiz insan yetişdirməkdir. İnsanın digər canlılardan fərqi zəkasının olmasıdır. Bunun üçün zəkası zəngin varlıq yetişdirmək lazımdır. Təhsilin ilk 3 ilində uşağı sevərək, motivə edərək, maraqlarını oyadacaq dərslər verərək onları çalışqanlığa öyrətməliyik”.

 

Əsl dəyərli olan nədir?

 

Sağlam qidalanma vərdişi məsələsinə xüsusi toxunan psixoloq insan vücudunun ən çox enerji xərclədiyi orqanın beyin olduğuna diqqət çəkib. Azra Kohen bu mövzuda izləyicilərə “Mikrobiota”, “Ölmək və ya ölməmək” kitablarını oxumağı tövsiyə edib, yalnız təbii yolla yetişdirilmiş, orqanik, geni dəyişdirilməmiş meyvə-tərəvəzlər istifadə, antibiotiklərlə bəslənmiş toyuqlardan, ət məhsullarından imtina etməyə çağırıb.

 

Bu baxımdan, Azra Kohen həyatda əsl dəyərli olan insanlar arasında əkinçilərin, kənd təsərrüfatı ilə məşğul olan şəxslərin, fermerlərin olduğunu diqqətə çəkib. “Fermerlər cəmiyyəti sağlam qida ilə təmin edir, bolluq, bərəkət verirlər. Bir toplumda ən dəyərli olanlar müəllimlər, qadınlar və kənd təsərrüfatı ilə məşğul olanlardır. Dünyada ən yaxşı müəllim yetişdirən ölkələr həm də ən inkişaf etmiş dövlətlərdir”, - xanım qonaq bildirib.

 

Azra Kohen anaların təhsilli olmasının vacibliyinə də toxunub: “Bir ölkəni yox etmək istəyirsinizsə orada qadın, ana sözlərinin əhəmiyyətini düşürün, qadına ana olduğunu unutdurun. Həmin ölkə təxminən 70 ilə məhv olar. Kişi evin dirəyidir deyilir. Qadın isə evin damıdır, damsız ev olmaz. Bir yuvanın qurulması üçün onun həm dirəyi, həm damının olması gərəkdir”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar” sualını cavablandıran yazıçı aşağıdakı çağırışları sadalayıb: “1.Dünyada siyasət anlayışı dəyişməlidir, yalnız 15 il müəllimlik edən şəxslər siyasətçi olmalıdırlar; 2.Tədqiqatçı heyət formalaşmalıdır; 3.Uşaqlar üçün maraqlı mövzular dizayn edilməlidir; 4.Anaların təhsilinə diqqət çəkilməlidir; 5.Vahid baxış tənzimlənməlidir; 6.Təmiz enerji mərkəzə gətirilməlidir; 7.Kənd təsərrüfatına diqqət artırılmalı, istehlakçıdan istehsalçıya keçid təmin edilməlidir; 8.Elə bir qanun çıxmalıdır ki, hər kəs ildə bir ağac əksin, şəhərlərin içində qoruqlar yaradılsın”.

 

Cəfər Mənsimi Azra Kohenin qəhrəmanlarınızdan birinin digərinə ünvanladığı “Yaradanla görüşsəniz, o, sizə nə deyərdi?” sualını da qonağa verib. Kohen Yaradanın adından danışmaq istəmədiyini, sadəcə “Afərin sənə! Üzərinə düşən vəzifəni gerçəkləşdirdin!” sözlərini eşitsə özünü  çox xoşbəxt hiss edərdi cavabını verib. Psixoloq hər kəsi vaxtını düzgün planlaşdırmağa, məqsəd qoyub qərar verməyə, özünü inkişaf etdirməkdən vaz keçməməyə, özünü gerçəkləşdirməyə, irəliləməyə davam etməyə çağırıb.

 

Sonda “T-Network”-un koordinatoru Cəfər Mənsimi proqramda iştirakına görə Azra Kohenə dərin minnətdarlığını bildirib. Azra Kohen isə, proqramda iştirakından böyük zövq aldığını qeyd edərək əməyi keçənlərə təşəkkürünü çatdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



11.03.2022 | 11:28